İyulun 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dövlət qurumlarında fəaliyyət göstərən gender məsələləri üzrə məsul şəxslərin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova rəqəmsallaşmanın dövlət idarəçiliyinin, iqtisadi inkişafın, vətəndaş məmnunluğunun və təhlükəsizliyin əsas sütunlarından birinə çevrildiyini bildirib. Vurğulayıb ki, uğurlu rəqəmsal transformasiya üçün dövlət qurumlarında çalışan hər bir əməkdaşın rəqəmsal bacarıqlara malik olması, texnologiyaların imkanlarını anlaması və qərarları rəqəmsal yanaşma əsasında qəbul etməsi strateji zərurətdir.
Sədr müavini qeyd edib ki, rəqəmsal transformasiya qadınlar və qızlar üçün yeni imkanlarla yanaşı, kibertəqib, kiberbullinq, şəxsi məlumatların qanunsuz yayılması, dezinformasiya və rəqəmsal fırıldaqçılıq kimi risklər də yaradır. Bu baxımdan, qadınların rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik mədəniyyətinin təşviqi, genderəsaslı risklərin vaxtında müəyyən edilməsi və süni intellektin etik tətbiqinə diqqət yetirilməsi vacibdir.
Təlim zamanı Caspian İnnovasiya Mərkəzinin baş süni intellekt mütəxəssisi, informasiya təhlükəsizliyi üzrə təlimçi Tahir Qurbanov, “Samsung Research Canada” şirkətinin aparıcı proqram təminatı mühəndisi Adil Əliyev, Rəqəmsal transformasiya, innovasiya və süni intellekt siyasəti üzrə ekspert Aygün Əhmədova tərəfindən Azərbaycanın rəqəmsal inkişaf prioritetləri, müasir kibertəhdid landşaftı, sosial mühəndislik, rəqəmsal şəxsiyyət və məlumat təhlükəsizliyi, süni intellektin tətbiq imkanları, bu texnologiyanın yaratdığı risklər, etik yanaşmalar və məsuliyyətli istifadə prinsipləri barədə təqdimatlar keçirilib.
İştirakçılara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları ilə bağlı praktiki tövsiyələr verilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın 2.4-cü bəndinə müvafiq olaraq təşkil edilib.