24 Avqust 2026 15:59
175
SİYASƏT
A- A+
Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa


 Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin mətbuat qarşısında çıxışlarında səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxaraq daha geniş geosiyasi, geoiqtisadi formalaşdırdığını və türk sivilizasiya məkanının inkişafına əhəmiyyətli töhfə verdiyini göstərir. İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər “çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub”. Prezidentin qeyd etdiyi “bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir” fikri xüsusi əhəmiyyət daşıyır. Çünki bir çox dövlətlərarası tərəfdaşlıq yalnız ortaq siyasi və iqtisadi maraqlara əsaslanır. Azərbaycan və Özbəkistan münasibətlərində isə strateji maraqlar xalqların ortaq tarixi, dili, mədəniyyəti, mənəvi dəyərləri və sivilizasiya yaxınlığı ilə tamamlanır. Məhz bu xüsusiyyət münasibətləri daha dayanıqlı və uzunmüddətli edir.

Bu baxımdan Prezident Mirziyoyevin “Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir” sözləri münasibətlərin siyasi mahiyyətini çox dəqiq ifadə edir. Onun fikrincə, münasibətlərin təməlində “vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr” dayanır. Prezident Mirziyoyevin xüsusilə vurğuladığı “bu dərin bağlılıq münasibətlərimizi monolit və xarici konyunkturun təsirinə qarşı dayanıqlı edir” fikri Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm geosiyasi xüsusiyyətini ortaya qoyur: bu münasibətlər situativ maraqlardan deyil, fundamental strateji və mənəvi əsaslardan qaynaqlanır.

Yeni geosiyasi məkan: Mərkəzi Asiya və Azərbaycan

Prezident İlham Əliyevin “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur” fikri xüsusilə diqqətəlayiq strateji yanaşmadır.
Bu yanaşma faktiki olaraq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əvvəlki coğrafi və siyasi ayrı-seçkiliyin aradan qalxdığını göstərir. Azərbaycan Xəzərin qərb sahilində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək, Şərq-Qərb istiqamətlərində formalaşan yeni bağlantılar sistemində bir-birini tamamlayan mövqelərə malikdir.
Prezident Əliyevin “yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş region” ifadəsi də təsadüfi deyil. Burada söhbət sadəcə coğrafi yaxınlıqdan getmir. Yeni region anlayışı:
siyasi dialoqun;
nəqliyyat və logistika əlaqələrinin;
enerji və iqtisadi əməkdaşlığın;
ortaq təhlükəsizlik maraqlarının;
mədəni və sivilizasiya yaxınlığının
vahid sistemdə birləşməsini nəzərdə tutur.
Bu mənada Azərbaycan və Özbəkistan arasındakı sıx əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarına deyil, daha geniş regionun inteqrasiyasına xidmət edən əsas sütunlardan birinə çevrilir.

Trans-Xəzər dəhlizi: yeni iqtisadi inteqrasiyanın əsası


Prezident Mirziyoyevin çıxışında nəqliyyat-tranzit əməkdaşlığı xüsusi yer tutur. Onun “Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq” sözləri gələcək əməkdaşlığın ən mühüm istiqamətlərindən birini müəyyənləşdirir.
Bu, Azərbaycan və Özbəkistanın iqtisadi tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm tranzit qovşağıdır. Özbəkistan isə böyük iqtisadi, sənaye və demoqrafik potensiala malik Mərkəzi Asiya dövlətidir. Bu potensialların birləşdirilməsi daha geniş Avrasiya məkanında yeni iqtisadi imkanlar yaradır.
Xüsusilə “Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq” fikri diqqət çəkir. Bu, nəqliyyat-logistika əməkdaşlığının artıq ümumi niyyətlərdən konkret infrastruktur və institusional layihələr mərhələsinə keçdiyini göstərir.

Prezident Əliyevin siyasi kursu: suverenliyin bərpası, Qarabağın dirçəlişi və qardaşlıq həmrəyliyi


Prezident Mirziyoyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası və postmünaqişə quruculuğu ilə bağlı fikirləri də xüsusi siyasi məna daşıyır. O bildirib ki, “İlham Heydər oğlunun siyasi kursunun məqsədyönlülüyünü xüsusilə qeyd etmək istərdim. Bu kurs sayəsində ölkənin bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün olub.”
Bu, Özbəkistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinin və Azərbaycanın postmünaqişə inkişaf modelinə verdiyi yüksək qiymətin ifadəsidir. Mirziyoyevin “qədim Qarabağ torpağı yenidən dirçəlir” sözləri isə artıq diqqətin münaqişədən sonrakı mərhələyə – bərpa, yenidənqurma, iqtisadi inkişaf və insanların öz doğma yurdlarına qayıdışına yönəldiyini göstərir. Onun sözləri ilə desək, “insanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir”. Burada Özbəkistanın Qarabağın bərpasında iştirakının da xüsusi siyasi və mənəvi əhəmiyyəti var. Bu, qardaşlığın yalnız bəyanatlarda deyil, praktiki fəaliyyət və konkret layihələrdə də özünü göstərdiyini nümayiş etdirir.

