Azərbaycanda
baletin yaranma tarixi 1940-cı ildən - Əfrasiyab Bədəlbəylinin "Qız qalası” baletinin
səhnələşdirildiyi tarixdən hesablanır. 1939-cu ildə o, Bakı Xoreoqrafiya Məktəbinin
ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan”, bir ildən sonra isə
məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası” baletlərini yazır. "Qız qalası”
baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk balet nümunəsidir.
Premyerası
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılmışdır. Tamaşanın
ilkin librettosu da onun müəllifi Əfrasiyab Bədəlbəylinin qələmindən çıxmışdır.
Əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk azərbaycanlı
balerina Qəmər Almaszadə olmuşdur.
Bu balet sovet
dövrünün məhsulu və Əfrasiyab Bədəlbəylinin ilk böyük əsəri olmaqla, tələbə ikən
yazdığı diplom işi idi. Onun özü də zamanında qeyd edirdi ki, dəfələrlə ədəbiyyatçılar,
tarixçilər, tənqidçilər Azərbaycanın nə tarixi qaynaqlarında, nə də folklorunda
belə məzmuna rast gəlmədiklərini və bunun Azərbaycan ədəbiyyatına yad olduğunu tez-tez nəzərə çatdırardılar.
Aydındır ki, sovetlərin sinfi mübarizə ideologiyası müsəlman xanını hər bir vəchlə
əxlaqsız, ədalətsiz kimi qələmə verməyə çalışırdı. 50 yaşında xan cavan bir qıza
aşiq olub, onu alsaydı, yaxud hərəmxanasında saxlasaydı, bu elə də pis sayılmazdı.
Lakin atanın öz doğma övladına ehtirası, əlbəttə ki, qəbuledilməzdir. Sözsüz ki,
bu qondarma süjet xətti əsrlər boyu Azərbaycan xalqının həyat tərzində bərqərar
olmuş və hökm sürmüş islam əxlaq ideologiyasına
ağır zərbə vurmaq qayəsi daşımışdır. Məhz bu leytmotiv 1923-cü ildə sovet kinematoqrafçıları
tərəfindən çəkilmiş (Ə.Bədəlbəyli çox güman ki,”Qız qalası” baletinin məzmununu
da məhz buradan götürmüşdür) "Qız qalası əfsanəsi” tammetrajlı səssiz bədii filminin
əsasını təşkil etmişdir.
Belə ki, filmdə
baş verən hadisələr köhnə Bakıda cərəyan edir: Səməd xanın həyat yoldaşı qız uşağını
dünyaya gətirərkən vəfat edir. Sevimli həyat yoldaşının vəfat etməsi xəbərini xana
çatdırarkən arvadının ölümündə yeni doğulmuş uşağı günahkar bilən qəzəblənmiş xan
körpənin məhv edilməsi əmrini verir. Lakin xanın qaravaşı əmri eşidəndə çox mütəəssir
olur. O, qızcığazın dalınca gələnlərə yalvarır ki, uşağı ona versinlər, onsuz da
o sonsuzdur, qızı da götürüb məmləkətdən çıxıb başqa bir yerə köçər. Xanın adamları
qızı qaravaşa verib xana da xəbər çatdırırlar ki, onun əmri artıq yerinə yetirilmişdir.
Qaravaş isə qızı da götürüb şəhərdən kənara köçür. İllər sonra xan ova çıxarkən
qızı Gülnarla qəflətən rastlaşır və onun eynən rəhmətə getmiş həyat yoldaşının tam
oxşarı olduğunu görür və anlayır ki, bu qız onun öz övladıdır. Onu saraya gətirir.
Gülnar anasının libaslarını geyinərkən xan Gülnarın simasında sanki vəfat etmiş
arvadını görür. Hisslərini cilovlaya bilməyən ata, nəhayət, ürəyini qızına açır.
Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi qaladan özünü dənizə
ataraq həlak olur.
Filmin heyət
üzvlərinin etnik mənsubiyyətinə nəzər saldıqda, düşüncə sahibi olan hər kəsə hər
şey aydın olur: ssenari müəllifi: N.Breslav-Lurye, quruluşçu rejissor: Vladimir
Ballyuzek, quruluşçu operator: Vladimir Lemke, quruluşçu rəssam: Vladimir Ballyuzek,
qrim rəssamı: Georgi Parisaşvili.
Filmin çəkilişindən
17 il sonra yazılmış "Qız qalası” balet əsərinin məzmunu müəyyən dərəcədə birinci
ilə "ata-qız” süjet xətti baxımından eynilik təşkil edir: Qəddarlığı və zalımlığı
ilə tanınmış Bakı hökmdarı Cahangir xan oğlunun - varisinin doğulacağını səbirsizliklə
gözlədiyi bir halda, qız övladının dünyaya gəlişi xəbərini qəzəblə qarşılayır. O,
uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı
gəldiyindən onu dayəsinə verib, saraydan gizlicə uzaqlaşmalarına şərait yaradır.
