21 Aprel 2024 09:35
738
SİYASƏT
A- A+

Azərbaycan tarixi günlərini yaşayır

 

İzahedilməz duyğudur. Daha dəqiqi, nə qədər danışsan da, yazsan da, Vətən sevgisini tam ifadə edə bilməzsən. Bu hissi yalnız yaşamaq olar...
1990-cı illərdə kəndlərimizin, qəsəbələrimizin, rayonlarımızın, şəhərlərimizin işğal olunması xəbərini aldıqca yumruqlarımız düyünlənir, qəlbimizə qüssə, hüzn çökürdü. Birinci Qarabağ müharibəsində Azərbaycanın igid övladları Vətən torpaqlarının azadlığı uğrunda şücaətlə döyüşürdülər. Ancaq müsəqil respublikamızın ordusu hələ formalaşmamışdı. Ermənistan xarici havadarlarından aldığı güclə ərazilərimizin iyirmi faizini zəbt edə bildi. Bir milyona yaxın azərbaycanlı dədə-baba yurdundan, isti ocağından canını götürüb qaçmalı oldu. Yurdlarımız təcavüzkar düşmən tərəfindən yağmalandı, abad ellərimiz xarabalıqlara çevrildi...
İşğal müddəti çox uzandı. Əslində, zaman baxımından bunu düzgün ifadə etmək mümkün deyil. "Vətən" deyə-deyə dirigözlü ölənlər oldu. Bəziləri cismən, əksəriyyəti isə mənən... İllər bir-birini əvəz etdi, fəsillər dəyişdi. Ermənistanın işğalı altında olan ərazilərimizdən də payızlar, qışlar ötüb keçdi. O yerlərə yağan yağışlar, qarlar qəlbimizi üşütdü. Təbiətin qanunudur, fəsillər bir-birini əvəz edir. Yəni payızın, qışın ardınca da hər il bahar, yay gəlir. Amma o torpaqlarda bizsiz parlayan Günəş, açan çiçəklər könlümüzdə bağlamış buzları əridə, ruhumuzu isidə bilmədi. 2016-cı ilədək aylar, illər belə keçdi...
Atəşkəs haqqında saziş 1994-cü il mayın 12-də imzalansa da, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv olaraq atəşə tuturdu. İşğalçı ölkənin ordusunun bölmələri müxtəlif istiqamətlərdən iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini hər gün mütəmadi olaraq pozurdular.
Qoşunların təmas xəttində atəşkəs rejimindən sonra baş vermiş ən böyük hərbi qarşıdurma, ən şiddətli döyüşlər isə 2016-cı il aprelin ilk günündən - 1-dən 2-nə keçən gecə başladı. Dörd gün davam etdi. Cəbhəboyu Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Tarixə Aprel döyüşləri kimi yazılan dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşmənin işğalından azad etdilər, Füzuli rayonu istiqamətində Lələtəpə yüksəkliyində nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində Ağdərə-Madagiz istiqamətində yolların Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində saxlanılması da reallaşdı.
Birinci Qarabağ müharibəsindən sonra ilk dəfə qəlbimizə sevinc işığı 2016-cı ilin aprelində düşdü. Ancaq 2020-ci ildə qazandığımız möhtəşəm Zəfərin sevinci, qüruru bambaşqa oldu. Həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan və 44 gün çəkən İkinci Qarabağ müharibəsində sanki bütün Azərbaycan xalqı iştirak edirdi. Qəhrəman oğullar Qarabağda, Şərqi Zəngəzurda döyüş meydanlarında işğalçı ölkənin silahlı qüvvələrini böyük şücaətlə məhv edirdilər. Cəbhədə döyüşməyənlərin isə hər biri ürəyi ilə, ruhu ilə oradaydı... 
Xalq ümidlə, inamla, həyəcanla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, dövlətimizin başçısı İlham Əliyevin müraciətini gözləyirdi. 30 il arzusunda olduğumuz xəbərləri eşidirdik. Ali Baş Komandan, Prezident İlham Əliyev yeni qələbə xəbərləri ilə bizi sevindirirdi. Ümidlərimiz doğrulurdu, xəyallarımız gerçəkləşirdi... İşğal altında qalan ərazilərimizi qəhrəman Ordumuz azadlığına qovuşdururdu. Qürurlanırdıq...
2020-ci il böyük Zəfərimizlə tariximizə yazıldı. Bu, əslində, iki əsrin qalibiyyəti idi. Biz iki yüz ildə ilk dəfə işğal edilən ərazilərimizi geri almağa müvəffəq olduq.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçılar təslim bayraqlarını qaldırmalı oldular. Lokal xarakterli antiterror əməliyyatlarında hərbçilərin peşəkarlığı, cəsurluğu, rəşadəti Azərbaycan Ordusunun qüdrətini, yenilməzliyini bir daha göstərdi. Və Qarabağın digər əraziləri kimi, Xankəndidə, Xocalıda da Dövlət bayrağımız dalğalandı.
Bu da növbəti uğurumuz... Aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasındakı sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirildi. Komissiyalar görüş zamanı bir sıra məsələlər üzrə razılığa gəldilər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması oldu.
Azərbaycan dövlətinin məqsədyönlü siyasəti nəticəsində Ermənistanın işğalında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı razılaşma ədalətin, haqqın növbəti təntənəsidir. Bu zəfər ürəyi Azərbaycan eşqi ilə döyünən hər kəsin zəfəridir.
Çox keçməyəcək ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin sakinlərinin də gözləri yollardan yığışacaq. Həmin kəndlərimiz də öz doğma sakinlərinə qovuşacaq. Azərbaycanımız bütövləşdikcə, tamlaşdıqca daha da güclənəcək.  

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video