Ümumi çəkisi 16 ton olan 66.000-dən çox saxta forma və dəst müsadirə edilib və 95 nəfər saxlanılıb. Əşyaların qara bazar dəyəri 2 milyon avro, müəllif hüquqları sahiblərinə dəyən ziyan isə 7 milyon avrodan çoxdur.
İspaniya Milli Polisi, INTERPOL (Beynəlxalq Cinayət Polisi Təşkilatı), EUROPOL (Avropa Birliyi Polis Xidməti), EUIPO (Avropa Birliyi Əqli Mülkiyyət Ofisi) və OLAF (Avropa Saxtakarlığa Qarşı Mübarizə Ofisi) ilə birgə əməliyyatda 66.000-dən çox saxta forma və dəst müsadirə edib. Bu barədə agentliyin mətbuat xidməti məlumat verib.
Saxta malların ümumi çəkisi 16 ton olub. Əməliyyat zamanı sənaye mülkiyyəti cinayətlərində şübhəli bilinən 95 nəfər saxlanılıb.
Yerli "El Mundo" qəzetinin məlumatına görə, Madrid, Barselona, Malaqa, habelə Elçe və Deniya şəhərləri (Alikante əyaləti) daxil olmaqla, İspaniyanın 15-dən çox yerində axtarışlar aparılıb.
İstintaq 2026-cı ilin aprel ayında, Dünya Kubokundan əvvəl başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları İspaniyaya göndərilən xeyli sayda saxta məhsul aşkar ediblər. Saxta məhsulların əsas hissəsi İspaniya milli komandasının formalarının surətlərindən ibarət olub.
Müsadirə edilən saxta məhsullar müxtəlif milli komandaların dizaynlarını, emblemlərini və fərqli elementlərini təqlid edib, lakin onların keyfiyyəti orijinal məhsullardan "əhəmiyyətli dərəcədə aşağı" olub. Saxta məhsulların bazarlar, küçə satıcıları, elektron ticarət platformaları və sosial media vasitəsilə satılması planlaşdırılıb.
Müsadirə edilən məhsulların qara bazardakı dəyəri 2 milyon avro olaraq qiymətləndirilir. Polis müəllif hüquqları sahiblərinə dəyən ziyanın 7 milyon avrodan çox olduğunu təxmin edir.
Oxşar əməliyyatlar digər ölkələrdə də aparılıb. KanadadaToronto polisi 16.000-dən çox saxta FIFA formasını və bayrağını, eləcə də iki saxta Dünya çempionatı kubokunu müsadirə edib.
Müsadirə edilən malların ümumi dəyəri 2,5 milyon dollar olaraq qiymətləndirilir.
Honkonqda polis əməliyyatı zamanı təxminən 230.000 saxta məhsul, o cümlədən 20 milyon dollar dəyərində təxminən 30.000 forma, futbol butsları, qapıçı əlcəkləri, çantalar və audiodinamiklər müsadirə edilib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"