 

İkitərəfli münasibətlərdən regional tərəfdaşlığa


Prezident Mirziyoyevin ən mühüm mesajlarından biri də budur ki, “Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb.” Bu fikir Prezident Əliyevin vahid geosiyasi və geoiqtisadi region konsepsiyası ilə tam səsləşir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı qərarı Mirziyoyev haqlı olaraq “tarixi qərar” adlandırır.
Bu addım Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında “vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşdırılması” baxımından yeni siyasi mərhələ açır. Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin çıxışları göstərir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsi üç əsas sütun üzərində yüksəlir: ortaq sivilizasiya və mənəvi yaxınlıq, strateji tərəfdaşlıq, siyasi müttəfiqlik və əbədi dostluq, ikitərəfli və geniş regional geoiqtisadi inteqrasiya. “Əbədi dostluq” anlayışının əsl mahiyyəti də məhz burada özünü göstərir: keçmişdən gələn qardaşlıq gələcəyin konkret siyasi, iqtisadi, nəqliyyat və humanitar layihələri ilə birləşir. Beləliklə, Azərbaycan və Özbəkistan təkcə iki qardaş dövlət arasında münasibətlərin nümunəsini yaratmır, eyni zamanda, Mərkəzi Asiya-Azərbaycan məkanında yeni regional inteqrasiya modelinin əsasını formalaşdırırlar.

 

“Əbədi dostluq haqqında”müqavilənin mahiyyəti, əhəmiyyəti və perspektivləri

 

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış “Əbədi dostluq haqqında” Müqavilə iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini çox aydın şəkildə ortaya qoyur. Sənədin əsasını dostluq, qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik təşkil edir. Tərəflər bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstəyi bir daha təsdiqləyirlər. Bu, iki dövlət arasında münasibətlərin yüksək qarşılıqlı etimad üzərində qurulduğunu göstərən mühüm hüquqi təsbitdir.
Müqavilənin əhəmiyyətini ümumən beş əsas istiqamətdə qiymətləndirmək olar:
Siyasi-strateji tərəfdaşlıq və müttəfiqlik;
Təhlükəsizlik və qarşılıqlı etimad;
İqtisadi və texnoloji tərəfdaşlıq;
Nəqliyyat və regional bağlantılılıq;
Xalqlararası əlaqələri və birgə dəyərlər,
Humanitar və mədəni inteqrasiya – dil, təhsil, elm, mədəniyyət, gənclər, turizm və şəhərlərarası əlaqələrin inkişafı.
Tərəflər çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının əsas əlaqələndirici və stimullaşdırıcı rolundan səmərəli istifadə etmək və bu mexanizm çərçivəsində fəal qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəldilər.
Əbədi dostluq haqqında müqavilə Azərbaycan və Özbəkistan münasibətlərini yalnız dostluq ifadələri ilə deyil, çoxsaylı konkret əməkdaşlıq istiqamətləri və qarşılıqlı öhdəliklərlə möhkəmləndirən geniş hüquqi çərçivədir. Burada siyasi etimad təhlükəsizlik əməkdaşlığı ilə, iqtisadi tərəfdaşlıq nəqliyyat və logistika imkanları ilə, humanitar yaxınlıq isə elm, təhsil, dil, mədəniyyət və turizmlə tamamlanır. Müqavilənin mətnindən aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər hərtərəfli, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə söykənir. “Əbədi dostluq” anlayışının sənəddə konkret hüquqi və praktiki məzmunla ifadə olunması da bu münasibətlərin möhkəm əsaslara malik olduğunu göstərən ən mühüm məqamlardan biridir.
Müqavilənin mühüm xüsusiyyətlərindən biri qarşılıqlı təhlükəsizlik və etimad məsələlərinin konkret şəkildə əks olunmasıdır. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək fəaliyyətlərdə iştirak etməməyi, öz ərazilərindən digər tərəfə qarşı belə fəaliyyət üçün istifadə olunmasına yol verməməyi öhdələrinə götürürlər. Bununla yanaşı, müqavilənin üçüncü dövlətlərə qarşı yönəlmədiyi xüsusi olaraq qeyd olunur. Beləliklə, sənədin mahiyyəti Azərbaycan və Özbəkistan arasında etibarlı, sabit və qarşılıqlı faydalı münasibətləri möhkəmləndirməkdir.
Sənəd siyasi əməkdaşlığın daimi və sistemli xarakter daşımasını nəzərdə tutur. Parlamentlərarası əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi və xarici işlər nazirlikləri xətti ilə daimi məsləhətləşmələrin aparılması üçün mexanizmlər müəyyən edilir. Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müntəzəm fikir mübadiləsinin aparılması da iki ölkə arasında siyasi dialoqun davamlılığını təmin edən mühüm istiqamətdir.
Müqavilənin iqtisadi məzmunu xüsusilə genişdir. Tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirməyi, sənaye kooperasiyasını dərinləşdirməyi və energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar kimi müasir və strateji sahələrdə birgə layihələrin həyata keçirilməsinə kömək göstərməyi razılaşdırırlar. Yüklərin və sərnişinlərin qarşılıqlı faydalı daşınmasının təmin edilməsi, nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması və qarşılıqlı əlaqəli nəqliyyat sisteminin möhkəmləndirilməsi də sənəddə xüsusi yer tutur. Bu müddəalar iqtisadi münasibətlərin yalnız mövcud sahələrlə məhdudlaşmadığını, yeni texnologiyalar və gələcəyin iqtisadiyyatına aid istiqamətləri də əhatə etdiyini göstərir.

