Əsrlər öncə Azərbaycanın tarixi torpaqlarından
köçən soydaşlarımız yenidən bir araya gəlirlər
"Mən Mömin Ağa Xanam. Cənubi Dakotada yaşayıram.
Bayat tayfasındanam, qızılbaşlar soykökündənəm. Qarabağlıyam və vətənimin ermənilər
tərəfindən işğal olunması məni çox məyus edir...”
"Mən Əli Qızılbaşam. Pakistandanam, Türkiyədə
yaşayıram. Əslim qızılbaşlar tayfasındandır...”
"Mən Ağa Əli Aşğaram. Əfqanıstanda yaşayıram.
Avşaram, qızılbaşlar nəslindənəm...”
"Mən Ağa Feysəl
Əliyəm. Hindistandanam. Avşaram, qızılbaş soyundanam...”
"Mən Tehreen
Qızılbaşam, Pakistanda yaşayıram. Azərbaycan dilini öyrənməyə başlamışam...”
"Mən Əli Mustafa
Qızılbaşam. Malayziyada yaşayıram. Azərbaycana gəlməyi çox istəyirəm...”
"Mən Həmid
Qəzələm, Finlandiyada yaşayıram. Avşaram. Azərbaycanı çox sevirəm...”
"Mən Faz Ağayam,
Amerikada yaşayıram. Bayat tayfasındanam, Qızılbaşam. Pandemiyadan sonra Azərbaycana
gəlmək niyyətindəyəm...”
... Onların
sayı hələ ki, azdır. 500-dən bir az çoxdurlar, 20-dən artıq ölkədə məskunlaşıblar.
İstəkləri Qızılbaş soyundan gələn bütün soydaşlarını vahid platformada bir araya
gətirmək, tarixi kökü, mənbəyi xatırlatmaqdır. Onlar əsrlər öncəsi Azərbaycanı tərk
edən Qızılbaş babalarının törəmələri olduqlarını, Azərbaycan əsilli mahiyyətlərini
əsla unutmurlar...
6 əsrlik nisgil
Qızılbaşlığın
adı, ideyası, mahiyyəti, mənası barədə müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə
görə, Məhəmməd Peyğəmbər (s) Uhud müharibəsində yaralanır, başından axan qanlar
onun başında qızıl halqa yaradır. Bundan sonra Həzrət Əli (ə) başında qırmızı tac
ilə müharibələrdə iştirak edir. Əhli-beyt (ə) davamçıları olan Qızılbaşlar adı da
buradan yaranır. Digər rəvayətə görə, Şah İsmayılın əsgərlərinin başında qırmızı
təkkələr (incə materialdan olan baş örtüyü) olduğu üçün şiələrə qızılbaş deməyə
başlayırlar.
Alman alimi
Brokelmana görə isə, atasının ölümündən sonra Şeyx Heydər öz təriqətində yeniliklər
edərək yeni bir baş örtüyünü mütləq saydı. Bu, 12 imama işarət edən 12 dilimli bir
Heydəri qırmızı baş örtüyü idi. Qızılbaşlar 12 şiə imamı şərəfinə 12 qırmızı zolaqlı
çalma bağladıqlarına görə belə adlanırdılar.
XV əsrin ikinci
yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi
Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açdı. Qızılbaşlar
əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı,
sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını
birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Tarixdən məlum
olduğu kimi, Qızılbaşlıq Azərbaycanda yaranmışdı. Bu tayfanın hakim mövqedə olduğu
Səfəvilər dövləti həm də "Qızılbaşlar dövləti” adlandırılıb. Səfəvilər bugünkü Azərbaycan,
İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə,
Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Bu da onu deməyə əsas
verir ki, qızılbaşlar 6 əsr ərzində bu ərazilərdə kök salaraq dünyanın dörd bir
yanına səpələniblər.
Bəs maraqlıdır,
görəsən, indi dünyada nə qədər qızılbaş yaşayır? Onlar öz soyköklərini tanıyırlarmı?
Bu soydaşlarımızın bir-biri ilə əlaqəsi varmı, onları tapa bilərikmi?
Qızılbaşlar Pakistana prezident, nazir, generallar bəxş
ediblər
Bəlkə də bu
suallara cavab sizə mümkünsüz görünəcək. Bəli, bu, mürəkkəb işdir, amma qeyri-mümkün
deyil. Hazırda "Facebook” sosial şəbəkəsində "Qizilbash Unity” adlı qrup fəaliyyət
göstərir. Babək Hüseynli tərəfindən yaradılan qrupda dünyanın müxtəlif ölkələrində
yaşayan qızılbaşlar bir araya gətirilir. Burada 20-dən artıq ölkədən 500-dən çox
həmvətənimiz aktivlik göstərir, müxtəlif sahələrdə fikir, informasiya mübadiləsi
aparır. Qrupun yaradılmasında məqsəd əsrlər öncə Azərbaycanın tarixi torpaqlarından
köçərək digər ölkələrdə məskunlaşmış soydaşlarımızı bir yerə toplamaq, onlara Azərbaycan
dilini öyrətmək, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etdirməkdir.
