26 Aprel 2024 08:05
234
İQTİSADİYYAT
A- A+

Azərbaycan türk dünyasının daha bir ölkəsi ilə iqtisadi əlaqələrini genişləndirir

 

Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr də durmadan inkişaf edir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər bu əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Elə təkcə o faktı qeyd etmək kifayətdir ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitləri artırılır. Çünki bu imkandan istifadə etmək istəyən sahibkarlardan çoxlu müraciətlər daxil olur. Beləliklə, investisiya sahəsində qarşılıqlı fəaliyyətin yeni üfüqləri görünür.
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu göstərdi. Məsələn, Qırğızıstan energetika sahəsində böyük potensiala malikdir və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır. Eləcə də gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üçün perspektivlər mövcuddur. Nəqliyyat sahəsində də fəal əməkdaşlıq nəzərdə tutulur. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir. Buna görə də fəaliyyətlərin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.
Bu il aprelin 24-də imzalanmış sənədlər bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün məhz möhkəm baza rolunu oynayacaq. Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi hər iki ölkənin prezidentlərinin iştirakı ilə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı"nı və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi"ni imzaladılar. Məlumdur ki, bu iki ölkənin müvafiq nazirlikləri və idarələri daim təmasdadırlar, müntəzəm məsləhətləşmələr keçirir və əməkdaşlığı genişləndirirlər. İmzalanan sənədlər də məhz bu məqsədə xidmət edir. Həmin sənədlərin ümumi sayı 18-dir və xeyli hissəsi iqtisadi sahələrə aiddir. Onlardan biri "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"dur. Eləcə də "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalandı. Həmin gün imzalanan sənədlər sırasında "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol" və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" də var. Həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb.
Dövlətimizin başçısı mətbuata bəyanatında genişlənən bu əməkdaşlığın əhəmiyyətli olduğunu vurgulayıb: "Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün fonda 40-dan çox müraciət daxil olub. Ona görə də düşünürəm ki, 100 milyon dollar da son hədd deyil. Biz müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdik. Amma bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var".
Azərbaycan tərəfindən İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikilməsi nəzərdə tutulub. Bizim Ağdam rayonunda isə Qırğızıstan tərəfindən orta məktəb binası inşa ediləcək. Məktəbin tikintisini Qırğızıstan erməni vandalizmindən zərər çəkmiş regionların bərpasına özünün töhfəsi sanır. Azərbaycan və Qırgızıstan prezidentləri artıq məktəbin təməlini də qoymuşlar.
Azərbaycan və Qırğızıstan rəhbərlərinin hər il qarşılıqlı səfərlərinin həyata keçirilməsi üzrə yaxşı ənənəsi formalaşıb. Ötən il və ondan əvvəlki il Azərbaycan Prezidenti Qırğızıstanda, Qırğızıstan Prezidenti isə Azərbaycanda olub. Bu il yenidən ölkəmizə səfərə gələn Qırğızıstanın dövlət başçısı işğaldan azad olunmuş ərazilərimizi də ziyarət edib. "Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim, - deyib Prezidentimiz. Deməli, əlaqələr, tədbirlər, görüşlər davam edir. Hər bir görüş isə, dövlətimizin başçısının dediyi kimi, qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video