1990-cı ilin yanvarında sovet qoşunları Azərbaycana xalqın azadlıq arzularını boğmaq, yenidən əsarətdə saxlamaq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı etirazlarına son qoymaq üçün göndərildi.
Əmr Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov tərəfindən verilmişdi. Məqsəd Azərbaycan xalqını cəzalandırmaq, susdurmaq idi. Respublikanın paytaxtı Bakıya və bir neçə rayonuna SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən qoşun hissələri yeridildi.
Xalqın etiraz səsi
Əgər Kremlin istəyi yalnız Azərbaycanda qayda-qanun yaratmaq olsaydı, o zaman hücum planı tətbiq edilmiş "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" fərman barədə əhaliyə xəbərdarlıq edilərdi. Halbuki "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq olunmalıdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhəri sovet qoşun hissələrinin törətdikləri qanlı hadisələrə meydan oldu. Dinc əhali qəddarlıqla ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Respublikanın hər yerini etiraz dalğaları bürüdü. Bakıda törədilən 20 Yanvar hadisələrinə öz etiraz səslərini ucaltdılar. Faciənin səbəbkarları yaxşı bilirdilər ki, xalq əliyalın, silahsızdır. Günahkarlar, cinayətkarlar xalqın haqq səsini eşitmək, bəd əməllərindən, qəddarlıqlarından peşman olmaq əvəzinə təxribatlardan əl çəkmirdilər. Azğınlaşmış sovet qoşun hissələri bir neçə gün sonra dinc əhaliyə divan tutmaq məqsədilə cənuba - Neftçala, Cəlilabad və Lənkərana doğru istiqamətləndi.
Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda faciələr törədildi. Yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər şəhid oldu...
Onlar əliyalın insanları gülləbaran edirdilər
Sovet tankları Neftçalaya yanvarın 25-i daxil oldu. Həmin günün ikinci yarısında ordu hissələri rayonun mərkəzinə yetişdilər. Sovet əsgərləri heç nəyə əhəmiyyət vermirdilər. Onlar azadlıqları uğrunda mübarizəyə qalxan əliyalın insanlara atəş açır, gülləbaran edirdilər. Gözlənilmədən, xəbərdarlıq etmədən tanklarla, BTR-lərlə, hərbi maşınlarla gəlmiş sovet əsgərləri dörd tərəfi güllə yağışına tutur, yoldan ötənləri güllələyir, döyür, vurur, əzirdilər...
Nurəddin Ağahüseynov həmin gün - yanvarın 25-i səhər işə yollanmışdı. Yanvarın 24-ü axşamı xəstə yatağında olan anasına baş çəkmişdi. Anası uzaqdan gələn səsləri narahatlıq, nigaranlıq içində dinləyə-dinləyə Nurəddindən xəbər almışdı: "Ay bala, bu nə səsdir". O da fikirli-fikirli cavab vermişdi ki, ana, müharibədir deyəsən, sovet ordusu insanları güllələyir. Gedəndə bacısına demişdi ki, darıxma, sabah gələcəyəm.
Ancaq yanvarın 25-də axşamüstü öz avtomobilində Neftçalanın mərkəzində tanklarla gələn sovet əsgərləri ilə qarşılaşdı. Onu elə avtomobilində atəşə tutdular. Başından və bədənindən güllə yaraları aldı. Yerliləri harayına yetişdilər. Nurəddini xəstəxanaya apardılar. Onun həyatını xilas etmək mümkün olmadı...
Şəhid Nurəddin Ağahüseynov ailəli idi. Nurəddinin körpə uşaqları atasız qaldılar.
Neftçalada sovet əsgərlərinin amansızlığına sinə gərən qəhrəmanlardan biri də Əbülfəz Cəfərov oldu. Xeyirxahlığı, canıyananlığı, dürüstlüyü ilə tanınan Əbülfəz də bir çoxu kimi öz həyatını düşünmür, can qorxusu duymurdu. O, yaralıları sovet əsgərlərinin pəncəsindən alıb uzaqlaşdırırdı. İgidliklə mübarizə aparan Əbülfəz Cəfərov neçə-neçə insanı xilas etsə də, özü şəhid oldu. Bacısı Gülnaz Cəfərova Əbülfəzin on üç güllə yarası aldığını deyib: "Başında, sinəsində süngünün, bıçaqların yeri var idi. Ayaqları, boynu sındırılmışdı, barmağı kəsilmişdi. Qardaşım nişanlı idi. Sovet əsgərləri barmağını kəsib nişan üzüyünü aparmışdılar..."
Nefçala faciəsinin şahidləri bildiriblər ki, sovet əsgərləri bununla kifayətlənməyiblər. Hər cür qəddarlığa əl atıblar. Onlar Neftçala şəhərinin mərkəzində 20 Yanvar şəhidlərinin yas mərasimini belə atəşə tuturdular...
1990-cı ilin yanvarında sovet qoşun hissələrinin Neftçalada törətdikləri faciələr zamanı
2 nəfər qətlə yetirildi. 50-yə yaxın insan isə həbs olundu. Onları Bankə qəsəbəsindəki hərbi hissənin hamamına apardılar. Günahsız insanlara xüsusi qəddarlıqla işgəncələr verdilər. İbrahim Nurlu "Neftçalada yanvar qırğını" adlı kitabında yazır: "Tutulanları döyə-döyə maşınlardan yerə tökürdülər. Rusca kobud ana söyüşləri, yaralananların iniltisi döyülənlərin qışqırığına qarışmışdı. Onları kəsif tər və rütubət iyi verən daş binaya doluşdurdular. Hamam idi (Bankədəki hərbi hissənin hamamı. Çox təəssüf həmin hamam bizim qanlı tariximizin yaddaşı üçün qorunmur. Hazırda dağılmaqdadir, izi itməkdədir). Yaralılardan axan al qan soyuq, çirkli beton döşəməni qızartmağa başladı. Hamamın tünd qoxusuna qan iyi də qarışdı..."
Təxribatlara əl atmaqla, günahsız insanlara hədə-qorxu gəlməklə, işgəncələr verməklə, qətllər törətməklə SSRİ rəhbərliyi öz məqsədinə çata bilmədi. 1990-cı ilin yanvarında Azərbaycan xalqına heç zaman sağalmayacaq ağır yaralar vursalar da, əzmini, iradəsini qıra, azadlıq eşqini yox edə bilmədilər...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"