Son illər bənzərsiz inkişaf dövrünü yaşayan Qəbələ 9 oktyabr prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə gedir.
Rayon sakinləri yaxşı bilirlər ki, son bir neçə ayda üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu, 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar dövlətlərarası proqramın təntənəli açılış mərasimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısı, V Beynəlxalq Musiqi Festivalı kimi möhtəşəm tədbirlərə böyük məhəbbətlə qucaq açan, yüksək səviyyədə ev sahibliyi edən bu qədim diyarın sürətli inkişaf tempinin davamlı olması seçicilərin fəallıqlarından və düzgün seçim etmələrindən də çox asılıdır. Söhbət etdiyimiz ayrı-ayrı rayon sakinləri bildirdilər ki, seçim məsələsinə böyük məsuliyyətlə yanaşırlar: yaşadıqları ölkənin, rayonun gələcəyi, elə öz şəxsi həyatları, xoşbəxtlikləri, uğurları kimin prezident seçilməyi ilə də şərtlənir. Onu da əlavə etdilər ki, seçim məsələsinə məhz bu meyarlarla yanaşırlar.
Seçkilərə hazırlıqla tanış olmaq üçün 116 saylı Qəbələ seçki dairəsinə üz tutduq. İkimərtəbəli binada hər cür şərait yaradılıb. 7 iş otağı, konfrans zalı, qəbul otağı komissiya üzvlərinin və katibliyin sərəncamındadır. Seçkilərin normal keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
116 saylı Qəbələ dairə seçki komissiyasının sədri Ramiz Əsədovun verdiyi məlumata görə, dairənin ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdən ikisi - 52 saylı Vəndam və 53 saylı Tüntül seçki məntəqələri seçicilərin sayı Azərbaycan Respublikasının Seçki Məcəlləsində göstərilən normadan artıq olduğu üçün yeni yaradılıb. Ən müasir binalarda, o cümlədən yeni tikilmiş məktəb binalarında yerləşən seçki məntəqələri lazımi avadanlıq və ləvazimatlarla təmin olunub. Seçkiqabağı təbliğat-təşviqatla məşğul olmaq üçün prezidentliyə namizədlərin hamısına bərabər şərait yaradılıb, seçki məntəqələri təşviqat lövhələri ilə təmin edilib.
116 saylı Qəbələ seçki dairəsi üzrə seçkiləri internet vasitəsilə izləmək üçün 10 seçki məntəqəsində veb kameralar quraşdırılıb. 22 nəfər əlil arabasında hərəkət edən seçici üçün 13 seçki məntəqəsində pilləkənlərə panduslar əlavə olunub.
Bütün seçicilərə bildirişlər də paylanıb.
Əminliklə demək olar ki, həmişə fəallıqları ilə seçilən Qəbələ seçiciləri 9 oktyabr prezident seçkilərində də mütəşəkkil şəkildə iştirak edəcəklər.
Telman NƏZƏRLİ,
"Azərbaycan"