Yaradılışın mərhələlərini əks etdirən dörd
ünsür - su, od, yel və torpaq... Novruz bayramına qədərki dörd çərşənbəni tədqiqatçılar
bununla əlaqələndirirlər. Uzun illərdir ki, bu çərşənbələrdən ikincisi Od çərşənbəsi
kimi qeyd edilir. Od çərşənbəsinə xalq arasında Üskü çərşənbə, Üskü gecəsi, Adlı
çərşənbə, Ocaq çərşənbəsi, Atəş çərşənbə, Xıs çərşənbə, Xızır çərşənbə də deyirlər.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs
sayılması ifadə olunur. İlk bəşər övladları odu, ocağı, Günəşi yalnız istilik, sağlamlıq
gətirdiyinə, təbiəti canlandırdığına görə sevib, əzizləməyiblər, həm də onları şərdən
qoruyacağına, xeyirin qələbə çalacağına inanıblar. Qədimdən od insanı yaşadığı yerə,
obaya bağlayıb. Azərbaycan xalqı qədim zamanlardan, yurd salıb binələndiyi yerə
çox zaman ocaq deyib. Ocağı işığın, istiliyin, birliyin, bərabərliyin, ümidin, xoşbəxtliyin
rəmzi hesab edib. Əcdadlarımızın oda sitayişi, şərəfinə şənliklər təşkil etdikləri,
ocaq qarşısında səcdəyə durub oyun və ayinlər keçirdikləri bir çox mənbələrdə də
əksini tapıb. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında "yallı” gedən insan
təsvirləri bunun ən maraqlı nümunələrindəndir.
Odla bağlı bir sıra inanclarımız bu gün də
yaşadılır. Bir çox yerlərdə indi də müqəddəs tutulan ziyarətgahlara ocaq deyirlər.
Bəzi bölgələrimizdə gəlin köçən qızlar ata evindən çıxanda onları ailənin və ya
nəslin ağsaqqalı üç dəfə yanan çırağın ətrafında dolandırır. Gəlin yeni evinə, ocağına
yanan çıraqla gedir. Bu adət-ənənələrə xüsusi diqqətlə əməl olunur. Çalışırlar ki,
çıraq bəy evinədək sönməsin. Çünki gəlinin ardınca çıraq aparılması xoşbəxtlik rəmzi
hesab olunur.
İnanclara görə, atəşə su tökmək, oda, ocağa
pis söz söyləmək olmaz. İnsan odu, ocağı, Günəşi əzizləyərsə, çətinlikləri azalar,
suların donu açılar, buzlar əriyər, təbiət isinməyə başlayar.
Od çərşənbəsində tonqal qalama mərasimi o
biri çərşənbələrdən daha möhtəşəm keçirilir. Tonqal elə yerdə yandırılırdı ki, hər
tərəfdən görünsün. Qədim dövrlərdə Od çərşənbəsində
tonqalı hündür yerdə-dağ, təpə başında qalayıb, el tonqalın başına yığışarmışlar.
Qız-gəlinlər odun şərəfinə nəğmələr söylərmişlər.
Çərşənbə tonqalı, adətən, yaş ağacdan qalanmır.
Folklorşünaslar bildirirlər ki, əcdadlarımız yaş və acı tüstülü ağacdan tonqal qalayan
adama sədəmə toxunacağına inanıblar. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı,
tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanırdılar ki, şər qüvvələr qaratikanın
batmasından qorxub tonqala yaxın gəlmirlər. Tədqiqatçılar qeyd edirlər ki, bəzi
bölgələrdə tonqala üzərlik də atar, bununla bədnəzərdən qorunacaqlarına inanırdılar.
Qədimdə Od çərşənbəsində qonum-qonşular yasda
olan ailənin həyətində tonqal yandıraraq bununla həmin ailəni yasdan çıxarıblar.
Tədqiqatçılar bildirirlər ki, qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız
kimsə ölmüş olarsa odu çıxarıb xüsusi yerdə saxlayardılar və qış vaxtı 5 gündən
sonra, yayda isə bir aydan sonra odu evə qaytarardılar.
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının
ağzında qalanması da inanclarımızla bağlıdır. Bunu həyətə keçənlərin özləri ilə
pis niyyət, ağırlıq gətirə bilməmələri üçün ediblər. Çünki qara qüvvələri odun məhv
edə biləcəyinə inam xalq düşüncəsində bu
gün də yaşayır.
Unudulmamış adət-ənənələrimizdən biri də
Od çərşənbəsində tonqal qalayıb, üç dəfə "Ağırlığım, uğurluğum odda yansın” - deyib
odun üstündən tullanmaqdır. İnanca görə, bununla xəstəliklərdən xilas olmaq, azar-bezardan
qurtulmaq mümkündür.
Od çərşənbəsində ailə üzvlərinin adına şamlar
yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır.
Od çərşəbəsində ocağı boş qoymazlar. Həmin
gün süfrəyə şirniyyatlarla dolu xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər.
Bu adət-ənənəyə riayət etməklə insanlar ilin
bərəkətli olacağına inanırlar.
Od çərşənbəsinin qədim ayin və mərasimlərindən
biri "Qodu-qodu” oyunudur. Bu mərasim Günəşi çağırmaq, ondan istilik diləmək üçün
icra olunur. Kənd cavanları qırmızı rənglə bəzədilmiş çömçəni Günəşin rəmzi kimi
götürüb qapı-qapı gəzirlər.
Qodu-qodunu
gördünmü?
Qoduya salam
verdinmi?
Qodu burdan
ötəndə
Qırmızı günü
gördünmü?
Qoduya qaymaq
gərək,
Qablara yaymaq
gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq
gərək.
Yağ verin
yağlamağa,
Bal verin
ballamağa,
Qodu gülmək
istəyir.
Qoymayın ağlamağa.
Mərasim zamanı
bu nəğməni oxuyar, evlərdən bayram paylarını alarlar.
Od çərşənbəsində
Boz ay ömrünü yarılayır. Bundan sonra təbiət bütün canlılara baharın gəlişini hiss
etdirməyə başlayır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”