05 Oktyabr 2022 15:41
214
CƏMİYYƏT
A- A+

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik-milli zəmində sistemli cinayətlər törətməkdə, xalqımıza qarşı terror və soyqırımı siyasəti törətməkdə, dövlətimizin ərazi bütövlüyünə qəsd etməkdədir. XX əsrin 90-cı illərindən etibarən Azərbaycan xalqına qarşı silsilə cinayətlər törədən Ermənistan ordusu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib, bütöv şəhərin sakinlərini qətlə yetirib, əsir götürülənləri ağır işgəncələrə məruz qoyub. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsi dövründə minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib, bütöv şəhərlər, kəndlər yer üzündən silinib. Birinci Qarabağ müharibəsi və işğal dövründə minlərlə hərbi-mülki şəxsi qətlə yetirən Ermənistan, törətdiyi cinayətləri gizlətmək məqsədi ilə Qarabağ və ətraf rayonlarda qətlə yetirilən azərbaycanlıları kütləvi məzarlıqlarda basdırıb, qanlı əməllərini bu yolla ört-basdır etməyə, məsuliyyətdən yaxa qurtarmağa çalışıb. Bu günlərdə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi minlərlə cinayətdən biri, bu cinayətlərin inkaredilməz sübutudur. Xatırladaq ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşən 3890 vətəndaşımızdan bu gün də heç bir xəbər yoxdur və Ermənistan həmin şəxslərin aqibəti haqqında Azərbaycana heç bir məlumat təqdim etməyib.

Ermənistan 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi dönəmində də Azərbaycan xalqına qarşı silsilə cinayətlər həyata keçirib, Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərləri istifadəsi beynəlxalq konvensiyalarla qadağan edilən ballistik raketlərlə atəşə tutub, nəticədə içərisində uşaq və qocaların da olduğu onlarla Azərbaycan vətəndaşı qətlə yetirib.

Ermənistan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsir hərbçilərinə qarşı da ağır cinayət törədib, onlara yaxın məsafədən atəş açmaqla vəhşicəsinə qətlə yetirib. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu müharibənin gedişində - 2020-ci ilin 30 oktyabr tarixində ictimaiyyətə məlumat verib, ictimaiyyəti erməni cinayətləri haqqında məlumatlandırıb.

Ermənistanın Azərbaycan xalqına qarşı cinayətləri 2020-ci ilin noyabrın 10-dan, Vətən müharibəsinin başa çatmasından sonra da davam edib. Otuz il ərzində Azərbaycanın işğaldakı torpaqlarında bir milyondan çox mina basdıran Ermənistan, post-müharibə dövründə də mina terrorunu davam etdirib, torpaqlarımızda minlərlə yeni-yeni minalar basdırıb. 2022-ci ilin avqustun 15-30-da, yəni cəmi 15 gün ərzində təkcə Laçın rayonunda 1318 ədəd PMN-Э növlü mina aşkar edilib. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal edilib. Bu fakt bir daha Ermənistanın 10 Noyabr Bəyanatı əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə, terror və təxribat siyasətini davam etdirdiyini göstərir.

Ermənistanın cinayətləri fonunda təəssüf doğuran əsas məqamlardan biri də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, qabaqcıl dövlətlərin bu cinayətləri görməzdən gəlməsi, minlərlə insanın qətli ilə nəticələnən məlum cinayətləri susqunluqla qarşılamasıdır. Özünü demokratiya və insan hüquqlarının carçısı hesab edən beynəlxalq təşkilat və dövlətlərin Ermənistanın qətliam siyasətinə göz yumması, rəsmi İrəvana heç bir etiraz və təzyiq göstərməməsi həm beynəlxalq qanun və insan huqüqlarına, həm humanizm prinsiplərinə, həm də əxlaqi-mənəvi dəyərlərə tamamilə ziddir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dünya ictimaiyyətini, beynəlxalq birlik və təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, bu cinayətləri geniş müstəvidə araşdırmağa və həmin cinayətlərin həm sifarişçilərinin, həm də icraçılarının cəzalandırılmasını təmin etməyi xahiş edirik. Bu, ədalətin təmin edilməsi, Ermənistanın növbəti cinayətlərinin qarşısının alınması və regionda sabitliyin təmin olunması baxımından olduqca zəruridir.

Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti minlərlə veteranın mövqeyini əks etdirən bu müraciətə həssaslıqla yanaşacaq, nəhayət ki, Ermənistanın cəzalandırılması istiqamətində əməli addımlar atacaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video