Məlum olduğu kimi, gürcüstanlı gənclər Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 2-8-də Şərqi Zəngəzurda “Dirçələn şəhərlər” şüarı altında keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, gürcüstanlı gənclər düşərgədən zəngin təəssüratlarla qayıdıblar.
Gürcüstandan olan soydaşlarımız bildiriblər ki, layihə çərçivəsində gənclər Qarabağda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Həmçinin onlar üçün panel müzakirələri, görüşlər, təlimlər, ekskursiyalar və müxtəlif əyləncə proqramları təşkil edilib. Düşərgə soydaşlarımıza unudulmaz anlar yaşadıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini ziyarət edən soydaşlarımız öz təəssüratlarını və qürur hisslərini bölüşüblər.
Gürcüstanın Dmanisi rayonundan olan Natela Mikayılova deyib ki, Şuşa qalasını ziyarət etmək, bu qala qarşısında dayanmaq hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.
"Şuşaya gəlmək, bu tarixi torpaqda olmaq və Şuşa qalasının qarşısında durmaq hər bir azərbaycanlı üçün hədsiz qürurverici bir hissdir. Bizə bu unudulmaz şəraiti yaradan, bu tarixi anları yaşadan Diasporla İş üzrə Dövlət Komitəsinə və Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm”, - deyə N.Mikayılova qeyd edib.
Marneuli rayonundan olan Sona Orucova da düşərgədən zəngin təəssüratlarla qayıdıb. O, əfsanəvi Cıdır düzündə olmaqdan böyük fəxr duyduğunu bildirib, bu torpaqları bizə qaytaran qəhrəman şəhidlərimizə ehtiramını ifadə edib. “Müzəffər Ali Baş Komandanın rəhbərliyi və igid əsgərlərimizin şücaəti sayəsində bu gün Cıdır düzündəyik. Bu müqəddəs torpaqda olarkən bir daha anladıq ki, bu qüruru bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əymək hər birimizin borcudur. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm", - deyə o bildirib.
Marneulidən olan digər iştirakçı Anar Mustafayev də düşərgəyə qoşulduğu üçün şad olduğunu qeyd edib. O, bu cür layihələrin xaricdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə bağlarını daha da möhkəmləndirdiyini, milli ruhu və həmrəyliyi yüksəltdiyini bildirib.
Qeyd edək ki, budəfəki düşərgədə dünyanın 64 ölkəsindən 123 gənc, o cümlədən Gürcüstandan olan iştirakçılar iştirak ediblər.