Son illər dünyanın bir sıra ölkəsində kannabisdən istifadə leqallaşdırılıb. Onların arasında AFR-da var. Almaniyada tibbi marixuananın liberallaşdırılmasından bəri satışlar inanılmaz dərəcədə artmaqdadır. Hazırda hakimiyyət orqanları sui-istifadədən ehtiyatlanır və daha sərt qaydaları müzakirə edir.
Almaniyanın durğun iqtisadiyyatında az sayda sənaye davamlı artımla öyünə bilər. Nadir istisnalardan biri tibbi kannabis bazarıdır. İki il əvvəl qəbul edilmiş qanunvericilik dəyişiklikləri sayəsində bu, son zamanlar partlayıcı sürətlə böyüyür.
Sənaye assosiasiyası BPC-yə görə, Almaniyada tibbi kannabis bazarının 2024-cü ildə təxminən 1 milyard avro dəyərində olmasına baxmayaraq, ötən il ikiqat artaraq 2 milyard avroya çatıb. 2025-ci ildə Almaniyaya tibbi kannabis idxalı 192 ton təşkil edib - əvvəlki ildəki 71,6 tondan və 2023-cü ildəki cəmi 32 tondan sonra.
Lakin bütün istehlakçılar kannabisi yalnız tibbi məqsədlər üçün istifadə edirlərmi? Bu, açıq sualdır. Hakimiyyət orqanları cavabın mənfi olacağından ehtiyatlanır və artıq qanunvericiliyin mümkün sərtləşdirilməsini müzakirə edir.
Kannabisin qismən leqallaşdırılmasından iki il sonra alman nazirlər bunu siyasi səhv adlandırırlar. Qara bazar bir qədər kiçilsə də, nəhəng, çətinliklə idarə olunan kannabis bazarı hələ də mövcuddur.
Almaniyanın Səhiyyə naziri Nina Varken kannabis istehlakı ilə bağlı yeni hesabat haqqında açıq şəkildə etiraf edib: "Kannabisin istirahət və əyləncə məqsədləri üçün qismən leqallaşdırılması səhv idi!"
Bu günlərdə İstehlakçı kannabis qanunu ilə bağlı ikinci ara qiymətləndirmə hesabatı təqdim edilib.
Düsseldorf, Hamburq və Tübingen universitetlərinin tədqiqat layihəsi qanunun yetkinlik yaşına çatmayanların müdafiəsinə, sağlamlığına və cinayətkarlığa təsirini araşdırır. SPD, FDP və Yaşıllar koalisiyası tərəfindən hazırlanmış Kannabis haqqında anunu (KCanG) 2024-cü il aprelin 1-də qüvvəyə minib.
O vaxtdan bəri gənclər üçün profilaktika proqramlarının azalması xüsusilə narahatedici hal alıb. Səhiyyə nazirinin sözlərinə görə, hadisələrin bu inkişafını görməzdən gələnlər gənclərin sağlamlığını riskə atırlar.
Daxili İşlər naziri Aleksandr Dobrindt isə qanunu "tamamilə uğursuz" elan edib və onun daxili təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olduğunu vurğulayıb. Qara bazar sürətlə inkişaf edir, polis və müstəntiqlər isə satıcıları tutmaqda çətinlik çəkirlər.
Ailə naziri Karin Priyen (CDU) da islahatı tənqid edərək, bunun asılılığın qarşısının alınmasına xələl gətirdiyini söyləyir.
Öz növbəsində, Federal hökumətin narkotiklər üzrə komissarı, professor Hendrik Ştrek qanuna düzəlişlər tələb edir: “İcazə verilən saxlama miqdarı çox yüksəkdir və sui-istifadə geniş yayılıb. Bunun davam etməsinə icazə vermək səhlənkarlıq olardı".
Qanuni bazarın inkişafı xüsusilə partlayıcıdır. Elmi qiymətləndirmələrə görə, Almaniya hazırda Avropada ən böyük qanuni kommersiya kannabis bazarına malikdir. Təkcə 2025-ci ildə 200 tona yaxın tibbi kannabis idxal edilib ki, bu da əvvəlki ilə nisbətən təxminən 200 faiz artımdır.
Mütəxəssislər bunu təhlükəli bir dinamika kimi görürlər: bazar tənzimləmədən daha sürətli böyüyür. Bundan əlavə, artan miqdarda kannabisin mənbəyi və nəticədə necə istifadə edildiyi ilə bağlı şəffaflıq yoxdur. Almaniyanın Avropa paylama mərkəzinə çevrildiyinə dair artan əlamətlər var.
"Şübhəli onlayn platformalar və icazəsiz reklamlar vasitəsilə xəstə deyil, istirahət və əyləncə istifadəçilərini hədəf alan böyük bir bazar yaranıb. Bunun artıq tibblə heç bir əlaqəsi yoxdur", - deyə komissar bildirir.
İstehlakçı kannabis qanununun ara qiymətləndirmə hesabatında da sağlamlıqla bağlı narahatlıqların artdığı qeyd olunur. Psixiatrik klinikalar həm asılılıq, həm də kannabisdən qaynaqlanan psixoz hallarının artdığını bildirirlər.
Leqallaşdırmanın əsas məqsədlərindən biri yetkinlik yaşına çatmayanların müdafiəsini gücləndirmək idi. Lakin burada da mənzərə qarışıqdır. Gənclərin istifadəsi uzun müddət ərzində artmasa da, profilaktika proqramlarından daha az istifadə olunur.
Professor Hendrik Ştrek deyir: "Kannabis istifadəsində tutulan hər kəsin bu gün qanun qüvvəyə minməzdən əvvəlki dövrlə müqayisədə erkən məsləhət və dəstək alma ehtimalı daha azdır. Hesabatda bunun səbəbi də göstərilir. Polis, məhkəmə orqanları və yetkinlik yaşına çatmayanlar məhkəmələri məsləhət üçün göndərişləri ləğv ediblər. Dəyişikliklər etməliyik. Çünki erkən müdaxilə etməsək, gənclər və onların ətrafı problemlə təkbaşına məşğul olacaqlar."
Dekriminallaşdırma ilə məcburi tədbirlər də ləğv edilib. Polis, gənclərin rifahı xidmətləri və profilaktika mərkəzləri əvvəlkindən daha az sıx işləyir. Nəticə: daha az müdaxilə və risk altında olan gənclərə daha az dəstək.
Hüquq-mühafizə orqanları da yeni çətinliklərlə üzləşir. Müstəntiqlər bildirirlər ki, dilerlər, xüsusən də narkotik saxlama məhdudiyyətlərinin geniş olması səbəbindən fəaliyyətlərini gizlətməyin yolunu daha asan tapırlar.
Həqiqətən də, qanuni təchizatın qara bazarı qismən sıxışdırdığına dair əlamətlər var. Eyni zamanda, qanunsuz dövriyyə davam edir və hakimiyyət orqanları üçün bununla mübarizə əvvəlkindən daha çətinləşib.
Qanunun tam qiymətləndirilməsi hələ başa çatmayıb və yekun hesabatın 2028-ci ilə qədər təqdim edilməsi gözlənilmir. Lakin siyasətçilərin düzəlişlər etmək və ya qanunu kökündən dəyişdirmək istədikləri artıq aydındır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”