30 ildir Prezidenti İlham Əliyevin ilin
sonunda idman ictimaiyyəti ilə görüşü, uğur qazanan idmançıların
mükafatlandırılması yalnız idman hadisəsi deyil, dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Belə ki, bu, ilk növbədə
dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir. Ali rəhbərlik səviyyəsində
idmançılarla birbaşa görüş idmanın dövlət üçün prioritet sahə olduğunu təsdiqləyir.
Gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirdiyi mesajını verir, bu,
idmançıların motivasiyasını və məsuliyyət hissini artırır. Belə görüşlər eyni
zamanda uzunmüddətli strategiyaların reallaşmasını sürətləndirir. Cənab
Prezident budəfəki görüşdə də vacib mesajlar verdi.
Təsadüfi deyil ki, bu il də Azərbaycan idmanı
üçün uğurlu il kimi yadda qaldı. Belə ki, bu il də qalib ölkənin təmsilçiləri
kimi idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.
Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən
600-dən çox qızıl medal qazanılıb. Dövlət başçımızın da söylədiyi kimi, idmanın
inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə
gətirib çıxarır. Ölkəmiz eyni zamanda beynəlxalq idman yarışlarına ev
sahibliyini də uğurla davam etdirib. Belə ki, bu il MDB ölkələrinin üçüncü
Oyunları, eyni zamanda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir məhz Azərbaycanda
keçirildi. Həmçinin yarım milyard auditoriyası olan Formula 1 yarışları da
Bakının təqdimatında böyük maraqla qarşılanıb.
Təsadüfi deyil ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn
xarici turistlərin sayı 20 faiz artıb.
Azərbaycan həm də Xizək üzrə Dünya Kubokuna ev
sahibliyinə hazırlaşır. Beləliklə, ölkəmiz beynəlxalq xizək idmanının cədvəlinə
düşür.
Bütün bunlar ölkəmizin imici, idman
potensialının bütün dünyaya nümayişi baxımından faydalıdır.
Təkmil, beynəlxalq standartlara cavab verən
infrastrukturun qurulması da idmanın inkişafına töhfə verir. Bu il Gəncədə və
Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatıb və beləliklə, bölgələrdə
Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. İdmanın inkişafı həm də sağlam
gənc nəslin formalaşması deməkdir. Dövlət başçımızın da söylədiyi kimi, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını
əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək
inkişafı üçün lazımdır.
İlin ən vacib idman hadisələrindən biri də
Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsidir.
Ümumiyyətlə, şəhərlərin “idman paytaxtı” seçilməsi təkcə idman sahəsinə aid
simvolik qərar deyil, iqtisadi, sosial, mədəni və strateji əhəmiyyətə malik
hadisədir. Bu status şəhərin və ölkənin inkişafına çoxşaxəli təsir göstərir.
Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Bütün bu uğurların kökündə dövlət dəstəyi,
eyni zamanda idmanı vətənə xidmət forması kimi təqdim etmək dayanır. Bu,
xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı