25 Aprel 2024 08:15
1026
İQTİSADİYYAT
A- A+

Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 20-ci əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuş, çoxşaxəli və məqsədyönlü fəaliyyəti isə Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda onun nüfuzunu xeyli yüksəltmişdir.  Azərbaycanın hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsasını da Ulu Öndər Heydər Əliyev qoymuşdur. Məhz onun tərəfindən gələcək inkişafımız üçün möhkəm təməl yaradılmışdır. 
Ümummilli Lider tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. 
Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar verməsi, fərman və sərəncamlar imzalaması özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. Ümummilli Liderin sahibkarlarla keçirilən  görüşlərinə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və 14 may tarixində xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunmuşdur. Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda  "Sahibkarlar  günü"  kimi təsis edilmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası isə 5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir.  Konfederasiya Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi kimi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarə edən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Prezident İlham Əliyev ötən 20 ildən çox müddətdə  milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. 
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün inkişaf prosesində orta təbəqənin - iqtisadi inkişafın və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsna əhəmiyyət daşıyır. Bu reallığı nəzərə alan Prezident milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz". Sahibkarlığın inkişafına münasibətdə belə ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.
Sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə mənəvi dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür. Hazırda bu nəcib missiyanı məsuliyyətlə üzərinə götürərək təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış, ölkəmizin inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinin qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir. Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilir. Müasir dünyamızın ən parlaq siyasi liderlərindən olan cənab İlham Əliyev xalqımızın mütləq səsi ilə növbəti dəfə 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Fevral ayında keçirilmiş  növbədənkənar prezident seçkilərində Azərbaycan sahibkarları da öz seçimini edərək birmənalı olaraq  cənab İlham Əliyevə səs vermişlər. Çünki keçən 20 il sübut etmişdir ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir.
Prezident seçkiləri başa çatdıqdan sonra cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında  ölkəmizdəki biznes mühiti barədə demişdir: "Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir". Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Məlum olduğu kimi,  son illər Azərbaycan xalqı üçün çox əlamətdar olmuşdur. Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk dövlət başçısıdır. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatında Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Bu gün isə Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atılır. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması indi ən prioritet məsələlərdir. Azərbaycan heç kimdən yardım almadan bu missiyanı da uğurla icra edir. Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura gedərək iqtisadi rayonlarda həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur və açılışlara qatılır. 
Hazırda Azərbaycan dövləti tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür.  Nəticədə insanlar öz yurd-yuvalarına qayıdırlar. Bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması üçün də mühüm tədbirlər həyata keçirilir. 
Prezident Ağdam rayonuna sonuncu səfəri zamanı iş adamlarına müraciət edərək onları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Azərbaycanda yeni biznes qurmaq və sahibkarlığın inkişafı üçün çox münbit şəraitin yaradıldığını vurğulayan Prezident bildirdi: "Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar".
Müxtəlif müşavirələrdə cənab İlham Əliyev çıxışında bir neçə dəfə qeyd edib: "Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın 2 ildə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar". 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  Prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir. 
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türk Ticarət və Sənaye Palatasına daxil olan dövlətlər ilə keçirilmiş görüşlərdə Qarabağa investisiya qoyulması ilə bağlı iqtisadi imkanlar müzakirə edilmişdir. Həmçinin təşkilat bütün üzvlərinə müraciət edərək şəhid ailə üzvlərinin, qazilərin işlə təminatında fəal olmağa çağırmışdır. 
İndiki şəraitdə, xüsusilə postmünaqişə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Odur ki, konfederasiya öz imkanlarından istifadə edərək, azad olunmuş ərazilərdə biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilati yardım göstərməyə hazırdır. Artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bundan sonra təkliflərin icra mərhələsinə keçid etmək lazımdır. Əminik ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağ və Şərqi Zəngəzuru yenidən dirçəldəcək, insanların hamılıqla öz doğma yurdlarına dönməsinə nail olacağıq. Bu sahədə dövlətlə özəl sektor arasında sıx dialoq, əməkdaşlıq var. 
