07 Aprel 2024 08:00
5494
SİYASƏT
A- A+

Azərbaycan Qərbin məkrini iflasa uğradacaq

 

Brüssel görüşünün təşkilatçıları Cənubi Qafqazı fəlakətə sürükləyə bilməyəcəklər

 

"Hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər".
Prezident İlham Əliyevin aprelin 
5-də Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul etdiyi zaman səsləndirdiyi kimi, siyasi iradəsi olmayan Ermənistandan istifadə edərək regionda bölücü xətlər yaratmaq istəyən Qərb bölgədə münaqişə ocağı yaratmağa çalışır. Belə ki, Ermənistana göstərdiyi hərbi dəstəklə Azərbaycanın sülh səylərinə zərbə vurur.

 

Yeganə səbəb Qarabağın işğaldan azad edilməsidir

 

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, suverenliyini təmin etməsi, ərazisində separatizmin kökünü kəsməsi Cənubi Qafqazla bağlı fərqli planları olan, başda ABŞ və Fransa olmaqla, bəzi Aİ ölkələrinin yuxularını ərşə çəkib. 
Buna görədir ki, əllərində olan bütün rıçaqları işə salıblar və oyuncaqlarına çevirdikləri korrupsiyalaşmış qurumlar, KİV vasitələri ilə Azərbaycana qarşı qərəzli təzyiq, qarayaxma  kampaniyalarına başlayıblar. 
Azərbaycana doğru "səlib yürüşü"nə çıxan məkrli qüvvələr bir yandan da təcavüzkar Ermənistanı silahlandıraraq, ona hərbi dəstək verib revanşa hazırlayırlar. 
Prezident İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşdə bütün bu məsələləri diqqətə çatdıraraq bildirdi ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib. O vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Dövlət başçısı deyib: "Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir".
ABŞ və Fransa kimi qərəzli ölkələr Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində milli maraqlarını təmin etməsini heç cür həzm edə bilmirlər. 
"Xristian təəssübkeşliyi" edən bu ölkələr Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi də onilliklər boyu ikilistandartlı mövqedən çıxış ediblər. Azərbaycanın ərazilərinin 30 illik işğalı dövründə bir dəfə də olsun işğalçı Ermənistana qarşı hansısa xəbərdarlıq, təzyiq, sanksiyadan danışmayıblar, hərbi hədə gəlməyiblər. İrəvanın BMT TŞ-nin məlum 4 qətnaməsinə məhəl qoymamasına göz yumublar, yəni özləri də beynəlxalq hüququ tapdalayıblar. Ermənistan tərəfindən bir milyondan çox azərbaycanlının qaçqın, məcburi köçkün vəziyyətinə salınması, işğal altındakı torpaqlarımızın yerlə yeksan olunması, tarixi, dini, mədəni irsimizin talanması, dağıdılması, ərazilərimizin mina tarlasına çevrilməsi indi bir ovuc erməninin olmayan problemlərindən hay-həşir qoparan ABŞ-ni, Aİ ölkələrini heç zaman narahat etməyib. 
Reallıq budur ki, Azərbaycanın qazandığı zəfərlər bölgədə münaqişəni tamamilə bitirib və sülh üçün tarixi imkan yaradıb və Bakı bu istiqamətdə mühüm səy göstərir. 

 

Bu, Azərbaycanı təcrid etmək məqsədi güdür

 

