Buxarada 2025-ci ildə keçirilmiş ilk Buxara müasir incəsənət Biennalesinin əsərlərinin bir hissəsinin yenidən ekspozisiyası təqdim olunur. Buxarada VI əsrin abidəsi Gaukuşon mədrəsəsində keçirilən sərgidə yerli və xarici müəlliflərin 70-ə yaxın əsəri nümayiş etdirilir.
Bu barədə Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun layihələr üzrə idarəsinin rəisi Salahiddin Suratxocayev AZƏRTAC-a müsahibəsində məlumat verib.
Salahiddin Suratxocayev bildirib ki, ilk Biennale “Qəlbi qırılmış ürəklər üçün reseptlər” (“Recipes for Broken Hearts”) mövzusuna həsr olunub və bu mövzu təqdim olunan əsərlərin konseptual əsasını təşkil edib.
“Rəssamlar öz işlərini müxtəlif bədii obrazlar və interpretasiyalar vasitəsilə bu mövzuya uyğun yaradıblar. Hazırkı ekspozisiyada ilk Biennalenin mövzusu, xüsusilə qida, qorunub saxlanma və mədəni ənənələr motivləri vasitəsilə əks olunur”, – deyə S.Suratxocayev bildirib.
O qeyd edib ki, 2025-ci ildə keçirilən ilk Biennale Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib. Tədbir çərçivəsində 70-dən çox beynəlxalq və özbəkistanlı rəssamın əsərləri təqdim olunub, 300-dən çox kreativ sənaye və sənətkarlıq nümayəndəsi layihələri ilə iştirak edib. Üç ay davam edən Biennalenin Buxarada 2 milyondan çox ziyarətçisi olub.
S.Suratxocayev, həmçinin 2027-ci ildə Buxarada ikinci müasir incəsənət Biennalesinin keçirilməsinin planlaşdırıldığını bildirib və azərbaycanlı sənətkarları burada görmək arzusunu ifadə edib.
Qeyd edək ki, ikinci Biennalenin bədii direktoru və kuratoru ABŞ-də fəaliyyət göstərən taylandəsilli amerikalı memar və dizayner, Los-Ancelesdə yerləşən “WHY Architecture” memarlıq studiyasının təsisçisi, idarəedici və kreativ direktoru Kulapat Yantrasast təyin edilib.