Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq haqqında Müqavilə” münasibətlərin inkişafında tarixi hadisə kimi qiymətləndirilir. İki ölkə arasında əməkdaşlıq siyasi dialoqla yanaşı, ticarət, investisiya, energetika, tikinti, kənd təsərrüfatı, nəqliyyat və digər istiqamətlərdə də genişlənir. Son 5 ildə qarşılıqlı ticarət dövriyyəsinin 3 dəfə artması, birgə layihələr portfelinin isə 5 milyard dolları ötməsi iqtisadi əlaqələrin yüksək inkişaf dinamikasını nümayiş etdirir. Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edərək yeni mərhələyə yüksəlir. Son illərdə iki ölkə həm ənənəvi, həm də bərpaolunan energetika sahəsində mühüm birgə layihələr həyata keçirir. İkitərəfli dialoqun yüksək səviyyəsi enerji resurslarının hasilatı və nəqli, eləcə də yaşıl texnologiyaların tətbiqi sahəsində yeni təşəbbüslərin inkişafına şərait yaradır. Özbəkistanla yaşıl enerji sahəsində tərəfdaşlıq Mərkəzi Asiya və Xəzər regionunda dayanıqlı energetikanın inkişafına yönəlmiş Günəş, külək və su enerjisi layihələrini əhatə edir.
“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, belə fəal əməkdaşlıq fonunda iki ölkənin biznes dairələri arasında əlaqələr də güclənir. Bu tendensiya Özbəkistan şirkətlərinin Bakıda keçirilən beynəlxalq ticarət sərgilərində iştirakı ilə aydın şəkildə özünü göstərir. Sərgilər özbək şirkətlərinə məhsul və xidmətlərini Azərbaycan bazarında təqdim etmək, yerli və xarici tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün mühüm platforma yaradır.
2025-ci il ərzində “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən Azərbaycanda təşkil olunan sərgilərdə Özbəkistan ümumilikdə 24 şirkətlə təmsil olunub. Sərgilərin iştirakçıları sırasında “Uzbekneftegaz” ASC, “Uzpromstroymateriali”, “Basalt Uzbekistan”, “Trade Development Company” ASC və Özbəkistanın müxtəlif sahələrdə fəaliyyət göstərən digər aparıcı şirkətləri yer alıb. Bu şirkətlər sərgilər çərçivəsində neft-qaz və energetika, tikinti, yol infrastrukturu, nəqliyyat, səhiyyə, logistika və digər mühüm sahələrdə məhsul və xidmətlərini təqdim edərək yerli və beynəlxalq biznes nümayəndələri ilə potensial tərəfdaşlıq istiqamətlərini müzakirə ediblər.
Özbəkistan şirkətləri Bakı Enerji Həftəsində də fəal iştirak edirlər. Özbəkistanın geoloji kəşfiyyat, neft və qazın hasilatı, nəqli, saxlanılması, emalı və satışı ilə məşğul olan ən böyük dövlət şirkəti – “Uzbekneftegaz” ardıcıllıq olaraq hər il tədbirdə öz stendi ilə təmsil olunur. Ənənəyə sadiq olaraq şirkət 2026-cı ildə də “Caspian Oil & Gas” sərgisinə qatılıb.
Bununla yanaşı, ötən il Özbəkistan “Caspian Construction Week” çərçivəsində milli pavilyonla çıxış edərək ölkənin müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərini və ixrac potensialını vahid ekspozisiyada təqdim edib.
2026-cı ilin sərgi mövsümündə də Özbəkistan şirkətləri Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə təmsil olunacaqlar. “Trade Development Company” ASC və “RAV Ekspress” kimi şirkətlər “BakuBuild” sərgisinə qatılacaqlar.
Özbəkistan şirkətlərinin Azərbaycanın beynəlxalq sərgilərində fəal iştirakı iki ölkə arasında möhkəmlənən siyasi, iqtisadi və işgüzar əlaqələrin təzahürüdür. Yüksəksəviyyəli siyasi münasibətlər və yaradılmış əlverişli əməkdaşlıq mühiti qarşıdakı sərgi mövsümlərində də Özbəkistanın daha çox şirkətlə və daha geniş sahələr üzrə təmsil olunması üçün yeni imkanlar açır.