Aradan illər ötür. 18 yaşına çatmış Gülyanaq öz gözəlliyi ilə hamını heyran edir.
O, çox xoşbəxtdir, çox sevdiyi Polad adlı gənclə ailə həyatı qurmağa hazırlaşır.
Toyun qızğın məqamında xan öz adamları ilə kəndlilərin üstünü alır. Qızın bənzərsiz
gözəlliyi ona vaxtı ilə sevdiyi keçmiş arvadını xatırladır. Xan qərar verir ki,
Gülyanaq onun arvadı olmalıdır. Polad sevgisi uğrunda xanla mübarizəyə qalxır. Cahangir
xan əmr verir ki, Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq
xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin bunun qarşılığında şərt qoyur:
xan onun üçün dənizin ortasında hündür qala tikdirməlidir. Cahangir xan razılaşır.
Nəhayət, qala tikilib qurtarır. Xan toy tədarükünə başlamaq əmri verir. Hətta Gülyanağın
doğma qızı olduğunu biləndən sonra da onu qəlbindən çıxara bilmir. Poladla xanın
döyüşü sonuncunun ölümü ilə nəticələnir. Poladın öldüyünü zənn edən Gülyanaq ümidsizliyə
qapılaraq, özünü dənizə atır və qala əbədi
olaraq bakirəlik rəmzinə - "Qız qalası”na
çevrilir.
Filmdə və
balet əsərində təsvir olunan hadisələr guya Qız qalası tikilməmişdən öncə baş vermişdir.
Əslində isə, onlar Qız qalasının tikintisi başa çatdırıldıqdan əsrlər sonra uydurulmuş
əfsanədir.
Qalanın "Qız
qalası” adını daşıması haqqında xalqımızın şifahi poetik yaradıcılığında müəyyən
rəvayətlər yer almışdır. Xalqımızın minilliklər boyu hiss və həyəcanını əks etdirən,
dərin təfəkkürünün məhsulu olan bir əfsanədə hökmdar qızını onun sevmədiyi şəxsə
ərə vermək istəyir. Şahzadə isə rəiyyət içindən çıxan, kasıb və sadə bağbana aşiqdir.
Bu isə saray qayda-qanunlarına ziddir. Şahın qızı yalnız öz təbəqəsindən olan şəxslə
ailə həyatı qura bilər. Hökmdara qızının bağbanla bir-birini sevdiyi xəbəri çatdırıldıqda
o, çox qəzəblənir: qızının qalada dustaq edilməsi və bağbanın edam olunması əmrini
verir. Şahzadə buna dözməyərək özünü qalanın damından dənizə atır. O zamandan da
qala xalq arasında "Qız qalası” kimi adlanmağa
başlayır.
"Qız qalası”
baletinin ilk səhnə təcəssümündən
onilliklər sonra, 1959 və 1999-cu illərdə yeni redaksiyası təşkil edilir. İkinci redaktədə (1959-cu il) baletin
quruluşçu baletmeysteri, sonralar SSRİ Xalq artisti və professor adına layiq görülmüş
Qəmər Almaszadə, tamaşaya yeni bədii tərtibat verən isə onun qardaşı Ənvər Almaszadə
idi. Bu redaksiyada Poladla Gülyanağın faciəsi,
Cahangir xanın zalımlığı özünü daha kəskin
büruzə verir. "Qız qalası”nın 2-ci redaktəsinin ifaçıları - Gülyanaq rolunda
SSRİ Xalq artisti Leyla Vəkilova və öz sevgisini xanın pəncəsindən igidliklə qorumağa
çalışan Polad surətinin yaradıcısı Xalq artisti Maqsud Məmmədovun adları Azərbaycan
balet tarixində silinməz izlər qoymuşdur.
Sonuncu, yəni
1999-cu ildə edilmiş üçüncü redaktədə baletin librettosu və musiqisi Fərhad Bədəlbəyli
(Əfrasiyab Bədəlbəylinin qardaşı oğlu) tərəfindən yenidən işlənərək yeni formaya
salınmışdır. Fərhad Bədəlbəyli tərəfindən edilmiş son redaktə və quruluşda baletin
dramaturji xətti kökündən dəyişdirilmiş və librettodan "ata-qız” xətti ümumiyyətlə
çıxarılaraq, mətnin məzmunu xalqımızın mədəniyyət və əxlaq prizması baxımından öz
məcrasına salınmışdır.
Baletin yeni
redaksiyasında balet truppasının bədii rəhbəri Yuliana Əlikişizadə, əsas rolların
ifaçısı Əməkdar artist Mədinə Əliyeva və Xalq artisti Gülağa Mirzəyev olmuşlar.
Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri
də iştirak etmişlər.
Əfrasiyab
Bədəlbəylinin Qəmər xanımın şərəfinə yazdığı bu balet əsəri sonralar yeni balet
nümunələrinin yaranmasına yol açmışdır.
Vəfa GÖVHƏR,
Bakı Xoreoqrafiya
Akademiyasının əməkdaşı