Fiziki məhdudiyyətli insanların evlə təmin olunmasını əlçatan etməliyik. Tikilən binalar fiziki məhdudiyyətli insanlar üçün əlçatan deyilsə, rəqəmsallaşdırma imkanları yaradılmırsa, o zaman bu, artıq məskunlaşma sayıla bilməz.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Gözdən Əlillər Birliyinin prezidenti Santoş Kumar Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, dünyada insanları evlə təmin etmək iqtisadi inkişafla əlaqəlidir.
“Bunun sosial tərəfləri də var. Əgər iqtisadiyyat təzyiq altındadırsa bu, o deməkdir ki, evləri satın almaq istədiyimiz kimi ola bilmir. İnsanların evlə təmin edilməsi daşınmaz əmlak üçün investisiya deməkdir. Bəzi ölkələrin binalarının dizaynında da inkişaf görürük. Məsələn, Hindistanda bəzi əlçatanlıqla əlaqəli işlər görülür. Bəzi Avropa ölkələrində sosial evlər təmin etmək proqramları var. Orada da xüsusi insanlar üçün imkanlar yaradılır, xüsusi nəqliyyat təmin edilir, həm də ictimai dəstək sistemi qurulur. Əlçatanlıq sonradan qurulmamalıdır. İnklüziv şəkildə əvvəldən nəzərə alınanda bundan təkcə fiziki məhdudiyyətli insanlar deyil, digər kateqoriyadan olan insanlar, qadınlar və uşaqlar da yararlana bilər.
Təəssüf ki, mənzilə sosial funksiya kimi deyil, iqtisadi artım funksiyası kimi baxılır ki, bu da son dərəcə yanlışdır. Mənzil ləyaqət və inklüzivliyin rəmzidir, lakin onun yanlış anlaşılması səbəbindən milyonlarla əlilliyi olan insan təcrid və mənzil çatışmazlığından əziyyət çəkməkdə davam edir. Əgər mənzil inklüziv şəkildə layihələndirilibsə, bu, hər kəsə fayda verir. Ona görə də mənzil xeyriyyəçilik yanaşması deyil, insanların hüquqi haqqına çevrilməlidir”, - deyə S.Kumar qeyd edib.