Prezident İlham Əliyevin 31 iyul 2023-cü il
tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis
edilməsi və 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu qədim şəhərin
Azərbaycanın dövlətçilik tarixindəki xüsusi yerini göstərir.
İşğal nəticəsində Laçının yaşayış məntəqələri,
tarixi və mədəni irsi dağıdıldı, şəhər və kəndlər viran qoyuldu,
300-dən artıq hərbi və mülki şəxs həlak oldu və
ya itkin düşdü.
Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın
qazandığı böyük Zəfər bu acı tarixə son qoydu. Üçtərəfli Bəyanata uyğun olaraq
2020-ci il dekabrın 1-də Laçın rayonu 1 güllə atmadan, itki vermədən Azərbaycana
qaytarıldı. Bununla belə, Laçın şəhəri və rayonun bir sıra yaşayış məntəqələri
hələ də Azərbaycanın tam nəzarətində deyildi. 2022-ci il avqustun 26-da Azərbaycan
Ordusunun bölmələrinin Laçın şəhərinə daxil olması, şəhərin, Zabux və Sus kəndlərinin
nəzarətə götürülməsi ilə Laçının tam azadlığı istiqamətində tarixi mərhələ
başlandı. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan
Bayrağını ucaltması isə bu qələbənin rəmzinə çevrildi.
Cənab Prezidentin söylədiyi kimi, “2023-cü
ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər
irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı.”
1923-cü ildə şəhər statusu alan Laçın bu gün
öz tarixinin ən mühüm və inkişaf dolu mərhələlərindən birini yaşayır.
Vətən müharibəsindən sonra Laçın istiqaməti Azərbaycanın
suverenliyi baxımından xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri olaraq
qalırdı. Ermənistan və separatçı qüvvələr Laçın yolundan müxtəlif məqsədlərlə
istifadə etməyə çalışır, bölgədə vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətdə
yanlış təsəvvür yaratmaq üçün müxtəlif kampaniyalar aparırdılar.
Azərbaycan isə öz ərazisində təhlükəsizliyi təmin
etmək hüququndan geri çəkilmədi. 2023-cü ilin aprelində Ermənistanla sərhəddə
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz dövlət sərhədlərinə
nəzarəti tam təmin etməsi baxımından mühüm addım oldu.
Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün və
suverenliyinin tam bərpası prosesinin mühüm mərhələsi idi. Eyni zamanda, Laçın
istiqamətində təhlükəsizliyin təmin olunması bütövlükdə regionda sabitliyin və
yeni reallıqların möhkəmlənməsinə xidmət etdi.
Laçının bugünkü siması Azərbaycanın Zəfərdən
sonrakı quruculuq siyasətinin ən parlaq nümunələrindən biridir. İşğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Laçında
genişmiqyaslı tikinti və bərpa işləri aparılır.
2023-cü il mayın 28-də – Müstəqillik Günündə
Laçın sakinlərinin doğma şəhərə qayıdışı xüsusi rəmzi məna daşıyırdı. Həmin gün
Prezident İlham Əliyev Laçına qayıdan ilk sakinlərə yeni mənzillərin açarlarını
təqdim etdi.
Dövlət başçımızın həmin gün qeyd etdiyi kimi,
“bu qayıdışın məhz Müstəqillik Günündə başlaması böyük rəmzi məna daşıyırdı.
Çünki müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, qarşıya qoyduğu
strateji məqsədlərə nail olmaq qüdrətində olduğunu nümayiş etdirmişdi.”
Bu gün Laçında quruculuq işləri geniş vüsət
alıb. Yeni yaşayış binaları, fərdi evlər, sosial obyektlər, yollar və digər
infrastruktur layihələri şəhərin müasir simasını formalaşdırır.
Böyük Qayıdış Proqramı çərçivəsində Laçın şəhərində
daimi məskunlaşma təmin edilib.
Laçının yenidən qurulması şəhərin həm yaşayış
məkanı, həm də mühüm iqtisadi, turizm və nəqliyyat mərkəzi kimi inkişaf
etdirilməsini nəzərdə tutur. Şəhərin təbiəti, su ehtiyatları və zəngin tarixi-mədəni
irsi onun turizm potensialını artırır. Buna uyğun olaraq turizm infrastrukturu
formalaşdırılır, yeni xidmət və istirahət məkanları yaradılır.
Bərpa-quruculuq prosesi istehsal müəssisələrinin
yaradılması ilə paralel aparılır. Bu isə həm iqtisadi fəallığın artırılmasına,
həm də doğma yurda qayıdan insanların məşğulluğunun təmin edilməsinə mühüm töhfə
verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi və
genişləndirilməsi isə Laçının regionun iqtisadi həyatına daha sıx
inteqrasiyasına imkan yaradır.
