ABŞ-nin İrana hücumlarının dayandırılmasından sonra münaqişənin diplomatik yolla həll olunacağı və Yaxın Şərqdə enerji axınlarının normal vəziyyətə qayıdacağı gözləntiləri fonunda birjalarda xam neft qiymətləri ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, gərginliyin artmasının qarşısını almaq üçün yol tapmaq neft qiymətlərinə aşağı istiqamətli təzyiqi və Səudiyyə Ərəbistanının infrastrukturuna husi hücumları ilə bağlı narahatlıqları azaldır. Lakin vəziyyət olduqca dəyişkən olaraq qalır.
ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) bu il qlobal neft istehlakının gündəlik orta hesabla 1,2 milyon barel azalacağını proqnozlaşdırır. Digər tərəfdən isə Hörmüz boğazından neft axını hələ də zəif olaraq qalır. İyulun 24-də bitən həftədə boğazdan xam neft və emal olunmuş məhsulların ixracının həcmi gündəlik orta hesabla 2,9 milyon barel təşkil edib. Əvvəlki həftə isə bu göstərici sutkada 5,9 milyon barel olub. Analitiklərin fikrincə, bütün bu proseslər “qara qızıl”ın qiymətlərinə aşağı istiqamətli təzyiqi artıran amillərdəndir.
Hazırda Londonun ICE birjasında “Brent” markalı xam neftin bir bareli 86 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 80 dollara satılır. Qiymətlərin enməsinə ABŞ-nin İrana hücumlarının dayandırmasından sonra diplomatik həll yoluna ümidlərin güclənməsi və Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqların azalması təsir göstərib. Qlobal neft ticarəti üçün vacib olan Hörmüz boğazında və Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançıları tərəfindən Səudiyyə Ərəbistanının dəniz blokadasından sonra Bab əl-Məndəb boğazında təhlükəsizlik riskləri isə neft qiymətlərinin ucuzlaşmasını məhdudlaşdırır.
Ekspertlər Hörmüz boğazında və Bab əl-Məndəbdə tanker daşımalarının normal səviyyədən aşağı olduğunu və İranla Oman arasında Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatının təmin edilməsi üçün aparılan danışıqların yaxından izlənildiyini qeyd edirlər.
Husi üsyançılarının təhdidləri səbəbindən Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki əsas ixrac mərkəzində gəmi trafikində azalma müşahidə olunur. Belə ki, boş supertankerlər Səudiyyə Ərəbistanı xam neftini götürmək üçün Misirin Aralıq dənizindəki Sidi Kerir limanına doğru yola düşür.
Gəmi və sığorta brokerlərinin sözlərinə görə, bəzi sığorta şirkətləri hücum riski səbəbindən krallığın limanlarına daxil olan gəmilər üçün sığorta əhatə dairəsini məhdudlaşdırmağa başladıqdan sonra bəzi gəmi sahibləri tankerləri Səudiyyə Ərəbistanına göndərməkdə tərəddüd edirlər.
Bundan başqa, Yaxın Şərqdəki müharibənin xarici təchizatı sıxışdırdığı və enerji təhlükəsizliyinin artırılmasının vacibliyini ortaya qoyduğu üçün Avstraliya hökuməti 1965-ci ildən bəri ilk dəfə yeni neft emalı zavodunun tikintisini nəzərdən keçirir.
Avropada isə avqust ayı üçün təbii qaz fyuçers müqavilələrinin qiyməti meqavat/saat üçün 58,7 avro səviyyəsindədir. “Gas Infrastructure Europe”ə (GIE) görə, Avropa İttifaqı ölkələrində təbii qaz anbarlarının doluluq nisbəti 55,3 faizdir. Bu, son 5 ilin orta göstəricisindən aşağıdır və uzunmüddətli təchizatla bağlı narahatlıqlar yaradır. Hazırda Avropanın mayeləşdirilmiş təbii qaz idxalının 60 faizi ABŞ-nin payına düşür. Almaniyanın LNG idxalında isə ABŞ-nin payı 90 faizi keçib.