"Azərbaycan Cənubi
Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqla regionun təhlükəsizlik
arxitekturasını əsaslı şəkildə dəyişib. Uzun illər davam edən münaqişə və
qeyri-müəyyənlik mərhələsindən sonra yaranmış sabitlik mühiti təkcə hərbi-siyasi
deyil, həm də regional əməkdaşlıq baxımından yeni münasibətlər sisteminin
yaranmasını şərtləndirib. Rəsmi Bakının atdığı siyasi addımlar postmünaqişə mərhələsində
davamlı sülhün təmin olunmasına hesablanıb".
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, ötən ilin avqustunda
Vaşinqton razılaşmalarından sonra hazırda bölgədə dayanıqlı sülhün təmin
olunması üçün ciddi zəmin yaranıb. Bu
gün Azərbaycanla Ermənistan qarşılıqlı etimad mühiti formalaşdırırlar. Lakin Cənubi
Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr təxribatçı əməllər törədirlər.
Millət vəkilinin sözlərinə
görə, xüsusilə Avropa məkanında müəyyən dairələrin separatizmə dolayı və ya
açıq dəstək xarakterli təşəbbüslərlə çıxış etməsi müşahidə olunur. Erməni
lobbisinin təsiri altında olan bu qruplar, bəzən isə şəxslər müxtəlif ölkələrdə
müəyyən qərəzli dinləmələr və hüquqi əsası olmayan çağırışlarla, əsassız
sorğularla gündəmə gəlməyə çalışırlar. Lakin bu cəhdlər nə regiondakı real vəziyyəti
dəyişir, nə də beynəlxalq hüququn prinsiplərinə təsir göstərir. Əksinə, bu fəaliyyətlər
daha çox siyasi manipulyasiya və informasiya təzyiqi aləti kimi çıxış edir.
Təəssüfləndirici haldır ki,
belə təşəbbüslər bəzən Azərbaycana dost və tərəfdaş kimi tanınan ölkələrdə də
özünü göstərir. Halbuki həmin dövlətlər rəsmi səviyyədə birmənalı şəkildə Azərbaycanın
ərazi bütövlüyünü, suverenliyini tanıyır, regionda sülh təşəbbüslərini dəstəkləyirlər.
Böyük Britaniya parlamentinin İcmalar
Palatasında fevralın 25-də keçirilən dinləmələr də bu ölkənin hökumətinin rəsmi
mövqeyinə ziddir.
Erməni separatizminə xidmət
edən həmin dinləmələr hazırda regionda mövcud sülh prosesinə uyğun deyil.
Britaniya parlamentariləri nəzərə almalıdır ki,
Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi
Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq
ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən dinləmələrdə
“Dağlıq Qarabağ” termini, burada erməni irsi barədə səslənən iddialar hüquqi və
tarixi baxımdan qəbuledilməzdir. Bu, Azərbaycan
dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş siyasi
kampaniyadır.
Deputat qeyd edib ki, Azərbaycanla
Britaniya dost olkələrdir, qarşılıqlı münasibətlər qaneedicidir. Belə olan
halda bu ölkənin parlamentinin İcmalar Palatasında keçirilən dinləmələr ölkələrimiz
arasında əlaqələrin ruhuna zidd olmaqla yanaşı regionumuzda sülh prosesinə zərbə
vurmağa yönəlib.
“Azərbaycan”