İqtisadiyyat Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 30-dan çox ölkədən olan xarici şirkətlər dövlətimizə müraciət edərək öz layihələrini təqdim etmişlər. Bu onun nəticəsidir ki, dövlət Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yerli və xarici sahibkarları bərpa-quruculuq işlərində dəstəkləmək üçün müxtəlif stimullaşdırıcı addımlar atır. Gələcəkdə burada çalışacaq sahibkarlar müxtəlif vergi və rüsumlardan azad oluna bilərlər. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində əsas maliyyə qaynağı dövlət vəsaiti olacaq. Ancaq bu ərazilərə iri məbləğdə xarici investisiya qoyuluşu həyata keçiriləcəyi də heç kəsdə şübhə doğurmur. Ona görə ki, dövlət tərəfindən burada çalışan şirkətlərə hər cür dəstək verilir və onlar da dövlətimizə inanaraq iri layihələrdə iştirak etmək barədə müraciət edirlər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda və Şərqi Zəngəzurda iş qurmaq istəyən ölkə sahibkarlarının təkliflərini toplamaq məqsədilə işçi qrupu yaradılmış və sahibkarların təqdim etdiyi 70-ə yaxın təklif hökumətə təqdim edilmişdir. Bununla bağlı artıq bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar "yeni memarlıq", "ağıllı şəhər", "ağllı kənd", "yeni iqtisadiyyat" və digər layihələridir.
Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə müasir və təhlükəsiz yaşayışın təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezidentin müvafiq sərəncamları ilə "YAŞAT" Fondu və "Qarabağ Dirçəliş Fondu"  yaradılmışdır. Ölkə ictimaiyyətinin böyük rəğbətlə qarşıladığı bu sərəncamlardan sonra həmin fondlara ianələrin köçürülməsində Azərbaycan sahibkarları fəallıq göstərirlər. 
Ölkədə yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirmişdir. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir. 
Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Nəticədə Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Regionların yeni siyasi-iqtisadi reallığından söz açarkən, ilk növbədə, 2004-cü ildən bu günədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülmüş və hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilir. Ümumilikdə son 20 ildə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil etmişdir. 
Dövlət proqramlarının icrası nəticəsində bölgələrin siması bütünlükdə dəyişmişdir. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verilmiş, sənaye parkları, aqroparklar, fabrik və zavodların açılışı vaxtı ilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən regionlara qaytarmışdır. Hazırda həmin müəssisələrdə yüzlərlə insan çalışır.
Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır. Belə ki, sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznesplan tələbi aradan qaldırılıb. 2018-ci ildən etibarən güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib. Bu gün sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi prosesi dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir. Söz düşmüşkən  qeyd edək ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 193,8 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər sayəsində 3 mindən çox yeni iş yeri açılıb. Ayrılan kreditlərin 46,4 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 43 faizi sənaye məhsullarının istehsalı və emalına, 5,5 faizi xidmət sahəsinə, 4,5 faizi isə turizmin inkişafı üzrə layihələrə yönəlib. Güzəştli kreditlərin 72 faizi bölgələrə, 28 faizi isə Bakı və Abşeron iqtisadi rayonunda yerləşən qəsəbələrin payına düşür. Ötən il işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 4 layihəyə də güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılan güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub. Ümumilikdə 2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 42,7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyard manat güzəştli kredit verilib ki, maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılmasına nail olunub.
Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. 
Ölkədə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların  maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83 faiz, məşğulluqda isə 78 faizdən artıq təşkil etmiş, ölkədə aktiv vergi ödəyicilərinin sayı 768 mindən çox olmuşdur. 2023-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 93 faizdən çoxu özəl sektor tərəfindən yaradılmışdır.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2023-cü ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. Belə ki, Fiç Reytinq beynəlxalq kredit reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini müsbət qiymətləndirərək proqnozun "sabit"dən "pozitiv"ə doğru yüksəldiyini bildirmişdir.
Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2023-cü ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur. Qeyri-neft iqtisadiyyatımız 4 faiz artmış,  sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 67 milyard manatlıq sənaye məhsulları istehsal edilmiş, qeyri-neft-qaz sektorunda məhsul istehsalı  8,0 faiz artmışdır. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, bu sektor üzrə ümumi daxili məhsulda və ixracdakı payının aşağı düşməsi qeyri-neft sektorunun inkişaf etməsinin əsas göstəricilərindən biri olmuşdur.
2023-cü ildə Azərbaycan dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 184 ölkədən idxal əməliyyatları həyata keçirilmişdir.  
Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və sair xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası olaraq ölkəmiz 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olmuşdur. Sərəncamın icrası üçün dövlət-özəl dialoqunun dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyasına daxil olan bütün müraciətlər aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi ilə koordinasiya edilir.
Son illər ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı islahatları və görülən işləri saymaqla bitməz. Məhz bu islahatların uğurla aparılması bütün dövlət orqanlarının, xüsusilə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə adıçəkilən nazirliyin gərgin əməyi nəticəsində mümkün olmuşdur. 
Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə, bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən 1 yanvar 2024-cü il tarixədək dayandırılmış,  lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmiş, lisenziyanın verilməsinə görə dövlət rüsumları Bakıda 2, regionlar üzrə 4 dəfə azaldılmışdır. Sərmayə qoyuluşunun stimullaşdırılması üçün sahibkarlara investisiya təşviqi sənədləri verilir. Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2024-cü illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. Bütün bunlarla yanaşı, konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və  Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindən hesab olunur.
Məlum olduğu kimi, Sahibkarlar Konfederasiyası Prezidentin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvüdür. Həmin komissiyaya "Azərbaycan   Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası həvalə olunmuş və ötən dövrdə aktiv əmək müqavilələrinin sayı xeyli artmışdır. Bütün bunlar cənab Sahil Babayevin rəhbərliyi altında  Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.  
Vətən müharibəsində iştirak etmiş və fərqlənmiş gənclərimizin işlə təmin olunmaları Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında prioritet məsələ kimi durur.  Konfederasiya üzv olan sahibkarlara bu sahədə məsləhətlər verir və hüquqi yardım göstərir.
Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq şuralarıdır. Hazırda konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir. 
Bütün bunlarla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyası mütəmadi olaraq beynəlxalq əlaqələr sahəsində işini təkmilləşdirir və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq imkanlarından istifadə edir. Konfederasiya sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə fəaliyyəti ilə yanaşı, bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir. 
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə hazırda Azərbaycanın xarici ölkələrdə 12 Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft məhsulları ixracının potensialı yüksək səviyyədə reallaşdırılır. Söz düşmüşkən, 2023-cü ildə Azərbaycandan 3,4 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da 2022-ci illə müqayisədə 10 faiz çoxdur. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.
Beynəlxalq Əmək Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi və digər təşkilatlarda ölkəmizi yüksək səviyyədə təmsil edən konfederasiya hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.  Dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunması üçün hər il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin dəstəyi ilə sahibkarlıq subyektlərində çalışan mütəxəssislər üçün birgə tədbirlər keçirilir. Bundan əlavə, Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Şurası yaradılmış və şura üzvləri ilə birlikdə sahibkarlara dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir ki, bu da sahibkarlar tərəfindən aparılan idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, operativliyin təmin olunmasına xidmət edir. Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq çərçivəsində bu ilin dekabr ayında ikinci gömrük forumunun keçirilməsi planlaşdırılır.
 Azərbaycan Sahibkarlar Konfederasiyası həmçinin Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığı davam etdirərək birgə tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.
 Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir. Buna cavab olaraq sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarına rəqabətqabiliyyətli məhsullar çıxarmalı, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerlərini cəlb etməlidirlər.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, konfederasiya Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaşlı işlər aparır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar. Bütün müharibə dövründə dövlət başçısının ətrafında sıx birləşərək "dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın və Şərqi Zəngəzurun  yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirməlidirlər. 
Biz yaranmasının 25 illik yubileyini qeyd etdiyimiz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - "Sahibkarlar günü" münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanıram ki, bütün sahibkarlarımız Prezident İlham Əliyevin ətrafinda sıx birləşərək dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək rəqabətədavamlı istehsal potensialının artırılması məqsədilə öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə edərək ölkəmizin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün  bütün qüvvələrini  səfərbər edəcəklər.

Məmməd MUSAYEV,
Azərbaycan  Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video