AQEM-in VII Zirvə Toplantısı Avrasiya məkanında qarşılıqlı etimadı gücləndirir, daha sıx əməkdaşlığa və dayanıqlı inkişafa zəmin yaradır
Azərbaycan daha bir mötəbər tədbirə uğurlu evsahibliyi etdi. Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirildi. Bu sammitin paytaxtımızda keçirilməsi beynəlxalq münasibətlər sisteminin müasir çağırışlarından qaynaqlanır. Belə ki, dünyada siyasi qütbləşmənin dərinləşdiyi, təhlükəsizlik çağırışlarının artdığı həssas bir dönəmdə dövlətlərin regional və qlobal sabitliyin qorunması naminə ortaq platformalarda bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır.
Təcrübə göstərir ki, mürəkkəb problemlərin həlli qarşılıqlı etimada, fərqli mövqelərin uyğunlaşdırılmasına və səmərəli dialoq mexanizmlərinə əsaslanan əməkdaşlıqdan keçir. Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitədə sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayan nüfuzlu siyasi-diplomatik platformalardan biri kimi ön plana çıxır.
1992-ci ildə irəli sürülmüş bu təşəbbüs ötən dövr ərzində böyük inkişaf yolu keçərək Avrasiyanın siyasi və iqtisadi gündəliyini müəyyən edən əsas mexanizmlərdən birinə çevrilib. Hazırda Laosun da qoşulması ilə 29 üzv dövləti özündə birləşdirən və Asiya qitəsinin ərazisinin, eləcə də əhalisinin təxminən 90 faizini əhatə edən AQEM nəhəng coğrafiyanı təmsil edir. Üzv ölkələrin qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 40 faizini formalaşdırması təşkilatın malik olduğu böyük gücü aydın göstərir. Bundan əlavə, təşkilatda ABŞ, Yaponiya və digər aparıcı dövlətlərin, habelə BMT və ATƏT kimi beynəlxalq qurumların müşahidəçi statusunda təmsil olunması platformanın Asiya hüdudlarını aşaraq beynəlxalq miqyasda diqqət mərkəzində olduğunu təsdiqləyir. Təşkilatın təkcə hərbi-siyasi təhlükəsizliklə kifayətlənməyib, iqtisadiyyat, ekologiya, nəqliyyat və humanitar sahələri əhatə etməsi onun çoxtərəfli xarakterini daha da gücləndirir.
Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrlik etməsi ölkəmizin çoxtərəfli diplomatiyada qazandığı zəngin təcrübəsinin və beynəlxalq aləmdəki yüksək nüfuzunun növbəti təzahürüdür. “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı altında həyata keçirilən sədrlik dövründə rəsmi Bakı təşkilatın institutional imkanlarının gücləndirilməsinə, strukturlarının təkmilləşdirilməsinə və praktiki birgə fəaliyyətin genişləndirilməsinə mühüm töhfələr verib. Sammitin açılışında çıxış edən dövlətimizin başçısı bu məqamları xüsusi vurğulamaqla yanaşı, Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılmasına dəstək verdiyinə görə bütün üzv dövlətlərə təşəkkür etdi: “Azərbaycan AQEM-ə 2 il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb, nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənib, öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənib. Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm”.
Görülən işlərin nəticəsi kimi, rəsmi Bakı çoxtərəfli diplomatiya sahəsindəki təcrübəsindən istifadə edərək təşkilat çərçivəsində dövlətlər arasında etimadın möhkəmləndirilməsinə və münaqişələrin qarşısının alınmasında diplomatiyanın rolunun artırılmasına çalışır.
Azərbaycanın təşkilat daxilində üzv dövlətlərlə qurduğu sıx tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli faydalı əlaqələr AQEM-in ümumi fəaliyyət dinamikasına müsbət təsir göstərir. Bakının irəli sürdüyü təşəbbüslər təşkilatın yalnız siyasi deyil, həm də iqtisadi, elmi və humanitar ölçülərini zənginləşdirib. AQEM çərçivəsində Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, Qadınlar Şurasının yaradılması və Maliyyə Sammitinin Nizamnaməsinin təsdiqlənməsi kimi mühüm addımlar atılıb. Eyni zamanda, Bakıda təşkil olunan Biznes Forumu, Beyin Mərkəzləri Forumu, Gənclər Şurasının iclasları və ilk dəfə keçirilən AQEM Media Forumu üzv dövlətlərin ekspert, işgüzar və media dairələri arasında qarşılıqlı etimadın artırılmasına, dialoqun dərinləşməsinə xidmət edib.
