Bu il rayon üçün əlamətdar hadisələrdən biri də Qaxın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın milli mətbəx paytaxtı” elan olunmasıdır. Aprel ayında keçirilən “Azərbaycanın mədəni irsinin mühafizəsi, abidələrinin bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyasında isə dağlar gözəli Qax “Milli irs-2015” mükafatına layiq görülüb.
Yanvar ayında “Milli mətbəx paytaxtı” elan olunandan sonra rayonda hazırlanan tədbirlər planına əsasən Qum kəndində “Tut bayramı”, İlisu kəndində isə “Qax mətbəxi -İlisu yeməkləri” adlı tədbirlər keçirilib. İlin sonunadək bu nominasiya ilə əlaqədar digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Qax rayonunda digər sahələr də ildən-ilə inkişaf tempini artırır. Qax Statistika İdarəsinin məlumatına əsasən, 2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 40 milyon 403 min manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 618 min manat çoxdur. Ümumi məhsul buraxılışının tərkibində sənaye, kənd təsərrüfatı məhsulları istehsalı və digər sahələr üzrə göstəricilər nəzərə çarpacaq dərəcədə yüksəlib.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyri-neft sektorunun inkişafına toxunan Prezident İlham Əliyev demişdir: “Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün yeni şərait yaradılır. Digər məsələlər də öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”.
Dövlətin bu qayğısından Qax sahibkarları da yetərincə bəhrələnirlər. Rayonda sahibkarlığın inkişafına hər cür şərait yaradılıb. Əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 layihəyə 144 min manat güzəştli kreditlər verilib. İlin ötən müddəti ərzində rayonda 172 yeni iş yeri açılıb.
“Kənd təsərrüfatı ili”ndə rayon üzrə 1816 hektar sahədə yonca, 273 hektarda tərəvəz, 296 hektarda vələmir, 195 hektarda bostan, 290 hektarda kartof, 1956 hektarda qarğıdalı və 298 hektarda tütün əkilmişdir. 2015-ci ilin məhsulu üçün əkilmiş 10867 hektar payızlıq taxıl sahəsindən 28534 ton məhsul istehsal olunmuşdur. Məhsuldarlıq əvvəlki illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentnerə çatmışdır. Bu il buğda sahəsinin hər hektarından 26, arpa sahəsindən isə 26,7 sentner məhsul götürülmüşdür. Bu da 2014-cü illə müqayisədə müvafiq olaraq 10 və 15,5 sentner çoxdur.
Məhsuldarlığın yüksəlməsində dövlətin dəstəyi, verilən yardımlar və subsidiyalar əhəmiyyətli rol oynayıb. Hazırda qaxlı fermerlər torpağın payız qayğıları ilə məşğuldurlar.
Qaxda əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Qarağan, Qazmalar, Dəymədağlı, Lələpaşa, Tasmalı və Cəlayir kəndlərində artezian quyuları qazılaraq istifadəyə verilib. Hazırda Süskənd və Əmbərçay kəndlərində də quyuların qazılması işləri davam edir. Bunlardan əlavə, Qıpçaq, Qaysarlı, Almalı, Baydarlı, Oncallı, Qarağan və Şotavar kəndlərində 18,6 km su xətti çəkilib, 62 bulaq tikilib və müxtəlif həcmli 8 su çəni qoyulub.
Rayon ərazisində, o cümlədən Qax şəhərində abadlıq-quruculuq işləri davam edir. Yaşayış binalarının dam örtükləri, fasadları təmir olunur, su arxları yenidən qurulur, küçə divarları yenilənir.
Rayonun Cəlayir kəndində həkim tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Qarabaldır kəndinin giriş yolu isə əsaslı təmir olunub. Qax şəhərində hər biri 100 yerlik 2 körpələr evi-uşaq bağçası tikilir. Bu bağçalardan birində artıq son tamamlama işləri görülür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin və Kənd Təsərrüfatı Nazirliyinin rayondakı idarəsinin inzibati binalarının, eləcə də Qax şəhərində və Əmbərçay kəndində Qarabağ müharibəsi əlilləri üçün 2 fərdi yaşayış evinin tikintisi davam edir.
RİH-dən onu da öyrəndik ki, ilin əvvəlindən bəri rayonda 63 fərdi yaşayış evi, 8 sahibkarlıq obyekti inşa olunub.
Telman NƏZƏRLİ,
“Azərbaycan”