İyunun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Anita Anand Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq, Kanada tərəfinin Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd edib.
Telefon danışığı zamanı yaşıl keçid, bərpaolunan enerji, informasiya-kommunikasiya texnologiyaları, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, regionda mövcud vəziyyət, münaqişədənsonrakı dövrün reallıqları, eləcə də Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub. Nazir Ceyhun Bayramov keçmiş münaqişənin tarixi, Azərbaycanın üzləşdiyi işğal və onun nəticələri barədə məlumat verib, hazırda regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən səylərdən bəhs edib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.