“ChatGPT” yaxın zamanda daha vizual xarakter alacaq. “OpenAI” şirkəti yeni “GPT-6” modeli ilə birlikdə “Intelligent UI” adlandırdığı yeni interfeysi təqdim edir. Bu yenilik istifadəçilərin söhbətlərinə daha çox vizual və interaktiv elementlərin inteqrasiya olunmasını nəzərdə tutur. Bu vizualların böyük hissəsi interaktiv olacaq. Yəni çatbot yalnız statik və sadə illüstrasiyalar təqdim etməyəcək. Bunun əvəzinə, istifadəçilər cavablar daxilində toxunaraq istifadə edə biləcəkləri düymələr, konkret tapşırıq üçün hazırlanmış kalkulyatorlar, interaktiv qrafiklər, redaktə edilə bilən diaqramlar və digər funksional elementlərlə qarşılaşacaqlar.
Şirkətin əsas məqsədi mürəkkəb mövzuların öyrənilməsini asanlaşdırmaqdır. Yeni yanaşmanın “ChatGPT”ni daha əlçatan və istifadəsi rahat etməsi, həmçinin daha geniş auditoriyaya çatmasına kömək göstərməsi də gözlənilir. “OpenAI”nin məhsul meneceri Aarush Selvan bildirib ki, “ChatGPT” indiyədək əsasən mətn əsaslı interfeysə malik olub. Lakin şirkətin məqsədi istifadəçilərə sadəcə məlumat vermək deyil, həm də onların konkret işləri daha asan yerinə yetirməsinə kömək etməkdir.
Selvanın sözlərinə görə, resept və ya səyahət planlaşdırmaq, yaxud hansısa mövzunu öyrənmək kimi gündəlik tapşırıqlarda ən faydalı cavablar həmişə yalnız mətndən ibarət olmur. Məsələn, universitet tələbəsi təyyarə qanadının necə işlədiyini öyrənmək istəsə, “ChatGPT”yə “Təyyarə qanadı qaldırma qüvvəsini necə yaradır?” sualını verə bilər. Sistem isə təyyarənin havada qalmasını izah etmək üçün bir neçə diaqramı qısa müddətdə hazırlayacaq.
Şirkətin nümayiş etdirdiyi digər nümunələr arasında reseptlər üçün vizual izahlar, velosipedin mexanizmini göstərən diaqram, bir neçə günlük yürüş marşrutu üçün xəritə, şəxsi yığım və büdcə planlaması üçün kalkulyator və digər interaktiv vasitələr yer alıb. Yeni funksiyanı fərdiləşdirilmək mümkündür. İstifadəçi cavablarda həddindən artıq vizual element görmək istəmədikdə, onların sayını azaltmaq imkanına malik olacaq.
Yeni yanaşma “ChatGPT”nin sadəcə mətn cavabları verən çatbotdan daha çox, istifadəçi ilə qarşılıqlı əlaqədə olan vizual və interaktiv köməkçiyə çevrilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”