04 Dekabr 2021 15:45
1246
CƏMİYYƏT
A- A+
Nizami məqbərəsinin faciəvi tarixi

Nizami məqbərəsinin faciəvi tarixi

 

Dahi şair Nizami Gəncəvinin vəfatından sonra XIII əsrin əvvəllərində tikilən məqbərəsi Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan tərəfindən ona hədiyyə edilmiş Həmdünyan, yəni indiki Əhmədli kəndinin ərazisində yerləşir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli əhali bu əraziyə “Şıx düzü” və ya “Şeyx düzü” də deyir. Burada aparılan arxeoloji qazıntılar sübut edir ki, ərazi vaxtilə Gəncə şəhərinin müqəddəs yerlərindən olub. Nizaminin vəfatından sonra məzarı ziyarətgaha çevrilib. Dövrün alimləri və tanınmış şəxsləri də bu ərazidə dəfn edilib.

Tarixçi Bəxtiyar Məhərrəmov deyir ki, Nizami məqbərəsinin tarixi nə qədər qədim olsa da, bir o qədər də faciəvidir. “XIX əsrin əvvəllərində Rus imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şeyx düzü”ndə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür. XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi ilə üzləşən məqbərənin ciddi təmirə ehtiyacı vardı. Bunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək, onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir,” - deyə o bildirib.

Lakin bundan sonra da məqbərə baxımsızlıq ucbatından yenidən dağılmaq təhlükəsi ilə üz-üzə qalır. XIX əsrin sonunda Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək, məşhur rübaisini söyləyir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan.

Olmayıbdır cahanda bir səninlə məntək,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

1922-ci ildə Gəncə ziyalıları toplaşaraq, Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyov və Mirkazım Mirsüleymanzadədən ibarət komissiya yaradırlar. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq məqsədi qoyulsa da, sonradan tamam başqa mövqe tutuldu və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarı verildi.

Nizami irsi və həyatı ilə yaxından maraqlanan Bəxtiyar Məhərrəmov araşdırmaçıların ilkin mərhələdə əldə etdikləri tapıntılarla qane olmadığını deyir: “Məqbərənin içinə tökülmüş daş və torpaq təmizləndikdən sonra bir qəbir aşkar olunub. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğu düşünülərək, onlar taxta yeşiyə yığılıb. Lakin sümüklərin çox incə və kiçik olması komissiya üzvlərini şübhələndirir və onlar məqbərə səthini təzədən qazmağa başlayırlar. Təxminən 1 metr dərinliyə doğru qazıntı apardıqdan sonra taxta tabuta rast gəlinir. Məlum olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanmış bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin böyük ehtiram və hörmətlə dəfn edildiyindən göstərir”.

1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilirdi. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənmiş layihə müsabiqədə birinci yeri tutur və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verilir. Lakin naməlum səbəblər üzündən layihənin icrası təxirə salınır. 1930-cu ildə Şeyx Nizaminin qəbri ikinci dəfə açılır və 1932-ci ildə nəhayət, qəbrin üzərinə müvəqqəti abidə qoyulur.

Həmsöhbətimiz deyir ki, 1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən ulu öndər Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış edir. Layihə bəyənilsə də, Heydər Əliyevin Moskvaya yüksək vəzifəyə təyin olunması ilə yeni məqbərənin tikintisi təxirə salınır. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alınır, lakin bu proses də itkisiz ötüşmür.

Məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdılıb və minə qədər qədim qəbir məhv edilib. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovdu aparılıb.

Yalnız 2011-ci ildə Abidələrin Bərpası Elmi-tədqiqat Layihə İnstitutunda AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında, məqbərə kompleksi əsaslı təmir olunub. Məqbərənin qarşısında Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi Muzeyi də inşa edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!