Müqavilə iki xalq arasındakı mənəvi və humanitar yaxınlığa da böyük əhəmiyyət verir. Elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinin dəstəklənməsi, elmi və təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir təhsil texnologiyalarının tətbiqi və innovativ layihələr üçün şərait yaradılması iki xalq arasındakı yaxınlığın gələcək nəsillərə ötürülməsinə xidmət edən konkret istiqamətlərdir. Şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin təşviqi də bu münasibətlərin yalnız mərkəzi dövlət qurumları səviyyəsində deyil, regionlar və insanlar arasında da genişlənməsini nəzərdə tutur.
Əsas nəticə ondan ibarətdir ki, “Əbədi dostluq haqqında” Müqavilə Azərbaycan ilə Özbəkistan arasında mövcud olan tarixi qardaşlıq münasibətlərini institusional və hüquqi müstəviyə keçirərək, uzunmüddətli strateji əməkdaşlığın hərtərəfli yol xəritəsini müəyyən edir.

 

Rizvan Nəbiyev,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

Metroda bir qapı daha açıldı: M1-də sərnişinlər daha az gözləyəcək

15:52
24 Avqust

Sülh və TRIPP: Ermənistan üçün yeni iqtisadi imkanların qapısı açıla bilər

15:45
24 Avqust

Gizli qapı tutacaqları səbəbindən milyonlarla Tesla geri çağırılır

15:37
24 Avqust

Uşaqların ekran vaxtı niyə məhdudlaşdırılmalıdır?

15:35
24 Avqust

Transatlantik kölə ticarətinin təsirləri müzakirə olunub

15:33
24 Avqust

Çin Yaxın Şərqdəki neft böhranının təsirlərini necə azaldıb?

15:31
24 Avqust

Süni intellekt təbii fəlakətlərə qarşı mübarizədə yeni “qalxan”a çevrilir

15:30
24 Avqust

Xaricdə universitet, gözlənilməz xərc: Tələbənin yol çantasına nə qoyulmalıdır?

15:28
24 Avqust

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

15:26
24 Avqust

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

15:24
24 Avqust

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

15:18
24 Avqust

Zəfər yolu ilə 

15:01
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri əlaqələrin inkişafına böyük təkan verəcək

14:39
24 Avqust

Özbək rektor: İkitərəfli münasibətlərdəki yeni mərhələ təhsil sahəsində əməkdaşlığın keyfiyyətini yüksəldir  

14:34
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri iqtisadi və institusional tərəfdaşlığa çevrilir

13:57
24 Avqust

Keyfiyyətcə yeni mərhələyə yüksələn münasibətlər

13:45
24 Avqust

Laçın Beynəlxalq Film Festivalı başlayıb

13:25
24 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!