İyulun 28-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının qərargahında ağsaqqallarla görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Pənahlı, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Şuranın qəsəbələrdə yerləşən şöbələrinin sədrləri və YAP rayon təşkilatının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət və partiya qayğısından danışıb, rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib. Ümummilli Lider Heydər Əliyevin yaşlı nəslin nümayəndələrinə – ağsaqqal və ağbirçəklərə daim xüsusi hörmətlə yanaşdığını xatırladan İlqar İlyasov Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini, xüsusən işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı mütləq həmin kateqoriyadan olan insanlarla görüşərək səmimi söhbətlər etdiyini vurğulayıb.
Qaradağ ağsaqqallarını YAP Qaradağ rayon təşkilatında görüşməkdən məmnun olduğunu söyləyən rayon təşkilatının sədri rayonun qazandığı uğurlarda, ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdə bugünkü görüşdə iştirak edənlərin mühüm rolu olduğunu bildirib. Həmin nəslin gənclərin tərbiyəsində, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda böyüməsində mühüm rol oynadığını qeyd edib.
Ağsaqqalların yalnız öz ailələri və qohumları üçün deyil, bütün rayon üçün örnək və nümunə mənbəyi olduğunu qeyd edən İlqar İlyasov onları YAP Qaradağ rayon təşkilatı ilə sıx əməkdaşlığa, bu istiqamətdə mövcud ənənələri daha da inkişaf etdirməyə çağırıb.
Tədbirdə çıxış edən Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov bildirib ki, son dövrlər bütün respublikamızda olduğu kimi, Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf, böyük tikinti-quruculuq işləri davam edir. YAP Qaradağ rayon təşkilatının yeni rəhbərliyinə ağsaqqallarla təşkil olunan görüşə görə minnətdarlığını bildirən Şura sədri rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinin ictimai-siyasi həyatda fəallıqları ilə seçildiklərini, partiyanın yerli təşkilatları ilə sıx ünsiyyətdə olaraq gənc nəslin tərbiyəsində yaxından iştirak etdiklərini bildirib. Qeyd edib ki, Qaradağ Rayon Ağsaqqallar Şurasının üzvləri həmişə olduğu kimi, bundan sonra da YAP rayon təşkilatı ilə birgə layihələrin həyata keçirilməsində, gənclərimizin milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasında fəal iştirak edəcəklər.
Görüşdə çıxış edən yaşlı nəslin nümayəndələrindən Namizəd Məmmədov, şəhid anası Fəridə İsmayılova, İrzabala İbrahimov, şəhid ataları Nizami Hüseynli, Sabir Xəlilov, YAP veteran Sabir Ələkbərov, Əməkdar müəllim Kərim Cəfərli, Mirtağı Tağıyev, Qurbanqulu Rəhimov, Elçin Rəsulov və Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Pənahlı rayon ərazisində yaşayan ağsaqqalların və ağbirçəklərin gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsində üzərlərinə düşən vəzifələrdən bəhs ediblər. Yeni nəslin qarşılaşdığı problemlərə, cəmiyyətdə müşahidə edilən pis vərdişlərə, həmçinin digər aktual məsələlərə toxunaraq bu kimi halların aradan qaldırılması ilə bağlı təkliflərini səsləndiriblər.
Rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi vacib sahədə fəal rolu ilə seçilən ağsaqqallara təşəkkürünü bildirən YAP rayon təşkilatının sədri qarşıdakı dövrdə də belə görüşlərin keçirilməsinin davam edəcəyini qeyd edib. Bildirib ki, YAP rayon təşkilatının rəhbərliyi rayon ərazisində yaşayan yaşlı nəslin potensialından maksimum istifadə etməyə, onların rayonun ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etməyə çalışacaq.