26 Aprel 2024 08:30
131
SİYASƏT
A- A+

Tarixdə ilk dəfə Azərbaycan-Ermənistan sərhədində demarkasiya dirəyi quraşdırılıb

 

Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağ ərazisinə yerləşdiriləndə bu, mətbuatın və siyasi dairələrin ən çox müzakirə etdiyi mövzu idi. Bəzi siyasi qüvvələr, ekspertlər sülhməramlıların Azərbaycanda "əbədi" olaraq qalacağı, "baza statusu" alacağı haqqında proqnozlar verirdilər. Amma bu, özünü doğrultmadı, artıq sülhməramlılar Qarabağı tərk edirlər. Özü də vaxtından əvvəl...
Əslinə qalsa, bu, siyasi əhəmiyyətinə görə tarixi bir hadisədir. Bu tarixi fakt ölkəmizin milli maraqlarının qorunması və təmin olunması, strateji müttəfiqlərinin və tərəfdaşlarının seçilməsi istiqamətində sistemli və qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Eyni zamanda Azərbaycanla Rusiya arasındakı əlaqələrin dövlətlərin suveren hüquqlarına münasibətdə qarşılıqlı hörmətə və etimada söykəndiyinin göstəricisi kimi dəyərləndirilməlidir.
Qeyd etmək yerinə düşər ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var və bu faktorların formalaşmasında Azərbaycanın 10 noyabr 2020-ci il bəyanatı, həmçinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yürütdüyü siyasət, eləcə də regionda davamlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi səylər, bütün aspektlərdən məsuliyyətli və sistemli davranışar müstəsna rol oynayıb.
Xatırladaq ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından, eləcə də bu bəyantdan irəli gələn razılaşmaların əldə olunmasından sonra Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, Qarabağın bir neçə rayonunda məskunlaşan erməni azlığının cəmiyyətimizə reinteqrasiya etmələri üçün maksimum səy və dözümlülük nümayiş etdirib, öz suveren hüquqları çərçivəsində bütün hüquqi və humanitar tədbirlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb, müharibədə qalib gəlməsinə baxmayaraq, sülh müqaviləsinin təşəbbüskarı kimi çıxış edib, nümunə ola biləcək, dinc birgəyaşayışa xidmət edən ləyaqətli və kifayət qədər tolerant davranış sərgiləyib. 
Lakin öz qoşunlarını Azərbaycan ərazisindən çıxaracağı barədə öhdəlik götürən Ermənistan üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyərək məkrli niyyətindən əl çəkmədiyini hər fürsətdə nümayiş etdirib. Hətta himayədarlarından dəstək almaqla təxribatlarını davam etdirib.
Ermənistanın işğalçılıq niyyətindən əl çəkməməsi 2023-cü ilin sentyabrında Azərbaycanı öz mülki vətəndaşlarının təhlüksəziliyini təmin etmək istiqamətində ölkə konstitusiyasının tələblərinə və Beynəlxalq Humanitar Hüququn prinsiplərinə uyğun addımlar atmaq məcburiyyətində qoydu. Nəticədə mülki sakinlərin təhlükəsizliyi maksimum təmin edilməklə gerçəkləşdirilən antiterror tədbirləri sayəsində işğalçı qüvvələrin və qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazilərində mövcudluğuna son qoyuldu. Həmin ərazilərdə Azərbaycanın legitim təsisatlarının fəaliyyətinə imkan yaradıldı, təhlükəsizliyi təmin olundu. Azərbaycanın bütün hüquqi addımlarına, təqdim edilən reinteqrasiya planının real perspektivinə baxmayaraq, Qarabağın bəzi ərazilərində yaşayan və məskunlaşan erməni əhalinin əhəmiyyətli hissəsi Azərbaycan ərazilərini könüllü şəkildə tərk etdi və Ermənistanın rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyan da bu hadisələr zamanı erməni azlığının təmsilçilərinə münasibətdə hər hansı bir təzyiqin olmadığını etiraf etdilər. 
Bu faktdır ki, ölkəmiz antiterror tədbirləri keçirdikdən sonra vəziyyət tamamilə dəyişdi. Hazırda Azərbaycan işğaldan və separatizmin hərbi təzahürlərindən xilas edilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri həyata keçirir. Həmin ərazilərdə Azərbaycanın bütün dövlət qurumlarının müvafiq təmsilçilikləri yaradılıb, təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Artıq Rusiyanın sülhməramlı missiyasının Azərbaycan ərazisində mövcudluğuna da lüzum yox idi və onlar öz missiyalarını uğurla yerinə yetirmişdilər. 
Bu məqamda bir məsələni də qeyd etməyi vacib bilirik. Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması dövründə dövlətimizin başçısı İlham Əliyevin Rusiyaya işgüzar səfərini heç də təsadüfi hesab etmək olmaz. Hadisələrin gedişi deməyə əsas verir ki, bu proses iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, bir-birinə hörmət və yüksək siyasi mədəniyyət şəraitində baş verir.
Bu, Azərbaycanın xarici siyasətinin çoxistiqamətli olması, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlər qurmasının təzahürüdür.
Diqqətçəkən daha bir məqam isə Azərbaycan və Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi, demarkasiya prosesinə başlanmasının Rusiya sülhməramlı kontingentinin bölgəni tərk etməsi ilə eyni vaxta düşməsidir. Belə demək mümkünsə, artıq Ermənistanda anlayırlar ki, münaqişəni və mübahisəli məsələləri üçüncü tərəfin iştirakı olmadan həll etmək mümkündür. Azərbaycan sülhə gedən yolda qətiyyət və siyasi iradə nümayiş etdirərək öz prinsipial mövqeyindən və məqsədlərindən bir addım belə geri çəkilmədən daha bir maneəni aradan götürməklə hazırda şahidlik etdiyimiz ən yeni siyasi reallığı yarada bildi.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video