2025-ci il Müstəqillik Günündə Laçının Azərbaycan,
Türkiyə və Pakistan liderlərinin zirvə görüşünə ev sahibliyi etməsi şəhərin həm
də mühüm siyasi məkan kimi formalaşdığını göstərdi.
Qardaş və müttəfiq ölkələrin liderlərinin
Laçında bir araya gəlməsi Azərbaycanın yaratdığı yeni reallığın mühüm siyasi
mesajlarından biri idi. Bir vaxtlar işğal və münaqişə ilə assosiasiya olunan
Laçın artıq əməkdaşlıq, tərəfdaşlıq, quruculuq məkanına çevrilib.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə
verilməsi də şəhərin və bütövlükdə Qarabağın inkişafında mühüm hadisədir. Hava
limanı bölgənin nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, Laçının beynəlxalq
əhəmiyyətini və turizm potensialını daha da artırır.
Bu gün Laçın şəhərinə nəzər saldıqda qarşıda
iki fərqli mənzərə canlanır: bir tərəfdə işğalın viran qoyduğu şəhər, digər tərəfdə
isə Azərbaycan dövlətinin qısa müddətdə yenidən qurduğu müasir Laçın.
Laçın rayonunun işğaldan azad olunmasından ötən
müddət ərzində burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri
Azərbaycanın Qarabağda yaratdığı yeni reallığın ən parlaq nümunələrindən birinə
çevrilib.
Laçında aparılan quruculuq işlərinin miqyası
ilk növbədə yaşayış fondunun bərpasında özünü göstərir. Ümumilikdə rayonda
1000-dən çox yaşayış evi tikilib və bərpa edilib.
Laçının kəndləri də sosial və iqtisadi infrastrukturu olan müasir
yaşayış məkanları kimi formalaşdırılır.
Burada diqqətçəkən məqam iş yerlərinin
yaradılmasında yerli əhalinin üstünlük təşkil etməsidir. Beləliklə, quruculuq
prosesi doğma yurduna qayıdan əhali üçün yeni məşğulluq imkanları yaradır.
Həyata keçirilən layihələr Laçının iqtisadi
inkişaf modelində kənd təsərrüfatı və emal sənayesinin inkişafına imkan verir.
Yəni söhbət həm xammal istehsalından, həm də dəyər yaradan müəssisələrin
formalaşdırılmasından gedir.
2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay”
su anbarı isə Laçının hüdudlarını aşan regional əhəmiyyətli layihədir. Layihənin
reallaşması nəticəsində böyük su ehtiyatının formalaşdırılması, uzun magistral
boru kəmərinin çəkilməsi və bir sıra rayonların keyfiyyətli içməli su ilə təmin
olunması nəzərdə tutulur.
Layihənin mühüm tərəflərindən biri də su
anbarından qidalanan magistral kəmər üzərində üç su elektrik stansiyasının
yaradılmasının planlaşdırılmasıdır. Bu, su ehtiyatlarından kompleks və səmərəli
istifadə baxımından əhəmiyyətlidir.
Laçının yenidən qurulmasında müasir şəhərsalma
prinsipləri ilə yanaşı, ekoloji yanaşmalar da tətbiq olunur. Zabux və Bəylik kəndlərində
yaşayış evlərinin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl
enerji”dən istifadə edilməsi bunun konkret nümunəsidir.
Günəş panellərinin tətbiqi, ekoloji cəhətdən təmiz
istehsal müəssisələrinin yaradılması və təbii landşaftın qorunmasına yönəlmiş
yanaşmalar Laçının gələcəkdə “yaşıl” və dayanıqlı yaşayış məkanlarından biri
kimi formalaşmasına imkan verir.
Laçının 2025-ci ildə MDB-nin “mədəniyyət
paytaxtı” elan edilməsi isə şəhərin mədəni potensialının beynəlxalq səviyyədə təqdim
olunması baxımından mühüm hadisədir. Bu status Laçının mədəniyyət, yaradıcılıq
və humanitar əməkdaşlıq məkanı kimi tanınmasına xidmət edib.
Cənab Prezident son 6 ildə Laçına 9 dəfə səfər
edib və bu səfərlərin hər biri Laçının bərpasının ayrı-ayrı mərhələlərini əks
etdirir. Cənab Prezidentin mütəmadi səfərləri həm də dövlətin azad edilmiş ərazilərin
bərpasına verdiyi siyasi əhəmiyyətin və prosesə birbaşa nəzarətin göstəricisidir.
Bir sözlə, yenidən qurulan Laçının yeni siması
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa siyasətinin
mahiyyətini əks etdirir.
Nigar Məmmədova,
Milli Məclisin deputatı