Azərbaycanda sənayeləşmə istiqamətində atılan addımlar tədricən öz bəhrəsini verir. Müasir texnologiyaların tətbiqi ilə yaradılan yeni sənaye müəssisələrində istehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, dünya bazarına da ixrac edilir.
İndi belə müəssisələr təkcə Bakı və Sumqayıtda yaradılmır, regionlarda da sənaye obyektləri tikilir. Xüsusən işğaldan azad olunmuş ərazilərdə müasir texnologiyalarla təchiz edilmiş müəssisələrin yaradılmasına fikir verilir. Sənayeləşmə siyasətinin nəticələrini dövlət büdcəsinin formalaşmasında da görmək mümkündür. Əvvəllər büdcə əsasən neft-qaz gəlirləri, gömrük resursları və vergidən əldə olunan vəsaitlər hesabına formalaşırdısa, indi dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sənayesindən əldə olunan gəlirlərin payının artdığı öz əksini tapır.
İstehsal edilən qeyri-neft-qaz məhsullarının çəkisinin yüksəlməsi ixracda da hiss olunur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın 2026-cı il üzrə avqust sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard dollara çatıb. Cari ilin iyul ayında isə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon dollar olub.
Bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 123 milyon, qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon dollar təşkil edib.
İcra olunan aqrar islahatlar ölkədə məhsulun istehsalı kimi ixracının da artmasına imkan yaradıb. Əvvəllər idxal etdiyimiz bir çox məhsulları indi ixrac edirik. İİTKM-nin hesabatında bildirilir ki, aqrar məhsulların ixracının dəyəri 22,1 faiz artaraq 673,4 milyon, aqrar sənaye məhsullarının ixracının dəyəri isə 24,8 faiz artaraq 223,1 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 22,8 faiz artaraq 896,4 milyon dollara bərabər olub.
Bu ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Tabaterra" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "Afa Export" MMC təmsil olunublar. Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.
Cari ilin 6 ayında həmçinin "Azərkosmos" tərəfindən dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə 15,2 milyon dollar dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 62 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracından daha çox Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Misir yararlanıb.
Rüstəm KAMAL,
"Azərbaycan"