04 Sentyabr 2026 10:45
98
DÜNYA
A- A+
Miqrant böhranı: humanizm və reallıq arasındakı uçurum

Miqrant böhranı: humanizm və reallıq arasındakı uçurum


Miqrant axını dünyanın son onilliklərdə gördüyü ən böyük problemlərindən biridir. 2025-ci ilin miqrasiya mənzərəsi dünyadakı siyasi idarəetmənin uğursuzluğunu və dövlətlərin bu problem qarşısındakı acizliyini göstərən ağır bir hesabatdır.

Hazırda qlobal miqyasda 120 milyondan çox insan məcburi şəkildə didərgin düşüb ki, bu rəqəmə qaçqınlar, sığınacaq axtaranlar və köçkünlər daxildir. Dünyada doğulduğu ölkədən kənarda yaşayan beynəlxalq miqrantların ümumi sayı 304 milyon nəfərə çatıb və bu, qlobal əhalinin 3,7 faizini təşkil edir. Qanuni və təhlükəsiz miqrasiya yollarının həddən artıq məhdud olması isə insanları məcburən qeyri-qanuni və təhlükəli yollara əl atmağa sövq edir.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, ötən il dünya üzrə miqrasiya yollarında təxminən 8 min insan həyatını itirib və ya itkin düşüb. BMT-nin İtkin Düşmüş Miqrantlar Layihəsinin göstəricilərinə əsasən, bu, gündəlik orta hesabla 21 miqrantın həyatını itirməsi deməkdir. Əvvəlki ilin 9 minlik rekord göstəricisi ilə müqayisədə bu, rəqəmsal olaraq azalma kimi görünə bilər, lakin mövcud mənzərə tam həqiqəti əks etdirmir. Ekspertlərin fikrincə, ən azı 1500 hadisə hələ də təsdiqlənməmiş qalır ki, bu da real itkilərin qeyd olunan rəqəmlərdən daha çox olduğunu göstərir. Bununla da, dünya hələ də miqrasiya böhranının əsl miqyasını tam qavramaqda çətinlik çəkir.

2014-cü ildən bəri həyatını itirən miqrantların ümumi sayı isə 82 mini ötüb. Bu dəhşətli statistikanın arxasında faciədən birbaşa təsirlənən ən azı 340 min ailə üzvünün acısı dayanır.

Miqrasiya yolları arasında ən təhlükəlisi Avropaya aparan dəniz marşrutlarıdır. Statistikaya əsasən, miqrantlarla bağlı hər 10 ölüm və ya itkin düşmə halından ən azı 4-ü məhz bu istiqamətdə baş verir. Xüsusilə, Mərkəzi Aralıq dənizi marşrutu miqrant axınının ən təhlükəli və ölümcül keçidlərindən biri sayılır.

2026-cı ilin ilk aylarının statistikası da vəziyyətin dəyişmədiyini, əksinə, daha da pisləşdiyini göstərir. İlin əvvəlindən bəri Aralıq dənizində təxminən 1000 nəfərin öldüyü və ya itkin düşdüyü bildirilir. Bu isə son illərin ən ölümcül başlanğıclarından biri hesab olunur.

Son hadisələrdən biri isə vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Belə ki, Liviyanın sahillərindən yola düşən, təxminən 120 nəfərin olduğu qayıq sərt hava şəraitində batdı və 80-dən çox insan itkin düşdü. Bu kimi hadisələr mütəmadi xarakter alıb. Aralıq dənizi, bəlkə də, tarixdə heç vaxt bu qədər insanın ümidsiz səyahətinin son nöqtəsinə çevrilməyib. Miqrasiya böhranının ən dəhşətli tərəfi elə "görünməz gəmi qəzaları"dır. Heç bir qeydiyyatın aparılmadığı və cəsədlərin tapılmadığı bu hadisələr bəşəriyyətin tarixə düşməyən böyük humanitar fəlakətini əks etdirir.