Ancaq hadisələrin bu məcrada inkişafı ABŞ-ni, Avropanın bəzi ölkələrini qane etmir. Onların Ermənistana hərbi dəstək göstərmələrinin, silahlandırmalarının nəticəsidir ki, İrəvan özünün də xilası olacaq sülh müqaviləsini imzalamaq əvəzinə bu gün ölkəmizə qarşı hərbi təxribatlar törədir, sərhədlərimizi atəşə tutur. 
Bütün bu faktlara baxmayaraq, qərəzli Qərb təsisatları israrla Azərbaycanı aqressiyada, Ermənistana hücum edəcəyi kimi absurd iddialarda günahlandırmağa çalışırlar. 
Göründüyü kimi, öz çirkin maraqları naminə bölgədə baş verənləri erməni ağzı ilə tirajlayan ABŞ-Aİ cütlüyü ipini eyni anda bir neçə ölkənin əlinə verən Ermənistan üzərindən bölgədə Qərb-Rusiya qarşıdurmasının ikinci raundunu başlatmaq istəyir.
Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün, hər nə qədər iştirakçı tərəflər dansalar da, hərbi komponentlər ehtiva etməsi də Cənubi Qafqazla bağlı pərdə arxasında müharibə planlarının cızıldığını ortaya qoyur.  
Xatırlatmaq yerinə düşər ki, bu ayın 3-də və 4-də ABŞ Dövlət katibi E.Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək aprelin 5-dəki üçtərəfli görüşün mahiyyəti, məramı, məqsədi barədə hesabat verdilər. Onlar dövlət başçısını əmin etməyə çalışdılar ki, bu görüş Azərbaycana qarşı deyil...
Amma rəsmi açıqlamalardan başqa, 5 aprel görüşü ilə bağlı məxfi komponentlərin olmasının özü də göstərir ki, hadisələr heç də göründüyü və təqdim olunduğu kimi deyil. 
Mövlud Çavuşoğlu ilə görüşdə Prezident İlham Əliyev Brüsseldə keçirilən üçtərəfli görüşə toxunaraq, "bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır" söylədi. 
"Halbuki son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil" söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

 

Ermənistan təhlükəli sularda üzür

 

Qərbin Cənubi Qafqazla bağlı qanlı planları Türkiyənin, eləcə də Rusiyanın da narahatlığına səbəb olub. 
Türkiyə Xarici İşlər Nazirliyi aprelin 5-də yaydığı bəyanatında Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünü pisləyib və bunun Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi cəhdlərinə zərər verəcəyini bildirib: "Bu təşəbbüs Azərbaycanın mövqeyinə məhəl qoymur və sülh prosesinə deyil, Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirməyi planlaşdırır".
Moskva da ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün "kollektiv Qərb"in növbəti cəhdi kimi qiymətləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı 5 aprel tarixli bəyanatında bildirilir ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, yeni haçalanmış fikirlərin yaranmasına, həmçinin nəzarətdənkənar gərginliyin artmasına səbəb ola bilər.
Moskva Ermənistan rəhbərliyini Qərbin onu aldatmasına imkan verməməyə və ölkəni təhlükəsizlik vakuumunun yaranması, iqtisadiyyatda ciddi problemlərin meydana gəlməsi və əhalinin ölkədən axın etməsi ilə müşayiət olunacaq yanlış yolla aparmamağa çağırıb: "Xarici oyunçuları bu razılaşmalara hörmət etməyə çağırır, İrəvandakı hakim dairələri isə öz xarici siyasət xətlərini qurduqları zaman qonşu dövlətlərin narahatlıqlarını nəzərə almağa dəvət edirik".
Göründüyü kimi, Qərb təsisatları Cənubi Qafqazda müharibə fitilini alovlandırmaq, Rusiyaya qarşı ikinci Ukrayna cəbhəsi açmaq üçün marionet Ermənistanı qurban seçib. Hələ də Azərbaycana qarşı ərazi iddiası güdən, "böyük Ermənistan" kimi sarsaq ideyalardan qurtula bilməyən avantürist İrəvan isə parçalanmaq, bir dövlət kimi yox olmaq təhlükəsinin astanasında olduğunu nəzərə almayaraq, təhlükəli sularda üzməyə davam edir. Ancaq çox keçmədən qərbsevər Paşinyan hökumətinin bu axmaqlığının Ermənistanın başında çatlayacağı gün kimi ortadadır... 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video