Qarabağ bu gün təkcə coğrafi məkan deyil, həm də milli iradənin, siyasi qətiyyətin və Böyük Qayıdış idealının canlı təcəssümü kimi yenidən qurulur. Uzun illərin dağıntılarından sonra bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri artıq yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, bütövlükdə sosial-iqtisadi həyatın dirçəldilməsini hədəfləyir. Müasir şəhər və kənd modellərinin formalaşdırılması, dayanıqlı iqtisadi fəaliyyətin təşkili və ən əsası, insanların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli dönüşünün təmin olunması bu prosesin əsas mahiyyətini təşkil edir.
Uzun müddət işğal altında qalan və tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bölgədə inşa olunan məktəblər, xəstəxanalar, sosial obyektlər və müasir infrastruktur layihələri həyat keyfiyyətini yüksəltməklə yanaşı, iqtisadi canlanmanı da sürətləndirir. Minatəmizləmə işlərinin geniş vüsət alması təhlükəsiz yaşayış mühitinin yaradılmasına imkan verir, Böyük Qayıdış Proqramı çərçivəsində isə daha çox ailənin doğma yurduna dönməsi təmin olunur.
Eyni zamanda, tarixi və mədəni irsin bərpası Qarabağın yalnız fiziki deyil, mənəvi dirçəlişini də simvolizə edir. Dövlət və cəmiyyətin birgə səyi nəticəsində bölgə iqtisadi, sosial və mədəni baxımdan yeni mərhələyə yüksəlir və bu proses Azərbaycanın quruculuq siyasətinin uğurlu nümunəsi kimi beynəlxalq ictimaiyyətə təqdim olunur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-a açıqlamasında bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam etdirilir.
Onun sözlərinə görə, bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır: “Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir”.
A.Telmanqızı qeyd edib ki, Xankəndidəki əsas binaların əksəriyyəti vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. “Hazırda Mədəniyyət Mərkəzinin binası müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa işləri ardıcıl şəkildə aparılır. Bu gün Xankəndi ilə yanaşı, Ağdərə və Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir”.
A.Telmanqızı diqqətə çatdırıb ki, hazırda regionda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas diqqət yol-nəqliyyat infrastrukturu, enerji təminatı, su təchizatı və rabitə xətlərinin yenidən qurulmasına yönəldilib. Eyni zamanda, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, su anbarları və təmizləyici qurğuların yaradılması istiqamətində işlər davam edir. Bu layihələrin əksəriyyəti artıq icra mərhələsindədir və mərhələli şəkildə tamamlanır.
O vurğulayıb ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tam şəkildə sıfırdan tətbiqi hər yerdə mümkün olmasa da, bu modelin əsas komponentlərinin mərhələli şəkildə inteqrasiyasına xüsusi diqqət yetirilir. “Bu çərçivədə müasir kommunal xidmətlərin təşkili, enerji səmərəliliyi, “ağıllı” işıqlandırma, təhlükəsizlik və monitorinq sistemləri kimi elementlərin tətbiqi nəzərdə tutulur. Məqsəd yaşayış məntəqələrinin bərpası prosesində onları müasir texnoloji həllərlə zənginləşdirərək daha rahat, təhlükəsiz və səmərəli yaşayış mühitinə çevirməkdir. Enerji təminatı sahəsində yeni elektrik yarımstansiyaları inşa olunur, mövcud enerji xətləri yenilənir və regionun dayanıqlı enerji təminatı üçün müasir şəbəkə formalaşdırılır”, – deyə A.Telmanqızı qeyd edib.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi və mədəni abidələrin bərpası da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. “Bu sahədə müvafiq inventarlaşdırma və qiymətləndirmə işləri aparılıb və bərpa proqramları hazırlanıb. Məscidlər, tarixi tikililər, qəbiristanlıqlar və digər mədəni irs nümunələrinin bərpası istiqamətində layihələr icra olunur. Məqsəd bu abidələrin qorunması və gələcək nəsillərə çatdırılması ilə yanaşı, regionun mədəni və turizm potensialının inkişafına da töhfə verməkdir”, – deyə o vurğulayıb.