Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanışlıq, Hesablama Palatasında rəqəmsal texnologiyaların tətbiqi sahəsində görülən işlər və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparmaq, rəqəmsal transformasiya istiqamətində dövlət siyasətindən irəli gələn vəzifələrin icrası çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
Əvvəlcə nümayəndə heyəti institutda yaradılmış maddi-texniki bazanın vəziyyəti, elmi və texnoloji mərkəzlərin fəaliyyəti, tətbiq olunan innovativ həllərlə yaxından tanış olub.
Görüşdə AMEA-nın vitse-prezidenti, institutunun baş direktoru akademik Rasim Əliquliyev rəhbəri olduğu elmi müəssisənin innovativ layihələri, habelə dövlətin prioritetlərinə, milli maraqlara uyğun aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Baş direktor institutun İKT-nin müasir problemlərinə dair multidisiplinar elmi tədqiqatlar aparan bir qurum olduğunu, burada qabaqcıl informasiya texnologiyaları, süni intellekt, rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının aktual elmi-nəzəri və tətbiqi problemlərinin dərindən araşdırıldığını vurğulayıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbəri olduğu qurumun dünyanın müxtəlif ölkələrinin ali audit təşkilatları, eləcə də aidiyyəti yerli dövlət qurumları ilə tərəfdaşlıq əlaqələri qurduğunu bildirib. O, Hesablama Palatasında fəaliyyətin informasiya sistemləri əsasında təkmilləşdirildiyini, həmçinin qurum tərəfindən növbəti dövrü əhatə edən rəqəmsallaşma üzrə inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. Palata sədri bu prosesdə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və innovativ yanaşmaların formalaşdırılması üçün İnformasiya Texnologiyaları İnstitutu tərəfindən elmi-metodiki dəstəyin göstərilməsinin mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Tədbirdə, həmçinin Hesablama Palatasının şöbə müdirinin müavini Vasif Rəsulov təqdimatla çıxış edərək daxili idarəetmə və audit proseslərinin rəqəmsallaşdırılmasında tətbiq olunan əsas elektron sistemlər – Audit Fəaliyyətinin İdarəolunması Sistemi, Dövlət Auditi İnformasiya Sistemi, eləcə də Resursların İdarə olunmasının Daxili Elektron Sistemi, həmçinin yeni yaradılan informasiya sistemi haqqında ətraflı məlumat verib.
Görüşdə tərəflər arasında birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.