Bu vacib təşəbbüsün
müəllifi Babək Eyvaz oğlu Hüseynli qızılbaşların baş məskənlərindən sayılan Qarabağda,
Xocavənd rayonunda doğulub. İngiltərədə təhsil alıb, London şəhərində aktiv diaspor
fəaliyyəti ilə məşğul olub. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdıb müxtəlif
özəl və dövlət qurumlarında çalışıb. Onunla qızılbaşların sayı, yaratdığı qrup,
qarşıda duran məqsədlər, planlar barədə söhbətləşirik. Deyir ki, Pakistan, Hindistan,
Əfqanıstan, Türkmənistan və Özbəkistanda yaşayan soydaşlarımızın sayı ilə bağlı
dəqiq rəsmi məlumat yoxdur. Türkmənistan və Özbəkistandakı soydaşlarımızın statistikası,
əsasən, sovet və postsovet dövründə Qafqaz Azərbaycanından oraya köçənləri ehtiva
edir. Lakin bu ölkələrdə daha qədim və köklü icmalarımız var ki, onlar indiyəcən
"kəşf edilməyib”.
Pakistan və
Hindistan ərazisində Azərbaycan türkləri 15-20-ci yüzilliklərdən bəri yaşayırlar.
Onların çoxu 19-cu yüzillikdə Əfqanıstandan köçənlərdir və burada da Əfqanıstanda
olduğu kimi, qızılbaş adı altında bilinirlər. Tariximizin iki mərhələsində Azərbaycan
torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol
imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən
onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və
Avşar boylarıdır. İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki
Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin
siyahıyaalınmasına görə isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə
1959 soydaşımız yaşayıb.
"Əhalinin
təbii artımını və xaricə köçü də nəzərə aldıqda bu iki ölkədəki qızılbaş sayını
20 min təxmin etmək olar. Pakistanda qızılbaşların sayı və rolu daha çoxdur. Qızılbaşlar
bu ölkəyə prezident, nazirlər, generallar, səfir, hakim, şair bəxş ediblər. Bu gün
də Pakistan ordusunda xidmət edən qızılbaş generallar və yüksəkrütbəli zabitlər
var. Bunların bəziləri ilə tanışlığımız da mövcuddur”, - deyir B. Hüseynli.
Qızılbaşlar Əfqanıstanda rəsmi olaraq qəbul edilən etnik
azlıqdır
Əfqanıstana
Azərbaycan türkləri - qızılbaşlar 16-18-ci yüzilliklərdə yerləşiblər. Əsasən Nadir
Şah Avşarın və onun ölümündən sonra Dürrani hakimlərinin zamanında indiki Əfqanıstana
köçürülüblər. 19-cu yüzilliyə aid Britaniya dövlətinin məlumatına görə, onların
sayı 50-200 min nəfər idi. Həmin tarixdən bu yana Əfqanıstanın toplam əhalisi təxminən
7-10 dəfə artıb ki, bu hesabla soydaşlarımızın bugünkü sayı 350 minlə 2 milyon arasında
olmalıdır: "Əfqanıstandakı soydaşlarımız orada əsasən qızılbaş, mərvi, avşar və
başqa adlar altında tanınırlar. Az bir qismini çıxmaqla, demək olar ki, hamısı farsdillidir.
Qızılbaşlar Əfqanıstanda rəsmi olaraq qəbul edilən və konstitusiyada adı çəkilən
etnik azlıqlardan biridir”.
Babək Hüseynlinin
sözlərinə görə, Özbəkistana Azərbaycan türklərinin - qızılbaşların köçü 16-19-cu
yüzilliklərdə baş verib. Oradakı icmanın təmsilçilərinin bir çoxu 1785-1830-cu illər
arasında indiki Türkmənistanda yerləşən tarixi Mərv şəhərindən köçürülən əslən Gəncəli
Qacarlardır. Burada soydaşlarımız "ironi” (iranlı) adı altında tanınırlar və əsasən
Zərəfşan vadisində, Səmərqəndin Pəncab, Baği Şumal və başqa yaşayış məntəqələrində
məskunlaşıblar. Tarixi özbək qaynaqlarına əsasən, Mərvdən köçürülənlərin sayı
17 min ailə olub. Köçürülən qızılbaşlar şiə məzhəbli olduqlarına görə Özbəkistana
- Buxara xanlığına gətiriləndən sonra məzhəblərarası problemlər ucbatından bir çoxu
kimliyini gizlətməli olub. 1926-cı ilin sovet siyahıyaalınmasına görə, Özbəkistanda
9,2 min "iranlı” vardı. Kimliyini gizləyənləri də nəzərə aldıqda, bugünkü sayları
50-200 min nəfər arasında təxmin edilir.
