22 İyun 2023 09:50
728
İQTİSADİYYAT
A- A+
Quraqlıq sona çatır?

Quraqlıq sona çatır?

 

Artan yağıntılar su ehtiyatlarımızın çoxalmasına təsir göstərir

 

Son həftələr ölkədə yağıntıların miqdarı artıb. Əvvəllər xüsusən yazın əvvəllərində  artan yağıntılar bu il yaya doğru müşahidə edilməyə başlayıb. 
Nəzərə almaq lazımdır ki, son illər respublika ərazisinə yağıntıların az düşməsi su ehtiyatlarımızın da azalmasına səbəb olub. Belə olan halda, yağıntıların miqdarının artması su ehtiyatlarımızın da çoxalması baxımından faydalıdır.
İyun ayında yağıntıların artması iqlim dəyişmələri ilə əlaqləndirilir. Mütəxəssislərin fikrincə, növbəti aylarda da hava şəraitinin dəyişkən olması istisna edilmir. 

 

İqlim dəyişikliklərinin nəticəsi

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsini icra edən Rafiq Verdiyev bildirib ki, yaz aylarında hava dəyişkənliyinə daha çox rast gəlinir. Həmin aylarda tez-tez yağışlar, hətta qar, dolu hadisələri, intensiv küləklər müşahidə edilir. Bu da ölkə ərazisinə müxtəlif istiqamətlərdən, şimaldan - Avropadan, şərqdən, Xəzər dənizi üzərindən hava kütlələrinin daxil olması və atmosfer proseslərinin daha da mürəkkəbləşməsi nəticəsində baş verir. Nəticədə, ayrı-ayrı günlərdə havanın temperaturu ya kəskin enir, ya da kəskin yüksəlir". 
Onun sözlərinə görə, iqlim dəyişmələrinin təsiri nəticəsində temperaturun artması və yağıntıların azalması son illərdə su ehtiyatlarımızın azalmasına səbəb olub. "Havaların çox quraq keçməsi ilə əlaqədar olaraq su ehtiyatlarımız bəzi çaylarda hətta 30 faiz azalıb. Hazırda quraqlığa meyillilik artıb və quraq illər müşahidə edilir. Bu, həmçinin ölkəyə daxil olan, həmçinin yerli çayların sululuğunun azalmasında özünü büruzə verir", - deyə o bildirib.
Ona görə də son həftələr artan yağıntılar ekologiya üçün xeyirli hesab edilir. R.Verdiyev qeyd edib ki, son həftələrdə tez-tez, sürəti saniyədə 25-30 metrə çatan, hətta ondan çox olan küləklərin əsməsi, dənizdə dalğalanma hadisələrinin başvermə tezliyinin artması, güclü dolu hadisələri, doluların ölçülərinin böyük olması, intensiv yağışlar, çaylarda sel hadisələri mütəmadi qeydə alınır. Hazırda müşahidə olunan hava şəraiti müvafiq ayların dəyişkən xüsusiyyəti ilə əlaqəlidir. Sadəcə olaraq bu proses iqlim dəyişmələri fonunda daha da sürətlənib.

 

Yağıntılar kənd təsərrüfatında məhsuldarlığı da artırır 

 

Ekoloq Cəmşid Bəxtiyar bildirib ki, yağıntılar qrunt sularının, digər su hövzələrinin əsas qidalandırıcısı hesab edilir: "Su ehtiyatlarının zənginləşməsində yağıntıların müstəsna rolu var. Son həftələrdə artan yağışlar su ehtiyatlarımızın çoxalmasına müsbət təsir göstərib. Yağıntıların gah az, gah çox olması isə iqlim dəyişikliyi ilə əlaqəlidir. Yazın əvvəllərində quraqlıq  davam etsə də, yaya doğru yağıntıların çoxalması sevindiricidir. Bu, kənd təsərrüfatının məhsuldarlığı baxımından da müsbət haldır".
Ekoloqun sözlərinə görə, əvvəllər hər mövsümə xas olan xüsusi yağıntı rejimi müşahidə edilirdi: "İndi isə ənənəvi olaraq müşahidə edilən mövsümi yağıntılar sanki yerini dəyişib. Nəticədə, yazda quraqlıq olduğu halda, yay aylarında yağıntıların miqdarı artır. Ölkəmizin coğrafi xüsusiyyətlərinə görə isə yağışlı havalar əsasən yaz və payız aylarına xasdır. Bu il yaya doğru yağıntıların artması iqlim dəyişikliyi ilə əlaqədar olaraq bu ənənənin dəyişdiyini sübut edir".
C.Bəxtiyar bildirib ki, su ehtiyatlarımızın azaldığı bir dönəmdə havanın mütəmadi olaraq yağıntılı olması bizi sevindirir. Bu, quraq ayların mənfi təsirlərini müəyyən qədər azaldır. Növbəti aylarda da yağıntıların miqdarının çox olması su ehtiyatlarımızda xeyli artıma səbəb ola bilər. Bu, həm əkin, həm də içməli suya olan tələbatın ödənilməsinə müsbət təsir göstərər. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!