Yazdığı ilk şeirlərindən böyük oxucu sevgisi qazanmış Xalq şairi Qabil İmamverdiyev (Qabil) bənzərsiz əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirmişdir. Azərbaycan poeziyasının tanınmış və sevilən nümayəndələrindən olan şair əsərlərinin mövzusunu xalqımızın qəhrəmanlıqla dolu ulu keçmişindən, uğurlarla və zəfərlərlə yaşadığı bu günündən və sabahlarından almışdır. Ona görə də bütün zamanlarda əsərləri böyük maraqla oxunmuş və dillər əzbəri olmuşdur.
Qabil 1926-cı ildə Bakıda dünyaya göz açıb. 1944-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Dil və ədəbiyyat fakültəsinə qəbul olub. 1948-ci ildə ali təhsilini başa vuraraq əvvəlcə Yardımlıda, sonra Bakıda orta məktəb müəllimi işləyib. Bir müddət sonra isə məzunu olduğu ali təhsil ocağında laborant vəzifəsində çalışıb.
Xoş günlərin birində tale yolu Qabili "Azərbaycan müəllimi" qəzetinə gətirib. O, qısa müddət ərzində bu mətbu orqanda şöbə müdirinə qədər yüksəlib. Sonra "Kommunist" qəzetində tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində Poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalında baş redaktor müavini vəzifələrində işləyib. 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında təhsli alıb.
Qabili ucalıqlara qaldıran böyük yaradıcılığa gedən ədəbi yolu 1944-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş "Gəl baharım" şeiri ilə başlayıb. Bu şeir bütün yaradıcılığı boyu Qabilin ürəyini və yaradıcılq yollarını isidib. Elə buna görə də onun yazdığı şeir və poemaların çoxundan bahar təravəti duyulub.
Dərinməzmunlu şeirləri ilə poeziya aləminə gələn Qabilin 6 ildən sonra - 1950-ci ildə "Səhər açılır" adlı ilk kitabı işıq üzü görüb. Kitab ona böyük uğur gətirib. Şairin söz boğçasının ətrafına yüzlərlə, minlərlə poeziya həvəskarları toplaşıb. "Səhər açılır" sonrakı kitablara da yol açıb. Böyük həvəslə yazıb-yaradan Qabil müxtəlif illərdə "Mənim mavi Xəzərim", "Küləkli havalarda", "Qoy danışsın təbiət", "Vətəndaş sərnişinlər" və başqa kitabları ilə oxucularla görüşə gəlib. Əsərlərindən aydın görünür ki, şairin yaradıcılığında həyat həqiqətləri, torpağa bağlılıq, təbiətə və yer üzünün əşrəfi olan insanların taleyinə sonsuz məhəbbət poetik şəkildə təsvir olunub. Dövrünün tanınmış tənqidçiləri, ədəbiyyatşünasları onun şeir və poemaları haqqında xoş sözlər söyləmiş, yaradıcılığına yüksək dəyər vermişlər.
Qabilin həmişə sevilə-sevilə oxunan "Bakılı", "Qarışdırma", "Çörək", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", "Beşiyimdir - məzarımdır o mənim", "Dağlar", "Azərbaycan torpağı", "Azərbaycan əsgəri" kimi dərinməzmunlu şeir və poemaları məna dolğunluğu, mövzu zənginliyi və poetikliyi ilə elə ilk misralarından oxucunun ürəyinə yol tapır.
Vətənpərvərlik mövzusunu nəzmə çəkməyən, nəsrə gətirməyən şair, yazıçı tapmaq mümkün deyil. Qələm adamları vətənə, torpağa olan sevgilərini ən dəyərli, ən gözəl sözlərlə ifadə etməyə çalışıblar. Xalq şairi Qabil də bu mövzuda bir-birindən dəyərli şeirlər yazıb. Amma şairin bu şeirləri arasında "Vətən" şeiri daha çox sevilir. "Vətən" şeiri müəllifin yurda, torpağa olan sonsuz sevgisinin, məhəbbətinin parlaq ifadəsidir. Qabil Vətəni özündən, özünü də Vətəndən ayrı görmür. Şair istəklərini bu misralarla ifadə edir:
Bir-birindən hər şey qopar, ayrılar -
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!
