Son illərdə ən çox müzakirə olunan mövzulardan biri müasir uşaqların kitaba marağının azalmasıdır. Texnologiyanın sürətli inkişafı, internetin geniş yayılması və rəqəmsal cihazlardan istifadənin artması uşaqların asudə vaxtlarını keçirmə tərzini xeyli dəyişib. Nəticədə kitab oxumaq əvvəlki qədər cəlbedici görünmür.
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin üzvü, koordinator Faida Orucova AZƏRTAC-a açıqlamasında bildirib ki, rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi uşaqların mütaliə vərdişlərinə də ciddi təsir göstərib. Əvvəllər uşaqlar yeni bilik əldə etmək və maraqlı vaxt keçirmək üçün əsasən kitablara üz tuturdular. Bu gün isə eyni məlumatı internet vasitəsilə bir neçə saniyə ərzində əldə etmək mümkündür. Telefonlar, planşetlər, kompüter oyunları və sosial şəbəkələr uşaqların diqqətini daha çox cəlb edir. Bu da onların uzun müddət kitaba diqqət ayırmasını çətinləşdirir.
Mütəxəssis qeyd edib ki, kitab oxumağın azalmasının digər səbəbi sürətli həyat tərzidir. Müasir uşaqlar tez nəticə əldə etməyə öyrəşiblər. Halbuki kitab oxumaq səbir, diqqət və düşünmə bacarığı tələb edir. Buna görə də onlar daha qısa, rəngarəng və əyləncəli məlumat mənbələrinə üstünlük verirlər.
Koordinator vurğulayıb ki, kitab oxumağın faydaları əvəzolunmazdır. Kitab insanın söz ehtiyatını zənginləşdirir, nitqini inkişaf etdirir, təxəyyülünü genişləndirir və düşünmə qabiliyyətini gücləndirir. Eyni zamanda, müntəzəm kitab oxuyan uşaqların dərsdə daha uğurlu olduqları müşahidə edilir.
F.Orucova əlavə edib ki, texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, kitab oxumaq vərdişini qorumaq çox vacibdir. Valideynlər və müəllimlər uşaqlarda mütaliəyə maraq yaratmalı, onların yaşına uyğun maraqlı kitablar seçməli və oxumağı gündəlik həyatın bir hissəsinə çevirməlidirlər. Yalnız bu yolla kitabın uşaqların inkişafındakı mühüm rolunu qoruyub saxlamaq mümkündür.