16 Dekabr 2021 01:59
1229
SİYASƏT
A- A+
NATO-dan İlham Əliyevə tam dəstək

NATO-dan İlham Əliyevə tam dəstək

 

Baş katib Yens Stoltenberq Azərbaycanın alyansla etibarlı tərəfdaş olduğunu bəyan etdi

 

Müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli qlobal layihələrin reallaşdırılmasına, Avropanın enerji təhlükəsizliyinə töhfəsini verən Azərbaycan bu gün regional güc kimi qəbul edilməkdədir.

Müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB və çoxlu sayda digər təşkilatlarla fəal əməkdaşlığı durmadan inkişaf etdirən Azərbaycan həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.

Prezident İlham Əliyevin dekabrın 14-də Belçika Krallığında işgüzar səfəri çərçivəsində ölkəmizin əməkdaşlıq etdiyi təşkilatlarla münasibətlərinin yüksək səviyyədə olduğu bir daha təsdiqləndi.

Dövlətimizin başçısının NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüş, Şimali Atlantika Şurasının iclasında iştirakı və mətbuata bəyanatı bunu bir daha təsdiqləyən reallıqlardır. 

 

Azərbaycan - NATO münasibətlərinin tarixi

 

Azərbaycanla NATO arasındakı ilk təmasların tarixi ölkəmizin bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Ölkəmizin NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli istiqamətlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq etməsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında da öz əksini tapıb.

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir.

1996-cı il SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən təcrübə mübadiləsinə, hazırlığın artırılmasına, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.

 

Əfqanıstanı sonuncu tərk edən Azərbaycan sülhməramlıları olub

 

Prezident İlham Əliyevin Belçikaya budəfəki səfərində də keçirdiyi görüşlərdə tərəflər arasındakı münasibətlərin daha da gücləndirilməsi məsələləri müzakirə mövzusu oldu. NATO-nun Baş katibinin dəvəti əsasında İlham Əliyevlə alyansın Baş katibi Yens Stoltenberq arasında keçirilən görüşdə Baş katib Azərbaycanın alyansın dəyərli tərəfdaşı olduğunu deyərək Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Alyansın mənzil-qərargahına 7-ci dəfə səfər etdiyini söyləyən Prezident İlham Əliyev isə Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bildirdi və dedi ki, hərbçilərimiz 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirildi.

NATO-nun Şimali Atlantika Şurasının iclasında isə Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən “Qətiyyətli dəstək” missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparıldı.

NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu mövqenin NATO-nun sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verdi.

 

Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır

 

İlham Əliyev ilə Yens Stoltenberqin birgə mətbuat konfransında isə Baş katib bu görüşü NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəminin göstəricisi adlandırdı.

Qeyd edildi ki, Azərbaycanla təşkilat arasında uzun illər ərzində güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir.

İlk olaraq Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının fəaliyyətinə toxunan Baş katib bildirdi ki, Azərbaycan təşkilatın Əfqanıstandakı sabiq missiyasına mühüm töhfələr verib: “Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik. Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərargahına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm”.

 

Yeddinci səfər -  əməkdaşlığın dinamizminin göstəricisi

 

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Bunu Prezident də bildirdi.  Müfəssəl xarakterə malik əməkdaşlıq möhkəm təməl üzərində qurulub. Bu səfərin 7-ci olması isə əməkdaşlığın dinamizmini göstərir.

İlham Əliyev həmçinin diqqətə çatdırdı ki, təkbətək görüşdə əməkdaşlıqla bağlı gələcək planlar və Cənubi Qafqazda postmüharibə vəziyyəti müzakirə edilib: “Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədini daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.

Prezident bir daha Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında israrlı olduğunu söyləyərək Ermənistana və havadarlarına mesaj ünvanladı.

Konfransda İlham Əliyevə ünvanlanan “Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir?” suallarına cavabında Azərbaycan Prezidenti konkret fikir bildirdi: “Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir”.

 

Ermənistana növbəti xəbərdarlıq

 

Gömrük postu olmasına gəlincə isə, dövlətimizin başçısı deyib ki, bu gün Azərbaycanın nəzarət etdiyi Laçın dəhlizində gömrük yoxdur. Əgər Ermənistan Zəngəzur dəhlizinə gömrük postu təyin etsə, Azərbaycan da Laçın dəhlizində analoji addımı atacaq: “Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Bağlılığa gəlincə, Prezident dedi ki, nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyi üçün deyil, həm də Ermənistanın Naxçıvan vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.

İlham Əliyev bir daha Azərbaycanın buna hazır olduğunu bəyan etdi. Baş katib Yens Stoltenberq isə dedi ki, NATO qarşıdurmanın bitməsini və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dialoqun qurulması səylərini dəstəkləyir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir: “NATO tərəf tutmur, çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Beləliklə, biz diplomatik səyləri, üçtərəfli səyləri dəstəkləyirik və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini də güclü şəkildə dəstəkləyirik”.

Göründüyü kimi, NATO Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində irəli sürdüyü təklifləri dəstəkləyir. Ermənistan nə qədər vaxt udmağa çalışıb bəhanələr gətirsə də, tezliklə Zəngəzur dəhlizi açılacaq və Azərbaycan regionda yeni nəqliyyat-logistik mərkəzə çevriləcək.

 

R. BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!