Son illər miqrasiya marşrutlarının coğrafiyası dəyişdikcə, daha riskli istiqamətlər ön plana çıxmağa başlayıb. Xüsusilə, 1200-dən çox ölüm faktının qeydə alındığı Qərbi Afrika marşrutu bu təhlükənin bariz nümunəsidir. Asiyada isə mənzərə daha dramatikdir. Belə ki, Myanmadakı zorakılıqdan xilas olmağa çalışan Rohingya müsəlmanları və Banqladeşdəki düşərgələrdə çıxılmaz vəziyyətdə qalan qaçqınlar dəniz yolu ilə ən təhlükəli səyahətlərə üz tuturlar. Bütün bu faktlar tək bir həqiqəti təsdiqləyir ki, miqrasiya bir çoxları üçün yeganə məcburi çıxış yoludur.

Avropa hər zaman insan hüquqlarının müdafiəsini önə çəkir. Lakin miqrasiya məsələsində bu prinsiplər özünü doğrultmur. Sərhədlərin bağlanması, sığınacaq almağın çətinləşməsi və miqrantların geri qaytarılması onların vəziyyətini daha da ağırlaşdırır. Bəzən insanların ölkəyə daxil olmasına belə icazə verilmir ki, bu da beynəlxalq sığınacaq hüququnun pozulmasıdır. Aydın məsələdir ki, təhlükəsizlik və idarəetmə vacibdir. Amma sual yaranır, insan həyatından daha vacib nə ola bilər?

2022-ci il Ukraynadakı hadisələr zamanı Avropanın nümayiş etdirdiyi genişmiqyaslı dəstək və milyonlarla insana verilən müvəqqəti qoruma statusu mühüm bir humanitar addım idi. Lakin bu yanaşma Avropanın miqrasiya siyasətindəki aşkar ikili standartları da üzə çıxardı. Belə ki, Afrika və Yaxın Şərqdən gəlib sığınacaq axtaranlara qarşı tətbiq edilən sərt sərhəd rejimi, çətinləşdirilmiş prosedurlar və soyuq münasibət humanizmin hüdudlarının harada bitdiyini göstərir. Belə bir ayrı-seçkilik bəşəri dəyərlərin coğrafi və siyasi maraqlara qurban verilməsindən başqa bir şey deyil.

Miqrantların həyatına dərindən baxdıqda, üzləşdikləri mənzərə daha ağrılı görünür. Onlar üçün çətinliklər üz tutduqları ölkələrdə də ağır sınaqlarla davam edir. Hüquqi maneələr, cəmiyyətdən təcrid olunma, işsizlik və zaman-zaman rast gəldikləri açıq düşmənçilik bu insanların həyatını dözülməz edir. Onu qeyd edək ki, bir çox miqrantın "ümid qapısı" kimi gördüyü Avropa, əslində, yeni və daha mürəkkəb problemlərin başlanğıcıdır.

Bəs dünya bu faciələrə daha nə qədər tamaşa edəcək? Görünən odur ki, ən böyük problem bəşəriyyətin başqasının ağrısına getdikcə alışması və bu dramı sadə bir statistikaya çevirməsidir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Miqrant böhranı: humanizm və reallıq arasındakı uçurum

10:45
04 Sentyabr

"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalada

10:35
04 Sentyabr

Sonrakı peşmanlıq

10:30
04 Sentyabr

Məqsədimiz Şabranın yaşıl rayona çevrilməsinə dəstək verməkdir

10:20
04 Sentyabr

Sumqayıtın 237 məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

10:10
04 Sentyabr

Burada çayların suyu enerjiyə çevrilir

10:00
04 Sentyabr

Şəmkir: əkinçilikdə də, heyvandarlıqda da göstəricilər müsbətdir

09:50
04 Sentyabr

Goranboyda 1-ci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib

09:40
04 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!