Azərbaycan QHT-ləri bu qurumun Prezident Donald Trampın təşviq etdyi sülh gündəliyini pozmağa yönəlik iddialarından narahatdır
ABŞ-nin Lemkin İnstitutunun bu ölkənin Prezidentinə Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, Azərbaycanın QHT nümayəndələri dekabrın 25-də Donald Trampa açıq məktub yazıblar.
Bundan əvvəl, dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də açıq məktub ünvanlayaraq bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu ilk növbədə elan etdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırıb.
Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə müraciətində deyilir ki, məhz onun sülh yaradan liderliyi sayəsində Cənubi Qafqaz regionu son 35 ilin ən dinc dövrünü yaşayır. Bu nailiyyət 2025-ci il avqustun 8-də Vaşinqton Birgə Bəyannaməsi vasitəsilə şəxsən Donald Tramp tərəfindən təmin edilib. Tərəflərin sülhə bu qədər yaxın olduqları zamanda ABŞ-nin "Lemkin İnstitutu" adlandırılan qurum Donald Trampın şəxsən təşviq etdiyi sülhü sarsıtmağa yönəlmiş kampaniyaya başlayıb. Hansı ki, o kampaniyaların heç bir əsası yoxdur.
QHT-lərin müraciətində ABŞ Prezidentinə əsaslandırılmış faktlar təqdim edilib. Həmin faktlarda göstərilir ki, Milad və Yeni ilin emosional ab-havasını fürsət bilən bu qrup həbsdəki məlum şəxslərin azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırış etsələr də, onlar bu ritorika ilə deyil, törətdikləri əməllərə görə qiymətləndirilməlidir. Məhz bu şəxslərin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən beşdəbiri 30 ildən artıq müddət ərzində Ermənistanın işğalı altına düşüb, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb.
Dezinformasiya kampaniyaları aparanlar 30 ildən artıq davam etmiş işğal dövründə terrorizmin maliyyələşdirilməsi, təcavüzkar müharibənin aparılması və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı ittiham olunan şəxsləri "girovlar" kimi qələmə verməyə çalışırlar. Onların əməlləri nəticəsində bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, yüzlərlə mülki yaşayış məntəqəsi sistemli şəkildə məhv edilib. Saxlanılan şəxslərdən biri əvvəlki dövrdə USAID rəhbəri Samanta Pauer ilə sıx əlaqələri olan, Rusiya-ermənistanəsilli oliqarx Ruben Vardanyandır. O, Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinin qarşısını almaq məqsədilə Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yaradılmış oyuncaq rejimə "dövlət naziri" kimi göndərilmişdi.
Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirir. Ruben Vardanyanla bağlı iş də daxil olmaqla, hüquqi icraatlar məhkəmə kollegiyaları tərəfindən aparılır və ictimaiyyət üçün açıqdır.
Amma adıçəkilən institut bu prosesi təqib kimi sırımağa çalışır. Əlbəttə ki, hər kəsin açıq şəkildə izləyə biləcəyi məhkəmə prosesində yaşananlar onu deməyə əsas verir ki, edilən cəhdlər tamamilə əsassızdır. Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu harmoniyada yaşadıqları dünyəvi ölkədir. Məsələn, ötən ay Bakı şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəsmi toplantısı keçirilib. Eyni zamanda tikintisi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən ikinci katolik kilsə hazırda paytaxtda inşa olunmaqdadır. Bu faktlar bir daha Azərbaycanın dinlərarası dialoqa və tolerantlığa sadiqliyini nümayiş etdirir. Bu kimi çoxsaylı nümunələr var.
Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişə heç vaxt dini xarakter daşımayıb. Bəzi bədxahlar məhz ABŞ Prezidentinin şəxsi iştirakı sayəsində regionda əldə olunmuş sülhü sarsıtmağa cəhd edirlər. Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq, Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə başlanılıb və iqtisadi əlaqələr bərpa edilir.
Müraciətin sonunda qeyd edilir ki, ABŞ Prezidentinin liderliyi sayəsində dünyanın müxtəlif bölgələrində onilliklər boyu davam etmiş bir sıra münaqişələr artıq keçmişə çevrilib. QHT-lər inanırlar ki, Lemkin İnstitutu kimi pozucu qüvvələr Amerika ictimaiyyətini yanlış istiqamətləndirmək məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"