Bakı yalnız böyük binaları və küçələri ilə deyil, həm də parkları, bağları-bağçaları ilə gözəl və cəlbedicidir. Bu yaşıl məkanlar şəhərin nəfəsidir, insanlar burada istirahət edir, uşaqlar oynayır, təbiət ilə ünsiyyət qururlar. Gözəlliyi yaradan, onu qoruyub saxlayanlar isə bağbanlardır.
Bağban torpağın səsini eşidən insandır. O, səhərin ilk işıqları ilə oyanır, şəhər hələ yuxuda ikən parkların səssizliyinə addım atır, bağların təzə çiçəklərinə və yaşıllıqlarına toxunur, torpağın nəmlənmiş qoxusunu nəfəsinə çəkir. Hər bir fidan bağbanın diqqət və qayğısı ilə böyüyür, hər çiçək onun əllərində həyat tapır. Əlləri torpağa toxunduqca həyat oyanır, solğun budaqlar yenidən canlanır, toxumlar ümidə çevrilir.
Bağban hər gün səhərdən axşama qədər park və bağların qulluğundadır. Çiçəkləri əkir, ağacları sulayır, otları biçir və kağız parçalarını toplayaraq parkların təmizliyini təmin edir. Məsələn, yaz aylarında müxtəlif güllər əkir, çiçək kolları salır, payızda isə yarpaqları təmizləyir və torpağı gələcək mövsüm üçün hazırlayır. Üstəlik, parkın estetik görünüşünü qorumaq üçün rəng və formaya diqqət yetirir. Hər bitkinin xüsusi qulluq tələb etdiyini bilmək, fəsillərə uyğun tədbirlər görmək bağbanın bilik və bacarığından asılıdır.
Bağban üçün hər hansı bir çiçək, sadəcə, bitki deyil, o, zəhmətin, səbrin və sevginin bəhrəsidir. Çiçəklərə su verərkən onlarla danışır, ağaclara qulluq edərkən dilini anlayır. Külək yarpaqları yellədikcə sanki təbiət onun əməyinə təşəkkür edir. Lalənin zərifliyi, qızılgülün cazibəsi, rəngarəng gül kollarının pıçıltısı və hətta otların rəqsi - hər şey bağbanın zəhməti ilə möhtəşəm bir orkestrə çevrilir.
Bağbanın işi sadə fiziki əməkdən çox səbirdir, məsuliyyətdir, sevgidir. Yazda əkilən gül bir ay sonra açanda, payızda toplanan yarpaqlar torpağa qayıdanda bağbanın əməyi çox aydın hiss olunur. Şəhərin yaşıllığı bağbana borcludur. Parkların və bağların al-əlvan rəngi, çiçəklərin qoxusu, ağacların səsi bağbanın əli ilə şəhərin ritmini yaradır.
Onlar görünməz qəhrəmanlar kimi heç bir mükafat tələb etmədən, yalnız təbiətin və insanların xoşbəxtliyini düşünərək çalışırlar. Biz parkda oturub dincələndə, uşaqların gülüşünü eşidəndə və çiçəklərin açdığını görəndə bağbanın zəhmətini, sevgisini və səbrini anlayırıq. Hər təbəssüm və gülüş, hər açan gül, hər sükunət anı bağbanın diqqət və qayğısının əksidir.
Ona görə də hər birimiz bu yorulmaz insanın zəhmətini dəyərləndirməli, onun qabarlı əllərinə, işıqlı gözlərinə hörmətlə yanaşmalı və minnətdar olmalıyıq. Çünki o qabarlı əllər torpağı canlandırır, işıqlı gözlər isə hər çiçəyin, hər ağacın həyatını izləyir. Bizim diqqətimiz və təşəkkürümüz bağban əməyinə verilən ən gözəl dəyərdir.
Züleyxa ƏLİYEVA,
İlham BABAYEV (foto),
“Azərbaycan”