Yunan mifologiyasında
bayquş ağıl və qələbə rəmzi olub. Roma mədəniyyətində uğursuzluq və dağıntıların
simvolu idi. Qədim Misirdə ölüm rəmzi sayılırdı. Şərqdə də fəlakət, bədbəxtlik simvolu
kimi anlanılır. Avropada isə müdriklik rəmzi hesab olunur. Halbuki bu quşda fövqəltəbii
heç bir qüvvə yoxdur.
Antarktikadan
başqa bütün qitələrdə 200-ə qədər bayquş növü var. Onların ən böyüyü Avrasiya qartal
bayquşu, ən balacası cırtdan bayquşudur. Qartal bayquşları ən güclü yırtıcı quşlardan
biri olub hətta canavar, meymun və dəvəquşu balalarını belə ovlayırlar. Kiçik bayquş
növləri böcəklərlə qidalanırlar.
Bayquşun bədəni
17-74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yapalaq bayquşun
qanadının uzunluğu 2 m, çəkisi isə 2 kq-dan artıqdır. O, təkcə ölçüləri ilə deyil,
səsi ilə də məşhurdur: məhz onun ulamasını xalq arasında qulyabanının qışqırtısına
bənzədirlər.
Səssiz uçan
bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq
yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə yaşayırlar.
Dişi bayquş
yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər
vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə,
meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyi üçün xeyirli
quşlardır.
Bayquşların
boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi
var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox fərqlidir.
Digər yırtıcı
quşlar arasında bayquşlar ən qalın tüklərə sahibdirlər. Məsələn, qarlı bölgələrdə
yaşayan bayquş növünün xüsusilə ayaqlarının üzəri olduqca qalın tüklərlə örtülüdür.
Bayquşların lələkləri digər quşların lələklərindən çox fərqlidir. Lələyin üzü tam
bitişmir, ucları isə saçaqlıdır. Tədqiqatlar göstərib ki, bu cür lələk quruluşu
nəinki səsi, ultrasəsi belə boğur. Bu, çox vacibdir, çünki bir çox xırda gəmiricilər
ultrasəsə qarşı həssas olurlar. Ona görə də bayquş öz qənimətinə gizlicə yaxınlaşır.
Yırtıcı qarmaqdimdik,
qüvvətli iri caynaqları olan bayquşlar gecə quşlarıdır. Bu səbəblə ov etmək üçün
temperaturun aşağı olduğu gecələrdə hərəkətə keçirlər.
Eşitmə duyğuları
olduqca inkişaf edən bayquşlar ovunun yer altında ən kiçik hərəkətini və ya yarpaqların
arasında tərpənməsini belə eşidirlər. Səslərə qarşı olduqca həssas olan bu canlıların
qulaqlarının ətrafında yerləşən tüklər səs dalğalarını bir növ tutaraq qulaqlara
ötürür. Eşitmə seyvanları insanınkından daha genişdir.
Kəskin və
iri gözləri uzağı çox yaxşı görmələrinə səbəb olsa da, yaxını bulanıq görürlər.
Gözlərinin iri və kürəşəkilli olması onların gecə görməsini asanlaşdırır. Bayquşlar
mavi rəngi görən tək quş növüdür. Boyun skelet quruluşu digər quşlardan fərqlənən
bayquşlar başlarını 270 dərəcə fırlada bilirlər. Bu da onların gözlərinin ancaq
qarşıya doğru baxa bilməsi ilə bağlıdır.
Bayquşun əyilmiş
dimdiyinin ucu bıçağın ucu kimi iti olur. Pəncəsinin baş barmağı isə çox hərəkətlidir
və silah kimi çox təsirlidir.