Malayziyanın “Bernama” agentliyi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) geniş şəkildə işıqlandırılmaqda davam edir.
AZƏRTAC-a istinadla yayımlanan materiallarda Bakıda keçirilən WUF13-ün qlobal şəhərsalma gündəliyində artan rolu, Malayziyanın beynəlxalq əməkdaşlıq təşəbbüsləri və tədbir çərçivəsində irəli sürülən yeni urban inkişaf yanaşmaları qeyd edilir.
Məlumatlarda WUF13-ün 180-dən çox ölkədən minlərlə iştirakçını bir araya gətirdiyi bildirilir. Vurğulanır ki, tədbirin əsas məqsədi dayanıqlı, inklüziv və təhlükəsiz şəhərlərin inkişafı üzrə qlobal əməkdaşlığın gücləndirilməsidir.
Diqqətə çatdırılır ki, Malayziyanın mənzil və yerli idarəetmə naziri, eyni zamanda, UN-Habitat Assambleyasının prezidenti Nqa Kor Minq Bakıya səfəri çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəhbərliyi ilə yüksəksəviyyəli görüşlər də keçirib. Burada o, şəhərlərin yaşanılabilən olması, rəqəmsal urbanizasiya və Könüllü Yerli İcmal (VLR) mexanizmlərinin inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
Agentlik yazır ki, Malayziya WUF13 çərçivəsində bir sıra təşəbbüslər də irəli sürüb. Onların sırasında “Qlobal Şəhər Yaşanılabilənlik Mükəmməllik Mərkəzi”, süni intellekt və böyük verilənlərə əsaslanan “Rəqəmsal Urbanizasiya Laboratoriyası”, həmçinin inkişaf etməkdə olan ölkələr üçün VLR təcrübə mübadiləsini dəstəkləyəcək “Qlobal VLR Həmrəylik Fondu” yer alır.
Xəbərlərdə, həmçinin “Yeni Şəhər Gündəliyi” çərçivəsində keçirilən Liderlər Sammiti və müxtəlif assambleyaların fəaliyyəti barədə məlumat verilir. Vurğulanır ki, bu platformalar şəhərsalma, sosial inklüzivlik və iqlim dayanıqlılığı üzrə qlobal siyasətlərin müzakirəsi üçün mühüm imkan yaradır.