Qabili oxuculara sevdirən, tanıdan, dillər əzbəri olan şeirlərindən biri də "Səhv düşəndə yerimiz"dir. Şair bu şeiri 1969-cu ildə qələmə alıb. Üstündən xeyli zaman keçsə də, şeirdə ifadə olunan ideya, fikir gücünü, qüdrətini, təravətini qoruyub saxlayıb. Əgər belə demək mümkünsə, şairin bu şeiri bütün zamanlarla ayaqlaşır, bütün nəsillərlə yol yoldaşlığı edir. Şairin də dahiliyi elə zamanlara sığmayan şeirlər yazmağındadı. Zaman nə qədər dəyişsə də, "Səhv düşəndə yerimiz" müasirləşir, gəncləşir. İndiki və gələcək nəsilərlə yanaşı addımlayır. İfadə etdiyi fikri özündə yaşada-yaşada bu gündən sabahlara aparır.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Xalq şairi Qabilin bu şeiri yalnız sadə oxucuları, poeziya həvəskarlarını deyil, sənət adamlarını da, qələm dostlarını da heyran qoyub. Yaradıcılığı ilə həmişə oxucularını düşündürən mərhum şairimiz Cabir Novruz da bu şeiri bəyənərək ona layiqli qiymət vermişdir: "Qabilin "Səhv düşəndə yerimiz" şeirində qaldırdığı problem dünyəvi problemdir, o, bütün dövrlərdə, cəmiyyətlərdə mövcud olmuşdur, bu gün də mövcuddur".
Həmişə ehtiramla xatırlanan şair daim xalqımızı düşündürən, oxucularını mübarizəyə səsləyən bir-birindən dəyərli əsərlər yazmışdır. Müstəqilliyimizin ilk illərində ağır sınaqlarla üz-üzə qaldığımız illərdə şairin ürək yanğısı ilə yazdığı "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu", "Xəcalət", "Birini elə, birini belə" və digər siyasi lirika nümunələri onu xalqın gözündə daha da ucaltdı. Qabil ömrünün sonuna qədər bir-birindən dəyərli əsərləri ilə bu ucalıqlardan heç vaxt enmədi.
Qabilin 90-cı illərdə yazdığı mübarizəyə, haqsızlığa, ədalətsizliyə qarşı çağırış şeirləri cəmiyyətdə böyük əks-səda doğururdu. Çünki şairin qələmindən çıxanlar xalqın ürəyindən süzülüb gəlirdi, onun fikrini, düşüncəsini, haqsızlığa qarşı etirazını ifadə edirdi. Başqa ziyalılarımız kimi Qabili də 1990-cı il yanvarın 20-də keçmiş ittifaq rəhbərliyi tərəfindən xalqımızın başına gətirdiyi 20 Yanvar faciəsi qəm dəryasına batırdı. Şair həmin günlərdə ağrı-acılarını yaşadığımız faciəyə "Mərsiyə" şeiri yazdı. Xalqımızın ağrı-acısından, göz yaşından yoğrulmuş bu şeir əl-əl gəzdi, dillər əzbəri oldu. Çünki bu şeirdə yalnız bir adama deyil, bir xalqın başına gətirilən qanlı faciə zamanı müstəqilliyimiz və azadlığımız uğrunda şəhid olan oğul və qızlarımıza yas tutulurdu. Nə qədər ağrılı, faciəli olsa da, şair bu şeirində xalqımızın kədərini, ahını, fəryadını göz yaşları içində ifadə edirdi:
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Dövrünün dahi şəxsiyyətləri, siyasi xadimləri, yazıçı və şairləri zaman-zaman Qabilin yaradlıcılığına yüksək dəyər vermişlər. Ümummilli Lider Heydər Əliyev Xalq şairi Qabilin yaradıcılığı haqqında demişdir: "1989-1990-cı illərdə xalqımıza qarşı ədalətsizliklər olanda bir çoxları meydanlara gəlirdi, xalqımızın dərdi haqqında danışırdı, bəziləri isə gəlmirdi. Amma Qabil gəlib orada xalqın dərdini deyən adamlardan biri idi. Ona görə də Qabilin həm fəaliyyəti, həm də yaradıcılığı, şeiri böyük mənəviyyat kəsb edir, yenə də deyirəm, onun vətəndaşlıq mövqeyini əks etdirir və siyasi xarakter daşıyır. Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Bu, həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".
Xalq şairi Qabilin ədəbiyyatımız və xalqımız qarşısındakı xidmətləri, ədəbi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Şair "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
Qabil 2007-ci il aprelin 4-də dünyasını dəyişib.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"