Olimpiya oyunlarının bərpası XIX əsrə təsadüf edir. Fransız tarixçisi və idmançısı Piyer de Kuberten müasir Olimpiya oyunlarının yaradıcısıdır. Oyunları yenidən canlandırmaq ideyasını irəli sürdükdə ona minlərlə insan dəstək olmuşdu.
İlk müasir Olimpiya oyunları 1896-cı ildə Afinada keçirilmişdi. Olimpiya oyunlarının 4 ildən bir keçirilməsinin rəsmi sübutu olmasa da, deyilənlərə görə, Venera planetinin 4 il boyunca hərəkəti nəticəsində kainatda 5 guşəli ulduz əmələ gəlir ki, bu da oyunların 4 ildən bir keçirilməsini şərtləndirmişdi.
1896-cı ildən bəri keçirilən oyunlar 3 dəfə mühüm hadisələrin baş verməsi nəticəsində ləğv edilib, 1 dəfə isə ertələnib. Birinci Dünya müharibəsinə görə, 1916-cı ildə, İkinci Dünya müharibəsinə görə, 1940-1944-cü illərdə yarışlar baş tutmayıb. Günümüzü bürüyən pandemiya bəlasına görə isə 2020-ci ildə keçirilməli olan Yay Olimpiya Oyunları 2021-ci ildə təşkil olundu.
Olimpiya oyunları Yay və Qış Olimpiya Oyunları olmaqla iki yerə ayrılır. Beynəlxalq idman aləminin ən böyük və populyar müsabiqəsi kimi bu yarışma əvvəllər yalnız Yay Olimpiya Oyunlarından ibarət olub. Qış Olimpiya Oyunları ilk dəfə 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirildikdən sonra ənənə halını alıb. Yay Olimpiya Oyunları Qış Olimpiya Oyunlarına nisbətən daha əhatəli keçirilib. Məsələn, Yay Olimpiya Oyunlarına bu il 206 ölkə qatıldığı halda, 2018-ci ildə keçirilən sonuncu Qış Olimpiya Oyunlarında 92 ölkə iştirak edib.
Yay Olimpiya Oyunları, ümumilikdə, 46 idman növünü əhatə edir. Bunlara bu il 5 yeni növ karate, beysbol, sörfinq, skeytbordinq, dırmanma əlavə edilib. Həmçinin yay oyunlarında iştirak edən idmançılar geniş azarkeş kütləsi ilə qarşılaşırlar.
Qış Olimpiya Oyunları buz və qar tələb edən idman növləri olduqları üçün yarışlar keçirilə biləcəyi mövsümdə təşkil edilir. Bu yarışlarda 15 idman növündə mübarizə aparılır. Bunlara xizəksürmə, körlinq, fiqurlu konkisürmə, snovbordinq, buzüstü xokkey, skeleton və s. kimi idman növləri daxildir.