Son illərdə “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 8,8 milyon manatdan 63 milyon manata yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startap və İnnovasiya Müsabiqəsi – 2026”dakı çıxışı zamanı deyib.
“Bu, yeddi dəfədən çox artım deməkdir və həm innovativ bizneslərin potensialını, həm də məqsədyönlü dövlət dəstəyi tədbirlərinin müsbət təsirini nümayiş etdirir. KOBİA-nın qrant müsabiqələri də innovativ ideyaların dəstəklənməsində mühüm rol oynayır. Bu proqramlar çərçivəsində 129 startap və biznes layihəsinə 2 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Bu təşəbbüslər yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, eyni zamanda, sahibkarlara yeni bilik və bacarıqlar qazandırır, tərəfdaşlıqlar yaratmağa və gələcək investisiya imkanlarına çıxış əldə etməyə kömək edir. Bundan əlavə, KOBİA Azərbaycan startaplarının beynəlxalq sərgilərdə, forumlarda və innovasiya tədbirlərində iştirakını dəstəkləyir, onlara öz həllərini qlobal investorlar və potensial tərəfdaşlara təqdim etmək imkanları yaradır”, - deyə o qeyd edib.
Orxan Məmmədov bildirib ki, Azərbaycan startaplarının son illərdə beynəlxalq platformalarda əldə etdiyi uğurlar ölkəmizdə güclü və dinamik innovasiya ekosisteminin formalaşdığını göstərir: “Bu il keçirilən müsabiqəyə Azərbaycandan təxminən 100 müraciətin daxil olması ölkəmizdə mövcud olan güclü innovasiya potensialının, sahibkarlıq ruhunun və yaradıcılığın bariz göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın regional innovasiya və texnologiya mərkəzi kimi artan rolunu təsdiq edir. Bununla yanaşı, heç bir innovasiya ekosistemi yalnız milli səylər hesabına dayanıqlı inkişaf edə bilməz. Müasir dünyada innovasiya beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və güclü tərəfdaşlıq tələb edir. Bu baxımdan, İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. İslam İnkişaf Bankı innovasiya, texnologiya və sahibkarlıq sahəsində həyata keçirdiyi təşəbbüslərlə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və sahibkarlar üçün yeni imkanların yaradılmasına mühüm töhfə verir. Bu tərəfdaşlıq Azərbaycan startaplarına beynəlxalq investorlar, mentorlar və qlobal innovasiya şəbəkələri ilə əlaqə qurmaq üçün dəyərli imkanlar yaradır. İnanırıq ki, qarşıdakı illərdə İslam İnkişaf Bankı ilə əməkdaşlığımız daha da genişlənəcək və birgə akselerasiya proqramları, innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq mentorluq şəbəkələri, texnologiya transferi və startapların xarici bazarlara çıxışının dəstəklənməsi istiqamətində yeni imkanlar yaradacaq”.
Bu günədək sahibkarlıq subyektlərinə 282 “Startap” şəhadətnaməsi təqdim olunduğunu deyən KOBİA sədri həmin startapların “fintech”, elektron ticarət, rəqəmsal marketinq, təhsil texnologiyaları, rəqəmsal ödəniş sistemləri, süni intellekt həlləri, logistika texnologiyaları və digər innovativ sahələrdə fəaliyyət göstərdiyini sözlərinə əlavə edib. O bildirib ki, KOBİA innovativ sahibkarlığın inkişafına və startapların dayanıqlı şəkildə böyüməsinə yönəlmiş geniş dəstək mexanizmləri həyata keçirir.
“Bu istiqamətdə ən mühüm alətlərdən biri “Startap” şəhadətnaməsi mexanizmidir. Bu mexanizm startapları investorlar üçün daha cəlbedici edir, yeni tərəfdaşlıqların qurulmasına və onların həm daxili, həm də beynəlxalq bazarlarda inkişafına dəstək göstərir. Bu dəstək mexanizmlərinin effektivliyi dəstəklənən müəssisələrin göstəricilərində aydın şəkildə özünü göstərir. KOBİA Azərbaycanın innovasiya ekosisteminin beynəlxalq platformalarla daha sıx əlaqələndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və İslam İnkişaf Bankı Qrupunu bu yolda mühüm strateji tərəfdaşlardan biri hesab edir”, - deyə Orxan Məmmədov vurğulayıb.