Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə qədim yaşayış məskənlərimizdən biridir. O, tariximizin bir sıra mərhələlərinə şahidlik edib. Tədqiatçıların qənaətincə, Ağdam rayonu ərazisindəki Üzərliktəpə və Naxçıvandakı Kültəpə ilə eyniyyət təşkil edən Nərgiztəpə yaşayış yeri erkən şəhər mədəniyyətinin ilkin nümunələrindəndir. Odur ki, Nərgiztəpə ərazisində həyata keçirilən arxeoloji tədqiqatlar, üzə çıxan nümunələr qədim tariximizin mərhələli şəkildə öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Nərgiztəpə yaşayış məskənində aparılan tədqiqatlar zamanı Orta Tunc, Antik dövrlərə və Orta əsrlərə aid üç mədəni təbəqə aşkar edilib. Arxeoloqlar tədqiqatlara əsaslanaraq Nərgiztəpə ərazisində Orta Tunc dövründən başlayaraq mədəniyyətlərin bir-birini ardıcıllıqla əvəz etdiyini göstərdiyini bildiriblər.
Orta əsrlərə aid üst mədəni təbəqədə şirli və şirsiz saxsı qab nümunələrinə, daşdan əmək alətlərinə, ocaq yerlərinə və güclü yanğın izi olan zolaqlara rast gəlinib. Qalınlığı iki metrdən çox antik təbəqə həm memarlığına, həm də artefaktların rəngarəngliyinə görə olduqca zəngindir. 2,5 metr dərinlikdən aşkarlanan iri daşlardan və möhrədən ibarət müdafiə divarları da Nərgiztəpədə diqqət çəkən ən maraqlı, eyni zamanda da əhəmiyyətli tapıntılardandır.
Tədqiqatçılar Nərgiztəpə ətrafındakı qəbiristanlıqların XI-XIV və XVI-XVIII əsrlərə aid olduğunu müəyyənləşdiriblər. Qəbirüstü daşların üzərinə qazıma üsulu ilə ox, kaman və başqa işarələrdən, damğalardan ibarət naxışlar həkk edilib. Diqqəti çəkən məqamlardan biri də qəbirlərin üstündə, həmçinin ətrafdakı iri yumru daşlardır. "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan hadisələrin bəzilərinin, xüsusilə Qaraca Çobanla bağlı olan əhvalatların həmin ərazilərdə baş verdiyi rəvayətlərdə əksini tapıb. Ancaq tədqiqatçıların üzə çıxardığı faktlarda məlum olub ki, Nərgiztəpə bir sıra tarixi həqiqətlərin üzərinə işıq salıb.
Qorqudşünas alimlərin araşdırmalarına görə, "Kitabi-Dədə Qorqud" dastanında bəhs edilən hadisələr, əsərin qəhrəmanları, işlənən ifadələr mifik düşüncə məhsulu olmaqdan çox uzaqdır. Məlumdur ki, ərazilərimizdə "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanlarının izləri qalmaqdadır. Onlardan biri də Xocavənd rayonundakı Nərgiztəpədir. Belə ki, Nərgiztəpə yüksəkliyi dastan qəhrəmanı Qaraca Çobanın oylağı olduğu bildirilir. Xalqın dastanda bəhs olunan real qəhrəmanının məzarı da məhz Nərgiztəpədədir.
Ərazidə əkin-biçin işləri aparılarkən, arx və xəndəklər qazılarkən yeni-yeni abidələr aşkar olunur. Bir dəfə də traktorla Nərgiztəpənin ətrafında xəndək qazılarkən insan sümükləri, ağ tufdan yastı daş lövhələr, müxtəlif saxsı qab nümunələri, sədəfdən uzunsov düzbucaqlı şəklində düzəldilmiş muncuq üzə çıxıb. Arxeoloqlar tapılan qabların oxşarlarına Azərbaycanın Antik dövr, həmçinin Erkən Orta əsr abidələrində də rast gəlindiyini qeyd ediblər. Mütəxəssislər tapıntılara əsaslanaraq təsdiqləyiblər ki, daş örtüklü torpaq qəbirlər Antik dövr və ya Erkən Orta əsrlərin bütpərəst dini ayinləri, dəfn adətləri ilə bağlıdır.
Nərgiztəpədə xalqımızın təkcə uzaq deyil, yaxın tarixinin də qəhrəmanlıq nişanələri var. 1990-cı illərdə Azərbaycanın növbəti ərazilərini işğal etmək üçün münaqişə yaradan və müharibə alovunu körükləyən təcavüzkar ermənilər buraya da göz dikiblər. 1993-cü il aprelin 17-də Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiztəpə uğrunda döyüş olub. Dəfələrlə həmlə etdikdən, alınıb-verildikdən sonra, nəhayət, Azərbaycanın qəhrəman övladları Xocavənd rayonunun Nərgiztəpə ərazisini işğalçıların əlindən ala biliblər.
2011-ci ildə Nərgiztəpə yüksəkliyində Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi şərəfinə abidə kompleksi yaradıldı, Azərbaycan bayrağı ucaldıldı.
Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçdilər. Ancaq Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirdilər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"