26 Aprel 2024 08:10
129
SİYASƏT
A- A+

Ermənistan İlham Əliyevin yaratdığı reallıqları qəbul edir

 

"ADA-da keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunda Prezident İlham Əliyevin çıxışı, iştirakçıların suallarına verdiyi cavablar çoxşaxəli və dərin məzmunludur. Dövlət başçısı ölkəmizin və Cənubi Qafqazın gələcəyi ilə bağlı olduqca mühüm məsələlərə toxunub.  Onların arasında Ermənistan tərəfindən işğal edilmiş dörd kəndimizin danışıqlar yolu ilə geri qaytarılması, demarkasiya prosesinin başlanılması xüsusi yer tutur". 
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat bildirib ki, Qazaxın 4 kəndinin qaytarılması sadəcə ərazilərimizin vətənə qovuşdurulması anlamını daşımır, mövzu daha dərindir: "Dövlət başçısı çıxışı zamanı vurğulayıb ki, sərhəd delimitasiyası məsələsində Azərbaycan və Ermənistan olduqca konstruktiv davranış nümayiş etdirirlər. "Görünənlər bunun bir parçasıdır - bu, bir nəticədir. Lakin bu nəticə müntəzəm təmaslardan və müsbət dinamikadan qaynaqlanır" deyən Prezidentimiz bu işi konsolidasiya etməyin və irəliləməyin vacibliyini də vurğulayıb".
Musa Qasımlının sözlərinə görə, kəndlərimizin bir güllə belə atılmadan geri qaytarılması Azərbaycan Prezidentinin yürütdüyü prinsipial siyasətin nəticəsidir: "Bu həm də Ermənistan rəhbərliyinin reallığı qəbul etməsidir. Görünür, Azərbaycanın bütün qonşuları ilə, o cümlədən Ermənistanla dinc və mehriban münasibətlərdə yaşamaq istəyi müsbət nəticə verir. Rəsmi İrəvan artıq başa düşür ki, vaxtilə işğal edilmiş kəndlər sahiblərinə geri qaytarılmalıdır. Ermənistan rəhbərliyi Azərbaycanla indiyə qədər yürüdülən siyasətin yanlış olduğunu anlayır, normal münasibətlər qurmaq istəyir. Lakin Ermənistan daxilində buna müqavimət göstərən revanşist qüvvələr mövcuddur".
Deputat söyləyib k, Ermənistanın Azərbaycanla mehriban qonşuluq münasibəti yürütməsi əməkdaşlığa gətirəcək və erməni xalqı bundan faydalanacaq: "Ermənilər regiona sonradan gəlmə olsalar da, biz mehriban qonşulara çevrilməliyik. Azərbaycan xalqı müharibə istəmir, Ermənistandan qat-qat güclü olsaq da, bizə yeni müharibə, yeni itkilər lazım deyil. Qafqazın gələcəyi Qafqaz dövlətlərinin əlində, qonşuların mehriban dostluq münasibətlərində olmalıdır. Kənar qüvvələrin regiona müdaxiləsinə icazə verilməməlidir".
Musa Qasımlı Prezident İlham Əliyevin forumdakı nitqində diqqətçəkən digər məsələ - Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə də fikir bildirib. Qeyd edib ki, bu hadisə müstəsna əhəmiyyət daşıyır: "Dövlət başçısının da dediyi kimi, bu məsələlərin görünən və pərdəarxası tərəfləri var. Görünən tərəfləri ilə ictimaiyyət əvvəlcədən xəbərdar olur, pərdəarxası tərəflər isə onun nəticələrində özünü göstərir. Ümumiyyətlə, sərhədlərin delimitasiyası elə ən başından Azərbaycanın istəyi olub. Lakin indi olduğu kimi, o vaxt da buna mane olan qüvvələr olub. Fikrimcə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini digər dövlətlər topa tutmamalı, onu baltalamamalı, öz maraqlarını güdməməlidirlər. Bu proses Ermənistanla sülh çərçivəsində davam etdirilməlidir".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video