Türkmənistan
ərazisi 18-ci yüzilliyin ortalarınadək demək olar ki, bütünlüklə, 1860-cı illərədək
isə qismən Azərbaycan türklərinə aid dövlətlərin tərkibində və təsirində olub. Türkmən
əhalisi indiki Türkmənistana əsasən 1717-ci ildən sonra yerləşməyə başlayıb və bu
proses 1860-cı illərədək davam edib. Türkmənistan ərazisində bu gün rəsmi olaraq
türkmənlərə aid edilən, ancaq linqvistik, etnoqrafik və tarixi faktları nəzərə aldıqda,
Azərbaycan türklüyünə aid olan bir neçə yerli etnoqrafik qrup var: nohurlular, annaulular,
mehinlilər, əlililər və başqaları. Bu qızılbaş icmaları türkmənlərin həmin ərazilərə
köçündən qabaq buralarda yaşayıblar, daha sonra türkmənlərin təsirinə düşmələri
və hənəfi məzhəbindən olmaları səbəbindən türkmən xalqı ilə assosiasiya olunmağa
başlamışlarsa da, gündəlik həyatda türkmənlər tərəfindən həqiqi türkmən olaraq qəbul
edilmirlər. Bundan başqa, Türkmənistanın İranla sərhəd zolağında Firuzə kimi bəzi
yaşayış məntəqələrində daha sonrakı dövrlərdə Qarabağdan və başqa yerlərdən köçüb
gələn Azərbaycan türkləri də var. Bu etnik qrup təmsilçilərinin toplam sayının
50 mindən az olmayacağını güman etmək olar.
Qızılbaş mirasına necə sahib çıxmalı?
B.Hüseynli
bildirir ki, dövlət sərhədlərinin xaricində yaşayan etnik və linqvistik qruplarla
əməkdaşlıqla bağlı Avropa ölkələrinin, Rusiyanın, Türkiyənin, İranın zəngin fəaliyyət
təcrübəsi var. Hətta Rumıniya, Macarıstan, Slovakiya kimi dövlətlərin belə sərhədləri
xaricində yaşayan soydaşları ilə bağlı qanunvericiliklərində xüsusi maddələr var.
Qəbul etdikləri "soydaş qanunları”na əsasən, bu ölkələr xaricdə yaşayan həmvətənlərinə
bəzi imtiyazlar veriblər. İmtiyazlar əsasən vətəndaşlıq almaq prosedurunun və müddətinin
azaldılması, təhsil haqqı, mülkiyyət əldə edilməsi, biznes fəaliyyəti kimi sahələri
əhatə edir: "Daha geniş və zəngin təcrübə üçün isə Britaniya, Fransa, Türkiyə, Rusiya
kimi ölkələrə nəzər salmaq gərəkdir. Britaniyanın keçmiş müstəmləkələrini əhatə
edən "Commonwealth of Nations” təşkilatını və onun 4 ildən bir təşkil etdiyi Birlik
Yarışlarını, Fransanın "Organisation internationale de la francophonie” təşkilatı,
Rusiyanın "Russkiy Mir”, Rusiya Yurddaşlarının Beynəlxalq Şurasını, İspaniyanın
ispan dilini və mədəniyyətini yaymaq üçün qurduğu "Instituto Cervantes” təşkilatını
örnək göstərmək olar. Bu nümunələrdən və öz tarixi, çağdaş reallığımızdan yola çıxaraq
bənzər fəaliyyətin Azərbaycan modelini qurmaq olar. Azərbaycan türklərinin öz imperial
tarixi mirası var. Səlcuq, Elxanlı, Səfəvi, Avşar və Qacar dövlətlərinin Mərkəzi
və Güney Asiya coğrafiyasında qalan mirasından yararlanmalıyıq. Bu mirasa o bölgələrdəki
insan sərmayəsi, maddi və qeyri-maddi irs daxildir”.
