08 Oktyabr 2026 16:13
161
SİYASƏT
A- A+
İtkin talelər, gecikən beynəlxalq ədalət   

İtkin talelər, gecikən beynəlxalq ədalət   


Minlərlə azərbaycanlı barədə məlumat verməyən Ermənistan törətdiyi hərbi cinayət əməllərinin məsuliyyətindən yayınır


Azərbaycan xalqının yaddaşında dərin izlər qoymuş ən ağrılı yaralardan biri Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə soydaşımızın naməlum taleyidir. Müharibə başa çatsa da, illərdir doğmalarından xəbərsiz qalan ailələrin ümidli gözləri hələ də yoldadır. Bu gün azad olunmuş torpaqlarda aşkarlanan kütləvi məzarlıqlar insanlıq dramını gözlər önünə sərir. Biz itkin doğmasının faciəvi ölümünə yanan, eyni zamanda illər sonra onun kiçik bir nişanəsini tapmaqla təsəlli tapıb ağlayan insanların sarsıdıcı hisslərinə şahid oluruq. Xalqımızın başına gətirilən bu dəhşətli müsibətlər qan yaddaşımızdır və zaman keçsə də, bu tarixi həqiqətlər heç vaxt unudulmayacaq.


Ümumbəşəri humanitar problem


İtkin insanların taleyi yalnız bizim cəmiyyəti yox, bəşəriyyəti düşündürməli olan beynəlxalq humanitar faciədir. “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, itkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir: “Biz bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşırıq”.

Müharibənin acı nəticələrini aradan qaldırmaq, taleyi qaranlıq qalan hər bir vətəndaşın aqibətinə aydınlıq gətirmək bu gün Azərbaycan dövlətinin prioriteti və mənəvi öhdəliyidir.

Ermənistanın otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində aralarında uşaqlar, qadınlar və ahılların da olduğu minlərlə azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Təəssüf ki, uzun illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla müvafiq beynəlxalq qurumların bu istiqamətdə fəaliyyəti gözlənilən nəticəni verməyib. 

Ermənistan tərəfi isə nə işğal dövründə, nə də Vətən müharibəsindən sonra taleyi naməlum olan vətəndaşlarımızla bağlı heç bir məlumat təqdim etməyib. Təcavüzkarın məqsədi törədilmiş dəhşətli hərbi cinayətləri, əsirlərə, girovlara verilən insanlıqdan kənar işgəncələri və kütləvi qətliamları gizlətməkdir.

2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün tamamilə yeni şərait yaratdı. Azad olunmuş ərazilər minalardan təmizləndikcə, erməni faşizminin qanlı izləri bir-bir üzə çıxır. Xocalıda, Şuşada, Füzulidə, Xocavənddə və digər bölgələrimizdə ard-arda kütləvi məzarlıqlar aşkarlanıb.

Aşkar olunan insan qalıqları üzərində aparılan ekspertizalar azərbaycanlı əsir və girovların xüsusi amansızlıqla qətlə yetirildiyini, işgəncələrə məruz qaldığını sübut edir. Prezident İlham Əliyev sözügedən müraciətində bu barədə qeyd edib ki, əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: “Bu əməllərə hüquqi qiymət verilməlidir”.

 

Qanlı əməllərin statistikası 


Oktyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyatdadır. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var

Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların yerlərinin müəyyənləşdirilməsi, qazıntı, ekshumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib. İtkinlərin yaxın qohumlarından, ümumilikdə 11 min 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib.

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev məlumat verib ki, 2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya olunub. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır.


“İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”


Azərbaycanın öz suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda dayanıqlı sülh üçün tarixi imkan yaradıb. Lakin siyasi razılaşmalarla yanaşı, sülhün bərqərar olunması üçün humanitar faciələrin nəticələri də aradan qaldırılmalıdır.

Bakı Dialoqunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev Ermənistanın qarşısında duran açıq öhdəliyi belə ifadə edib: “İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”.

Ermənistanın dəqiq xəritələri və arxiv məlumatlarını verməsi yalnız hüquqi öhdəlik deyil, həm də qarşılıqlı etimadın yaradılması üçün əməli sınaqdır.

Azərbaycan dövləti bu faciə ilə üzləşmiş hər bir ailənin acısını bölüşür və itkin düşmüş heç bir vətəndaşını unutmur. Bakının BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü də məhz bu ümumbəşəri problemin qlobal səviyyədə həllinə töhfə vermək məqsədi daşıyır.

Beynəlxalq ictimaiyyətin və nüfuzlu təşkilatların bu günə qədər itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı Ermənistana heç bir təsir, təzyiq göstərməməsi, əslində, ikili standartların növbəti təzahürüdür. Lakin Azərbaycan heç kimdən mərhəmət gözləmədi. Öz gücü, dəmir iradəsi və Ordusunun şücaəti ilə İlahi ədaləti bərpa etdi. Torpaqlarımız işğaldan azad olundu, Qarabağdakı quldur yuvası tamamilə məhv edilərək dövlət suverenliyimiz təmin edildi. Erməni faşizminin qurbanı olan  soydaşlarımızın qisası döyüş meydanında alındı.

Azərbaycan ədaləti həm də hüquq müstəvisində bərqərar etdi. Birinci Qarabağ müharibəsində dinc azərbaycanlılara dəhşətli işgəncələr verən, insanları amansızlıqla qətlə yetirən erməni canilərin Bakıda ədalət məhkəməsi qarşısına çıxarılması və layiqli cəzalarını alması bunun bariz sübutudur. 

Qarabağ və Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın dövlət səviyyəsində törətdiyi hərbi cinayətlərin təkzibolunmaz maddi sübutlarıdır. İrəvan məsuliyyətdən yayınmağa, arxivləri gizlətməyə və kütləvi basdırılma yerlərinin xəritələrini verməməyə çalışsa da, bu dəhşətli faktların qarşısında acizdir. Minalar təmizləndikcə üzə çıxan hər bir kütləvi məzarlıq təcavüzkar ölkənin qanlı maskasını cırır və Ermənistan törətdiyi vandalizmə, soyqırımlara və insanlıq əleyhinə cinayətlərə görə beynəlxalq hüquq qarşısında mütləq cavab verəcək.

 Azərbaycan dövləti sonuncu itkin vətəndaşının aqibətinə aydınlıq gətirilənədək, onların hər birinin kimiliyi müəyyən olunub doğmalarına təhvil verilənədək bu istiqamətdəki fəaliyyətini davam etdirəcək. Bu, zərərçəkən ailələr qarşısında mənəvi borc olmaqla yanaşı, həm də dövlətimizin milli ləyaqət məsələsidir. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-dən uşaqlarda piylənmə ilə bağlı həyəcan təbili  

16:49
08 Oktyabr

İki qardaş xalqın Xəzərdən keçən yolu  

16:44
08 Oktyabr

Azərbaycanın bərqərar etdiyi sabitlik  

16:34
08 Oktyabr

İtkin talelər, gecikən beynəlxalq ədalət   

16:13
08 Oktyabr

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər  

16:10
08 Oktyabr

“ChatGPT” daha vizual olur: “OpenAI” yeni funksiyanı təqdim edib  

16:04
08 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasında hərbi güc amili   

15:51
08 Oktyabr

Avropanın kosmos hədəfləri müzakirə olunub  

15:47
08 Oktyabr

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

15:32
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!