Azərbaycanı bütöv görmək terrorçu Zori Balayan üçün bu dünyadakı ən dəhşətli cəza oldu
Tarixin yaddaşı silinmir, zaman isə hər şeyi öz yerinə qoyur. Gec-tez haqq-ədalət bərqərar olur, günahkarlar mütləq öz cəzasını alır. Azərbaycan xalqına qarşı onilliklər boyu nifrət qusan, əli körpələrimizin qanına batan, ideoloji zəhəri ilə minlərlə insanın taleyini məhv edən faşist Zori Balayan isə elə bu dünyada cəhənnəm əzabı yaşayanlardan oldu. Azərbaycanı bütöv görməsi, bayrağımızın Qarabağda dalğalandırıldığını dişi bağırsağını kəsə-kəsə seyr etməsi terrorçu Zori Balayana ən dəhşətli cəza idi.
"Ocaq"dan Xocalıya uzanan qan izi
On minlərlə insanın taleyini məhv edən Zori Balayanın ölümü sıradan bir xəbər deyil. Bu, həm də bir şər imperiyasının ideoloji sütununun çökməsi və xəstə xəyalların puç olması demək anlamına gəlir.
Zori Balayan sadəcə yazıçı və ya siyasətçi deyildi. O, erməni faşizmini körükləyən nifrət nəzəriyyəçisi idi. 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" kitabı ilə fitnə toxumları səpən bu qaniçən Qarabağ və Naxçıvan üzərindəki əsassız iddiaları ilə bölgəni qan gölünə çevirən proseslərin fitilini atəşləmişdi. Onun üçün "insan" anlayışı yox idi, yalnız xəstə "Miatsum" ideologiyası var idi. Xocalıda törədilən soyqırımının həm təşkilatçısı, həm də birbaşa icraçısı kimi Balayanın etirafları bəşər tarixinin ən qara səhifələridir.
O, "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazıb: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Zori Balayanın öz kitabında 13 yaşlı günahsız bir türk uşağına verdiyi işgəncələri "erməni kimi vəzifəmi yerinə yetirdim" deyərək fəxrlə təsvir etməsi, onun daxilindəki insanlıqdan kənar vəhşi hisslərin sübutudur.
Bakı metrosundakı terrorun sifarişçisi kimi tökdüyü qanlar isə onun terrorçu simasının növbəti nümayişi idi. 1994-cü il iyulun 3-də Bakı metrosunda - metronun "Gənclik" və "28 May" stansiyaları arasında baş vermiş terrorun sifarişçisi Zori Balayan olub. Partlayış nəticəsində 12 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Sonradan məhkəmədə terror hadisəsini törətmək barədə göstərişin Z.Balayan tərəfindən verildiyi məlum olub.
Qarabağ Azərbaycandır!
Lakin tale Balayana ən ağır cəzanı fiziki ölümdən əvvəl verdi. Onun üçün ən böyük işgəncə, ömrünü həsr etdiyi "erməni xəyalları"nın Azərbaycan əsgərinin çəkmələri altında əzilməsini izləmək oldu.
2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri Balayanın onilliklər boyu qurduğu separatizm qalasını yerlə yeksan etdi. Qondarma rejimin diz çökməsi, Şuşada, Xankəndidə, Laçında, Xocalıda Azərbaycan bayrağının dalğalanması Balayan kimi canilər üçün min ölümdən daha betər idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü ilin oktyabrında Xankəndidən xalqımıza müraciətində qürurla vurğuladığı kimi, erməni canilərin bütün məkrli planları iflasa uğradıldı: " ...Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir... ...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Bu gün Qarabağın və Şərqi Zəngəzurun zirvələrində dalğalanan üçrəngli bayrağımız, əslində, təkcə qələbə rəmzi deyil, həm də Balayan kimi canilərin onilliklər boyu bəslədiyi xəstə ideologiyanın ölüm hökmüdür. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri xalqımızın sarsılmaz iradəsinin növbəti təcəssümü oldu. "Dəmir yumruq" sərsəm "miatsum" xülyasının tabutuna son mismarı vurdu. Bu hərbi uğurla Azərbaycan həm də tarixin saxtakarlıq üzərində qurulmuş qanlı səhifəsini birdəfəlik bağladı.
Azərbaycan xalqı artıq dünyaya məğlubiyyətin acısını deyil, zəfərin əzəmətini diktə edir. Bu gün hər birimiz başıdik, alnıaçıq gəzirik, çünki üzərimizdə daşıdığımız o mənəvi yük - torpaq nisgili artıq yoxdur. Suverenliyimizin tam bərpası uğrunda canından keçən şəhidlərimizin ruhu bu gün rahatdır.
Bir sözlə, tarixin, haqqın və beynəlxalq hüququn təsdiq etdiyi həqiqət qarşısında bütün məkrli planlar, riyakar ssenarilər və separatçı xülyalar darmadağın oldu.
Erməni faşizminin ideoloji nəzəriyyəçisi olan Zori Balayanın ömrü boyu arzuladığı "böyük Ermənistan" xəritəsi öz gözləri qarşısında parçalanıb tarixin zibilliyinə atıldı. O, öz məkrli arzularının deyil, Bütöv Azərbaycanın qüdrətini, suverenliyini zərgər dəqiqliyi ilə bərpa etmiş bir dövlətin şahidi olaraq öldü. Bir qatilin arzuları gözündə qaldı. Bu həm də bütöv bir millətin dirçəlişinin, öz haqqına sahib çıxmasının ən böyük təsdiqidir.
Bizlər murdar bir ideologiyanın süqutunun şahidləri olduq. Balayanın ölümü ilə erməni şovinizminin bir qanlı epoxası bağlandı. Azərbaycanın zəfər salnaməsinə isə yeni-yeni qələbələr əlavə olunur.
Erməni canilərini haqq-ədalət qarşısında cavab verməyə məcbur edən xalqımız sübut etdi ki, bu torpaqların əsl sahibi bizik.
Qarabağ Azərbaycandır! Və bu, gerçək dünya durduqca dəyişməyəcək!
Yasəmən MUSAYEVA,
"Azərbaycan"