Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə Avrasiya regionunda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan, Avrasiya məkanında mühüm iqtisadi potensiala malik olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan üçün regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platformalardan biridir.
ŞƏT-ə üzv dövlətlərlə iqtisadi münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi və region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni imkanlar formalaşdırır. Həmin imkanların reallaşdırılması isə Azərbaycanın ŞƏT çərçivəsində iqtisadi əlaqələrinin mövcud vəziyyətinin və əsas inkişaf istiqamətlərinin araşdırılmasını ön plana çıxarır. Elə buradaca vurğulayaq ki, ŞƏT Avrasiya məkanında geniş iqtisadi potensiala malik dövlətləri bir araya gətirən regional platformadır. Təşkilata üzv ölkələrin böyük istehlak bazarları, zəngin təbii ehtiyatları və geniş nəqliyyat imkanları ŞƏT çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır.
Qeyd edək ki, Azərbaycanın ŞƏT ölkələri ilə iqtisadi əlaqələri son illər daha çox genişlənməkdədir. Xüsusilə Çin, Rusiya, Qazaxıstan və Özbəkistan kimi ölkələrlə ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlıq Azərbaycanın regiondakı iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaradır. Azərbaycanın tranzit mövqeyi və Orta dəhliz üzrə artan imkanları isə ŞƏT məkanı ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafında ölkənin rolunu gücləndirir.
Bu əlaqələrin miqyasını son illərin ticarət göstəriciləri də aydın nümayiş etdirir. 2025-ci ilin yekunlarına görə, Azərbaycanın əsas ŞƏT tərəfdaşları sırasında Çin, Rusiya, Qazaxıstan, Özbəkistan və Hindistan mühüm yer tutur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 10 faiz, Çinin payı 9,9 faiz, Özbəkistanın payı 1,6 faiz, Qazaxıstanın payı1,4 faiz, Hindistanın isə 0,8 faiz təşkil edib.
Faktlar Azərbaycanın ŞƏT ölkələri ilə iqtisadi əlaqələrinin kifayət qədər geniş coğrafiyaya malik olduğunu göstərməklə yanaşı, həmin əlaqələrin daha çox inkişaf etdirilməsi üçün mövcud potensialı da ortaya qoyur. Ona görə də Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısında iştirakı Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Dünya iqtisadiyyatının dörddəbirini təmsil edən bu nəhəng platforma ilə tərəfdaşlıq Azərbaycanın qlobal diplomatik çəkisini artırmaqla yanaşı, yeni investisiya imkanlarının cəlb edilməsi, "yaşıl enerji" layihələrinin təşviqi və Asiya bazarları ilə iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi baxımından strateji perspektivlər açır.
İqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov da məsələyə diqqət çəkərək, dövlət başçısının Zirvə toplantısında iştirakının Azərbaycan üçün yeni iqtisadi imkanlar yarada biləcəyini qeyd edir. Onun sözlərinə görə, İlham Əliyevin Zirvə görüşündə iştirakı və müzakirə edilən məsələlər Azərbaycanın ŞƏT-ə üzv olan bir sıra ölkələrlə iqtisadi əlaqələrini daha da gücləndirəcək: "Nəzərə alaq ki, bu, təşkilatın 25 illiyinə həsr olunmuş bir tədbirdir. 17 dövlətin rəhbərinin iştirak etdiyi böyük və nüfuzlu bir tədbirdir. Və təbii ki, bu baxımdan da görüşlər və müzakirələr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə münasibətlərinə birbaşa təsir göstərəcək. Bu, sərmayənin cəlb edilməsi, xüsusən ticarət dövriyyəsinin artırılması baxımından da bir imkandır".
ŞƏT ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından Azərbaycanın nəqliyyat və logistika imkanları da xüsusi diqqət çəkir. Bu imkanlar sırasında isə Orta dəhliz mühüm yer tutur. Xüsusilə Orta dəhlizin imkanları ŞƏT ölkələri üçün böyük əhəmiyyət daşıyır. Çindən Avropaya qədər uzanan bu marşrut Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə Avropa bazarları ilə birləşdirir. Bu baxımdan, Azərbaycan Orta dəhlizin əsas və strateji halqalarından biridir.
Təbii ki, Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığı yalnız mövcud əlaqələrin genişləndirilməsi deyil, yeni bazarlara çıxış və əlavə investisiyaların cəlb edilməsinə görə də əhəmiyyətlidir. Qarşıdakı dövrdə bu imkanlardan səmərəli istifadə Azərbaycanın xarici iqtisadi əlaqələrinin bir qədər də şaxələndirilməsinə və Avrasiya məkanında iqtisadi əməkdaşlığının güclənməsinə töhfə verə bilər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"