Ölkəmizin AQEM daxilindəki fəal mövqeyi, xüsusilə Mərkəzi Asiya dövlətləri və digər regional tərəfdaşlarla sürətlə inkişaf edən strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri ilə uyğunluq təşkil edir. Xəzər dənizi hövzəsini birləşdirici məkan kimi ön plana çıxaran bu yaxınlaşma regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırır. Xüsusilə Mərkəzi Asiya dövlətlərinin başçılarının Məşvərət Görüşlərində AQEM-in Bakı Sammitinə yekdil dəstəyin ifadə olunması Avrasiya məkanında ortaq maraqların uğurla müdafiə olunduğunu və yüksək əməkdaşlıq ruhunu göstərir.
Çıxışında qitələrarası körpü roluna toxunan Prezident İlham Əliyev vurğuladı ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır: “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”. Dövlətimizin başçısının bu fikirləri Azərbaycanın regional sabitliyin və strateji tərəfdaşlığın əsas təminatçılarından biri olduğunu aydın göstərir. Müasir dövrdə nəqliyyat və enerji xətlərinin təhlükəsizliyi bilavasitə siyasi etimaddan asılı olduğu üçün rəsmi Bakının irəli sürdüyü çoxtərəfli əməkdaşlıq modeli Avrasiya məkanında sülhün və dayanıqlı inkişafın mühüm zəmanətinə çevrilir.
Azərbaycanın tranzit infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu Asiya və Mərkəzi Asiya ölkələrinin məhsullarının Avropa bazarlarına çatdırılmasında strateji rol oynayır. Orta dəhlizin imkanlarının genişləndirilməsi, gömrük prosedurlarında rəqəmsal keçid və təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi regional ticarətin səmərəliliyini dəfələrlə artırır. Həmçinin, bərpaolunan enerji sahəsində regional layihələr ekoloji dayanıqlılıq baxımından yeni imkanlar açır.
Müasir dövrdə terrorçuluq, ekstremizm və mütəşəkkil cinayətkarlıqla yanaşı, rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik də dövlətlərin milli təhlükəsizlik gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Kritik infrastrukturun kiberhücumlardan qorunması, süni intellekt təşəbbüslərinin tətbiqi sahəsində təcrübə mübadiləsi AQEM çərçivəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir. Bununla yanaşı, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi təşkilatın təməl prinsipini təşkil edir.
Qlobal miqyasda hüququn aliliyinin təmin edilməsi məsələsinə toxunan dövlətimizin başçısı beynəlxalq mexanizmlərin təsirsizliyinə diqqət çəkib: “BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir”. Dövlətimizin başçısının bu obyektiv mesajı beynəlxalq təşkilatların ikili standartlarını ifşa etməklə yanaşı, Azərbaycanın öz gücü və hüquqi haqlılığı ilə regional ədaləti bərpa etdiyini bir daha bütün dünyaya bəyan edir.
AQEM-in VII Zirvə Toplantısı təşkilatın gələcək inkişaf xəttinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi mərhələdir. Bakının Zirvə Toplantısına evsahibliyi etməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır. Bakı Bəyannaməsi və alınan qərarlar təşkilatın beynəlxalq müstəvidə rolunun daha da artırılmasına, əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Bütövlükdə, Azərbaycanın AQEM-ə uğurlu sədrliyi, quruma üzv ölkələrlə sıx tərəfdaşlıq əlaqələrini inkişaf etdirməsi və bu mötəbər toplantıya evsahibliyi dövlətlərimizin regionda sülhün, təhlükəsizliyin və tərəfdaşlığın əsas təminatçılarından biri olduğunu sübut edir. Eyni zamanda, ölkəmizin Avrasiya məkanında mühüm dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini növbəti dəfə təsdiqləyir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”