Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin dolğun mənzərəsini ortaya qoydu. Bu çıxış bir daha nümayiş etdirdi ki, Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional əməkdaşlığın aparıcı qüvvəsidir.
Müstəqilliyimizin ilk illərində mürəkkəb siyasi, iqtisadi və sosial problemlərlə üzləşən Azərbaycan xalqı uzaqgörən dövlətçilik siyasəti sayəsində qısa müddətdə böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu. Bu gün ölkəmizin qazandığı uğurların əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası və cənab Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən siyasi kurs dayanır. Enerji sahəsində əldə olunan nailiyyətlər də məhz bu siyasətin uğurlu nəticəsidir.
Azərbaycanın enerji diplomatiyası bu gün dünyanın diqqət mərkəzindədir. Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunun ildən-ilə artması, tədbirə dünyanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən xüsusi diqqət göstərilməsi ölkəmizin qlobal enerji bazarında tutduğu mövqenin göstəricisidir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan layihələr artıq uzun illərdir ki, Avrasiyanın enerji xəritəsini formalaşdırır və milyonlarla insanın enerji təminatında mühüm rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin əsas üstünlüklərindən biri onun milli maraqlara söykənməsi, eyni zamanda beynəlxalq əməkdaşlığa açıq olmasıdır. Azərbaycanın zəngin təbii sərvətləri ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə, təhsil və səhiyyə sistemlərinin gücləndirilməsinə, insanların rifahının yüksəldilməsinə xidmət edib. Enerji gəlirlərinin səmərəli idarə olunması nəticəsində ölkəmiz regionun ən güclü iqtisadiyyatlarından birinə çevrilib.
Azərbaycanın beynəlxalq maliyyə göstəriciləri, investisiya reytinqləri, aşağı xarici borc yükü və güclü valyuta ehtiyatları ölkədə həyata keçirilən iqtisadi siyasətin uğurunu təsdiqləyir. Əldə olunan maliyyə imkanları ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini də təmin edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması da güclü iqtisadiyyatın, müasir ordunun və qətiyyətli siyasi rəhbərliyin məntiqi nəticəsidir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələr ölkəmizin təşəbbüskarlığını və strateji baxışını nümayiş etdirir. Hazırda Azərbaycan qazının çatdırıldığı ölkələrin sayının davamlı şəkildə artması ölkəmizə olan etimadın və etibarlı tərəfdaş imicinin göstəricisidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də enerji sektorunun şaxələndirilməsidir. Azərbaycan neft və qaz ixracatçısı olmaqla yanaşı, həm də neft-kimya, enerji emalı və bərpaolunan enerji sahələrində ciddi potensiala malik dövlət kimi tanınır. Bu yanaşma ölkəmizin gələcək inkişafını təmin edən mühüm amillərdən biridir.
Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan “yaşıl enerji” gündəliyinin həyata keçirilməsində də lider mövqelərdən birini tutur. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan edilməsi, günəş, külək və hidroenerji layihələrinin sürətlə inkişaf etdirilməsi ölkəmizin enerji siyasətinin müasir çağırışlara uyğun qurulduğunu göstərir. Həyata keçirilən layihələr Azərbaycanın yaxın illərdə regionun əsas “yaşıl enerji” mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Eyni zamanda, Qara dəniz enerji kabeli, Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı və yeni nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm əməkdaşlıq platformasına çevrilib.
Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, enerji sahəsində yeni uğurların qazanılmasına və ölkəmizin strateji əhəmiyyətinin artmasına xidmət edəcəkdir.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı