14 Mart 2026 02:22
132
PARLAMENT
A- A+
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib


Hörmətli xanım sədr! Hörmətli deputatlar!

Ənənəvi olaraq bu gün Nazirlər Kabineti 2025-ci ildəki fəaliyyətinə dair geniş hesabatla Milli Məclis qarşısında çıxış edir.

Bu cür hesabatlılıq hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığın möhkəmlənməsinə, görülmüş işlərin və qarşıda duran vəzifələrin birgə müzakirəsinə əlverişli şərait yaradır.

Eyni zamanda bu proses şəffaflığın və qarşılıqlı məsuliyyət prinsipinin daha da güclənməsinə xidmət edir.

Hörmətli deputatlar!

2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı. “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpaolunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər.

İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirmiş, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərmişdir. Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan vermişdir.

Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olmuşdur. Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcəkdir.

2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.

Hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına üzv qəbul olunmuşdur.

Eyni zamanda ötən il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmişdir.

Bu tədbirlər sırasında təbii ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xüsusilə qeyd etmək olar.

Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə evsahibliyi edəcəkdir. Onların sırasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu mötəbər tədbir müasir şəhərsalma yanaşmaları və beynəlxalq təcrübə mübadiləsi baxımından qlobal əhəmiyyətə malik platformaya çevriləcək. 

Cənab Prezidentin 2025-ci il 22 dekabr tarixli sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin ardıcıl xarakter daşıdığını əyani şəkildə göstərir.

Hörmətli deputatlar!

Bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artan gərginlik və risklər fonunda cənab Prezidentin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycan Respublikasının suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır.

Məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş vermişdir. Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir.

Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir.

Hörmətli deputatlar!

2025-ci ilin yekunlarına dair yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə cənab Prezident ötən ilin iqtisadi inkişafından razılığını bildirmiş, iqtisadiyyatımızın özünü təmin etdiyini və güclü dayanıqlılıq nümayiş etdirdiyini bildirmişdir.

Hesabat ilində ölkədə:

-  ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 mlrd. manat olmuşdur.

-  Qeyri-neft sektoru isə real ifadədə 2,7 faiz artaraq 92,3 mlrd. manata çatmışdır. İqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranmışdır. Qeyri-neft-qaz sənayesində 5,5 faiz artım olmuşdur. Neft-qaz sektorunda 1,6 faiz azalma olmuşdur.

-  Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olmuşdur.

-  Xarici ticarətdə 6,4 mlrd.dollarlıq müsbət saldo (qızıl idxalı çıxılmaqla)  və qeyri-neft ixracının 8 faizdən çox artaraq 3,6 mlrd. dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.

Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. $ və ya 20 faiz artaraq 85 mlrd.$-ı keçmişdir (hazırda ≈ 91 mlrd $). Bu, ÜDM-dən 12 faiz çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 mlrd. dollar) 18 dəfəyədək üstələyir. 2025-ci ildə inflyasiya hədəf diapazonunda olmuşdur. Belə ki, illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etmişdir. Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39,2 mlrd. manat (5,4 faiz çox), xərcləri isə 38,6 mlrd. manat (2,4 faiz çox) icra olunmuşdur.

Prezident İlham Əliyevin cari ilin 21 yanvar tarixində Davos Forumunda vurğuladığı kimi, qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın əsas prioriteti makroiqtisadi sabitliyin qorunması, fiskal intizam və iqtisadiyyatın neftdən kənar sahələr üzrə şaxələndirilməsi və inkişafıdır.

Hesabat ilində institusional sahədə islahatlar davam etmiş, sahibkarlığın inkişafı, biznes-investisiya mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması, şəffaflıq və dövlət maliyyəsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Cənab Prezidentin 2025-ci il 25 avqust tarixli fərmanı dövlət maliyyəsinin səmərəli idarə olunmasında rəqəmsal həllərin genişləndirilməsini hədəfləyir.

Bu məqsədlə yaradılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi büdcə proseslərinin, maliyyə nəzarətinin, xəzinədarlıq, eləcə də dövlət qurumları arasında maliyyə sənədlərinin elektron mübadiləsini təmin edəcəkdir.

Hörmətli deputatlar!

2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilmişdir. Əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur.

2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələmişdir.

2025-ci il dövlət büdcəsi xərclərinin 39,5 faizi və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir (2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1 faiz çoxdur).

Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilmişdir ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilmişdir.

Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.

Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı isə iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır. Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4,8 milyard manatdan artıq vəsait ayrılmışdır (artım 5,1 faiz). 2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılmış, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir. Eyni zamanda 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılmışdır. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1,3 milyard manat vəsait ayrılmışdır.

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmiş, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilmişdir.

Ümumiyyətlə, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat investisiya vəsaiti yönəldilmişdir. İnvestisiyanın 74,8 faizi qeyri-neft-qaz sektoruna, 25,2 faizi neft-qaz sektoruna yönəldilmişdir.

Hörmətli deputatlar!

2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılmışdır. Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir.

Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,1 milyard manat vəsait ayrılmışdır (2024-cü illə müqayisədə 1,5 mlrd. manat və ya 23 faiz çox).

Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

Mövcud geosiyasi şərait nəzərə alınaraq əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mövcud infrastrukturun bərpası və yenisinin inşası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial-iqtisadi həyatın canlandırılması istiqamətində genişmiqyaslı işlər uğurla davam etdirilir.

Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil etmişdir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılmışdır. (2025- 4,4 mlrd. manat). 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25,5 milyard manat vəsait ayrılmışdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir.

2025-ci ildə 69,2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil etmişdir. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bununla yanaşı, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 2-ci Milli Prioritetin əsas məqsədlərindən biri də “Paytaxt və regionların tarazlı inkişafı”dır.

2025-ci ildə ölkədə 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərmişdir ki, burada 179 rezident və qeyri-rezident qeydiyyatdan keçmiş, 103 müəssisə istehsal fəaliyyətinə başlamışdır. 2025-ci ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunmuş, ondan 1,2 mlrd. manat həcmində məhsul ixracı edilmişdir.

Hesabat ilində torpaq və su ehtiyatlarının mühafizəsi gücləndirilmiş, su problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Prezidentin 2026-cı il 12 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

2025-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 mln. manat vəsait ayrılmışdır.

Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 mln. manat məbləğində (23 faiz çox) vəsait yönəldilmişdir.

Hörmətli deputatlar!

Prezident İlham Əliyevin Davos platformasında vurğuladığı kimi, nəqliyyat, rəqəmsal infrastruktur, ”yaşıl enerji”  və hasilat sənayesinin yeni mərhələsi Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi çıxış edir.

Hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir.

2025-ci ildə qeyri-neft ÜDM-nin 13 faizi bu sahələrin hesabına formalaşmışdır. Yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta dəhliz strategiyasının real prosesə çevrildiyini göstərir.

İnformasiya və rabitə xidmətləri sektorunun genişlənməsi iqtisadiyyatın texnoloji komponentinin gücləndiyini, məhsuldarlığın fiziki kapitalla yanaşı, bilik, rəqəmsallaşma və innovasiya vasitəsilə artdığını göstərir.

Ötən ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilmişdir.

Cənab Prezidentin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqram çərçivəsində dayanıqlı nəqliyyat sisteminin qurulması, xidmət keyfiyyətinin artırılması, nəqliyyatda rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi əsas istiqamətlər kimi müəyyən edilmişdir.

Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilmişdir. 2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş, yenidən qurulmuş və əsaslı təmir olunmuş, 84 km dəmir yolu xətti yenidən qurulmuş, 7 dəmir yolu tuneli və körpüsü tikilmiş və əsaslı təmir olunmuşdur.  

Hesabat ilində energetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə “yaşıl enerji”nin tətbiqi istiqamətində tədbirlər davam etdirilmişdir. 2025-ci ildə enerji istehsalı 28,6 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24,7 mlrd. kVts-a yüksəlmişdir. Hazırda hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir. Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.

Bərpaolunan enerji sahəsində böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Bununla yanaşı, qaz təchizatı coğrafiyasının genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. 2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 mlrd. kubmetr qaz ixrac edilmişdir. Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilmiş və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılmışdır. Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlmişdir. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılmışdır.

Hörmətli deputatlar!

Növbəti ortamüddətli dövr dünyada və regionda cərəyan edən geosiyasi vəziyyət və geoiqtisadi amillər və hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir.

Strategiyanın davamı olaraq, 30 may 2025-ci il tarixində cənab Prezident tərəfindən imzalanmış sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının” layihəsi hazırlanmış, İqtisadi Şurada müzakirə olunmuşdur. Hər iki sənədin layihəsi hökumət tərəfindən artıq cənab Prezidentə təqdim olunub. 

2025-ci ilin yekunları üzrə göstəricilər bir daha sübut edir ki, Prezident İlham Əliyevin formalaşdırdığı iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun inkişafına, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına əsaslanır.

Mövcud iqtisadi artım bazası isə məhsuldarlıq, xidmətlərin ixracı və texnologiya əsaslı dərinləşmə üçün əlverişli şərait yaradır.

Hörmətli xanım Sədr, hörmətli deputatlar!

Hökumət üzvləri adından və şəxsən öz adımdan əminliklə bildirirəm ki, cənab Prezident tərəfindən hökumət qarşısında müəyyən edilmiş bütün hədəflər və verilən tapşırıqlar bundan sonra da tam məsuliyyətlə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcəkdir.

2026-cı ildə qanunvericilik sahəsindəki məsuliyyətli fəaliyyətinizdə hər birinizə yeni uğurlar arzulayıram. 

Həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə hər birinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram.

Diqqətinizə görə sağ olun!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

02:22
14 Mart

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

02:20
14 Mart

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:19
14 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:19
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 

02:18
14 Mart

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:15
14 Mart

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:14
14 Mart

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb  

18:31
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!