Dünya qızılbaşlarını Azərbaycana toplamaq məramı
Müxtəlif ölkələrdə
yaşayan qızılbaş nəslinin davamçılarını "Facebook” üzərindən bir araya toplayan
Babək Hüseynli bu təşəbbüsün daha böyük hədəflərə doğru irəlilədiyini deyir. O,
dünyada qızılbaş adı altında yaşayan azərbaycanlıların soy yaddaşının yaradılması
ilə bağlı işlərin başladığını, yüzlərlə soydaşımızın məlumatlarının (ad, soyad və
əlaqə nömrələri) toplandığını deyir. Bu məlumatlar www.qizilbashunity.com domeni
üzərindən fəaliyyət göstərəcək saytda yerləşdiriləcək və yalnız məlumatı əlavə edən
tərəflərin görəcəyi bir platforma olacaq: "Yuxarıda qeyd etdiyimiz ölkələrə tərəfimizdən
kitablar, tədris vəsaitləri göndərilib. "Facebook”dakı "Qizilbash Unity” səhifəsindəki
fəaliyyətimiz tam ingiliscə qurulub, prosesin idarə edilməsi ilə bağlı 10 nəfərlik
idarəedici heyət yaradılıb. İlk dəfə dünya qızılbaşlarının onlayn tanışlıq konfransı
keçirilib. Yaxın gələcəkdə isə Azərbaycanda dünya qızılbaşlarının ilk tanışlıq konfransının
keçirilməsi, bu insanların ölkəmizə gətirilməsi məqsədəuyğun olardı. Onlar öz vətənlərinə
gəlməyə, buranı görməyə can atırlar. Bir çoxu mədəniyyətimizin müəyyən hissələrini
hələ də xatırlayır, əsrlər ötsə də, nəsildən-nəslə keçirərək yaşadırlar”.
Bundan başqa,
ölkə xaricində Azərbaycan türkcəsini
təbliğ edəcək qurumun yaradılması təqdirəlayiq olardı. Qurum başda keçmiş Səfəvi
imperiyasının ərazisi olmaqla fəaliyyət göstərəcəyi ölkələrdə mədəniyyət mərkəzi,
dil kursu, kitabxana, təhsil ocağı (bağça, məktəb, universitet) açmaq, Azərbaycanda
yay məktəblərində praktik dil kursları təşkil etməklə məşğul ola bilər: "Bəhs edilən
coğrafiyada yaşayan soydaşlarımız bir sıra səbəblərdən hazırda ana dillərini ya
heç bilmirlər, ya da öz yerli ləhcələrində danışırlar. Bizim hazırkı fəaliyyətimiz
soydaşlarımızın istəkləri ilə internet üzərindən dilimizin tədris edilməsidir. Artıq
bu istiqamətdə ciddi işlər aparılır. Bir çox soydaşlarımız dilimizi öyrənməyə başlayıblar.
Hesab edirəm ki, təqaüd proqramı çərçivəsində hər il bir neçə yüz gənci Azərbaycanda
oxutmaq, təhsil sonrasında məzun dərnəkləri ilə əlaqələri daimi tutmaq olar. Əfqanıstandakı
qızılbaş və mərvi qrupları içində Azərbaycanda ana dilimizi öyrənib və müəllim ixtisası
üzrə təhsil alaraq öz ölkələrində soydaşlarımıza dilimizi tədris etmək istəyən könüllülər
var. Aradakı ünsiyyət baryerini qaldırmaq, dili bərpa etmək, re-assimilyasiya prosesini
başlatmaq üçün xüsusi yayım orqanı qurulmalı, kitab və jurnallar çap edilməlidir.
Hər il xüsusi idman yarışları, Azərbaycan türkcəsində yazan ədib, publisist və jurnalistlərin
görüşü təşkil edilməlidir. Əsas məqsədimiz Azərbaycanı, dilimizi, tariximizi, zəngin
mədəniyyətimizi tanıtmaq, dünyanın hər yerində Azərbaycana bağlı insanların sayını
artırmaq, dünya qızılbaşlarını bir yerə toplamaq, ölkəmizin beynəlxalq aləmdə etibarını
artırmaqdır”.
Qızılbaş mirasının
daşıyıcıları hələ ki sosial şəbəkədə bir araya gəlirlər. Ən diqqəti çəkən məqam
odur ki, onların arasında gənclər mütləq əksəriyyəti təşkil edirlər. Əcnəbi ölkədə
doğulub oranın bir parçasına çevrilmiş və qloballaşma dövrünün reallıqlarını yaşayan
bu gənclərin indi soy-köklərinə bağlılıq göstərmələri, qızılbaş mahiyyətləri və
Azərbaycan əsilli olmaları ilə qürur duymaları, həqiqətən, möhtəşəmdir. Onların tarixi vətənlərində bir araya
gələcəkləri gün isə uzaqda deyil...
Xəyalə MURADLI,
"Azərbaycan”